Tanınmış rejissor 60 minlik “100 kağız”ını jurnalistlərə göstərdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Tanınmış rejissor 60 minlik “100 kağız”ını jurnalistlərə göstərdi - FOTOLAR

Bir vaxtlar ən bahalı klipləri ekranlaşdıran, amma son illər şou aləmindən uzaqlaşan rejissor Şahin Zəkizadə yeni filmi ilə gündəmə gəlib.

Publika.az-ın məlumatına görə, “28 sinema”da rejissorun yozumunda ərsəyə gələn "100 kağız” adlı filmin çəkilişləri ilə bağlı mətbuat konfransı baş tutub.

Komediya janrında lentə alınan filmdə xalq artistləri Valeh Kərimov, Arif Quliyev, əməkdar artistlər Naibə Allahverdiyeva, Dilarə Əliyeva, aktyorlar Bəhram Bağırzadə, Azər Axşam və digərləri rol alıblar.

Film barədə məlumat verən Şahin Zəkizadə ekran işinin maraqlı süjet üzərində qurulduğunu bildirib: “Filmin əsas süjet xətti yüz manatlıq əskinas üzərində qurulub. Əskinas əldən-ələ keçərək sahibini dəyişir. Əskinasa sahib olan insanlar müxtəlif təbəqə və peşənin nümayəndələridir. Onların arasında yol polisi, müğənni, falçı, molla və başqaları var”.

Filmin ssenarisinin 14 il bundan əvvəl yazıldığını deyən rejissor filmin büdcəsi ilə bağlı əvvəl danışmaq istəməsə də, sonra qiymət açıqlayıb. Bəlli oldu ki, “100 kağız” 60 min manata ərsəyə gəlib.

Filmdə rol alan aktyorlar da ekran işi ilə bağlı fikirlərini bölüşüb.

Əməkdar artist Dilarə Əliyeva yeni rolunu bəyəndiyni deyib: “Sözün düzü, bu, mənim üçün tamamilə yeni bir obraz idi. Şahin Zəkizadəyə inanıb bu rolu canlandırdım. Çünki bilirdim ki, Şahin peşəkar rejissordur və öz işinin bilicisidir. İnanıram ki, tamaşaçılar məni bu rolda bəyənəcəklər.

Gənclərlə işləməkdən zövq aldığını deyən xalq artisti Arif Quliyev çəkilişlərdən məmnun qaldığını deyib: “Filmdə oynadığım obraz qanmaz, heç nə anlamayan, yalnız öz bildiyini edən bir insandır. Ömründə ona bir iş tapşırırlar, onu da yarıtmır. Rol çox xoşuma gəldi və yəqin ki, tamaşaçıların da xoşuna gələcək. Bu film həm də ona görə maraqlı olacaq ki, burda seyrçi həm güləcək, həm də düşünəcək. Filmin uğuru da elə bundadır”.

Aktyor Azər Axşam isə fikirlərini yarızarafat-yarıgerçək ifadə belə edib: “Filmin büdcəsi çox böyükdür. Çəkiliş üçün milyon veriblər, onun da 900 min manatı Şahin Zəkizadədir. Ən əsası budur ki, film mükəmməl ssenari əsasında lentə alınıb. Bu da çox önəmlidir. Çünki bu gün çoxlu sayda filmlər çəkilir, amma ssenari baxımından zəifdir. Bəzən tamaşaçı gülür, amma düşünmür. Düşündürücü film üçün uğurlu ssenari olmalıdır. Bu film həm aktyor oyunu, həm rejissor işi, həm də uğurlu ssenariyə görə seviləcək”.

Azər Axşam bu filmin kinoteatrlara tamaşaçı gətirəcəyinə də əmin olduğunu deyib: “Bu gün tamaşaçını kinoteatrlara gətirmək üçün uğurlu filmlər lazımdır. Düşünürəm ki, “100 kağız” bu işin öhdəsindən gələcək”.

Müğənni Roza Zərgərli yeni filmdəki roluna görə Şahin Zəkizadəyə minnətdarlıq edib: “Düşünürəm ki, Şahinə çəkiliş zamanı əziyyət vermədim. Mənim də ixtisasca rejissor olmağım və bir neçə filmə çəkilməyim işimi asanlaşdırdı. Çünki bilirsiniz ki, mən bir neçə serialda rol almışam. Bu komediya filmidir. Mənə elə gəlirdi ki, komik bir obrazın öhdəsindən gələ bilməyəcəyəm. Amma rejissor məni inandırdı və razılıq verdim”.

Şahin Zəkizadə onu da bildirib ki, Roza Zərgərli filmə pulsuz çəkilib: “Roza bizdən qonorar istəmədi. Bizə dəstək olduğu üçün ona təşəkkür edirəm. Amma qalan aktyorlara qonorar ödənilib”.

Yeri gəlmişkən, qonorarla bağlı aktyorlara verdiyimiz sual nədənsə narazılıqla qarşılanıb. “Bizə yaradıcılıq barədə suallar verin”-, deyən aktyor heyəti qonorar barədə filmin təqdimatından sonra danışacaqlarını deyiblər.

Qeyd edək ki, filmin premyerası aprelin 8-də baş tutacaq. Aprelin 9-da isə “100 kağız” ölkənin bütün kinoteatrlarında nümayiş olunacaq.

Cəvahir Səlimqızı

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm