“Yəqin təqsirim var ki...” – töhmət alan icra başçısı DANIŞDI – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

“Yəqin təqsirim var ki...” – töhmət alan icra başçısı DANIŞDI – ÖZƏL

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov tərəfindən ona töhmət verilməsinə münasibət bildirib.

İcra başçısı Publika.az-a eksklüziv açıqlamasında deyib ki, onun bu töhmətdən xəbəri yoxdur: “Bilmirəm, mənə töhmət verilməsindən xəbərim yoxdur. Veribsə, düz edib. Mən hazırda həmin gölə tökülən torpağın yığışdırılması işi görülən ərazidəyəm. Həmin şirkət rəhbərliyi də buradadır. Ancaq mənə töhmət verilməsindən xəbərim yoxdur. Verilibsə də, bunu normal qəbul etmək lazımdır. Hacıbala müəllim mənim müdirimdir, onun mənə töhmət verməyə ixtiyarı var. Yəqin təqsirim var ki, mənə töhmət verir. Başqa nə deyim, indi də göl ərazisində aparılan işin başındayam”.

İcra başçısı “Lake Residence” MMC-nin qanunsuz tikinti işləri apardığına və gölü tikinti materialları qırıntıları ilə doldurduğuna görə cəzalandırılması məsələsinə də toxunub: “Tikinti işlərini saxlatmışıq, qanun çərçivəsində də Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görüləcək. O şirkətə görə də mənə söz gəldi. Mənim o şirkət rəhbərliyi ilə heç bir tanışlığım yoxdur”.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədi alınmadan Yasamal rayonu, 593-cü məhəllə, Genaral Akim Abbasov küçəsi, 25 saylı ünvanda qanunsuz olaraq tikinti işlərinin aparılmasına başlanılıb və həmin ərazidə mövcud olan gölün bir hissəsinin tikinti qırıntıları ilə doldurulması həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata əsasən, bununla əlaqədar olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən göstərilən ərazidə qanunsuz tikinti işləri aparan “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə xəbərdarlıq edilib, orada aparılan qanunsuz tikinti işlərinin ləğv edilməsi, gölün doldurulmuş hissəsinin təmizlənməsi və ətrafda əhalinin istirahətinin mənalı təşkili üçün ərazidə yüksək səviyyədə abadlaşdırma işlərinin öz vəsaiti hesabına həyata keçirilməsi “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb.

Eyni zamanda, sözügedən ərazidə tikintiyə icazə sənədi almadan tikinti işlərini həyata keçirən və gölün bir hissəsini qanunsuz olaraq zəbt edərək dolduran “Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin qanunsuz əməllərinin araşdırılması və müvafiq tədbirlər görülməsi barədə göstərişlər verilib.

Eləcə də rəhbərlik etdiyi rayonun ərazisində tikintiyə müvafiq icazə sənədi olmadan aparılan tikinti işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verdiyini nəzərə alaraq, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Əsgər oğlu Mehdiyevə töhmət verilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm