İnanc
Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
Tarixin müxtəlif dövrlərində dünyanın fərqli mədəniyyətlərinə mənsub insanlar evlərini və bağlarını xəstəliklərdən, bədbəxtliklərdən, cadudan, pis ruhlardan və digər fövqəltəbii təhlükələrdən qorumaq üçün müxtəlif sehrli əşyalara və rituallara əl atıblar.
Publika.az xəbər verir ki, bu barədə “The Conversation” yazıb.
Tarixçilər və arxeoloqlar gündəlik həyatın bu tərəfini yalnız son dövrlərdə sistemli şəkildə araşdırmağa başlayıblar. Qoruyucu vasitələr arasında bitkilər, xüsusi simvollar, memarlıq elementləri, “cadugər butulkaları”, müəyyən daşlar və dini əşyalar olub.
Rozmarindən bibərədək - “sehrli” bitkilər
Ən əlçatan qoruyucu vasitələrdən biri bitkilər sayılıb. XVII əsrdə ingilis botanik Nikolas Kalpeper dəfnə ağacının bağda olmasının evi cadudan, şeytandan, hətta ildırımdan qoruya biləcəyini yazıb.
Qədim inanclara görə, bukvitsa adlı bitki qaraciyər xəstəliklərinə, epidemiyalara və cadulara qarşı istifadə olunurdu. Acı-şirin quşüzümü isə zərərli sehrlərdən qoruyucu vasitə hesab edilirdi.
Britaniyada və Avropanın digər ölkələrində rozmarin gecə cadugərlərindən qoruyan bitki kimi tanınırdı. İnanılırdı ki, cadugərlər səhərə qədər onun yarpaqlarını saymalı olurlar və bundan sonra sehrli güclərini itirirlər. Amerikada isə acı bibər uzun müddət pis qüvvələrə qarşı vasitə hesab olunub və bəzən evlərin qapısından asılıb.
Divarlardakı sirli işarələr və “cadugər butulkaları”
Evlərin qorunması üçün taxta konstruksiyalara, divarlara və qapı girişlərinə xüsusi simvollar da çəkilirdi. Avropada beş və altıguşəli ulduzların şər qüvvələri uzaqlaşdırdığına və düşmənlərə qalib gəlməyə kömək etdiyinə inanılırdı.
Tədqiqatçıların xüsusi maraq göstərdiyi simvollardan biri isə “heksafol” və ya “çobanyastığı” adlandırılan işarələrdir. Bunlar bir-birini kəsən altı qövsdən yaranan dairələrdir. Bəzi araşdırmaçılar onları sadəcə dekorativ element və ya daşyonan ustaların nişanı hesab edir. Lakin belə işarələrin kaminlərin (buxarı), tüstü bacalarının və girişlərin yaxınlığında yerləşməsi onların qoruyucu məqsəd daşıya biləcəyi ehtimalını da artırır.
Memarlığın özünə də sehrli funksiyalar aid edilirdi. Orta əsrlər Çinində tikinti ilə bağlı bəzi təlimatlarda binalara pis ruhları və oğruları uzaqlaşdırmalı olan xüsusi təsvir və fiqurların yerləşdirilməsi tövsiyə edilirdi. İspaniyanın Araqon bölgəsində tüstü bacalarındakı mürəkkəb həndəsi naxışların cadugərlərin yolunu azdırdığına inanılırdı.
Avropada “cadugər butulkaları” da geniş yayılmışdı. Bu qabların içinə cadudan zərər çəkdiyi düşünülən şəxsin saçları, dırnaqları və ya sidiyi, həmçinin sancaqlar və digər əşyalar qoyulurdu. Daha sonra butulkalar torpağa basdırılır, qaynadılır və ya tüstü bacasında saxlanılırdı. İnanılırdı ki, bu yolla cadugərə zərər vurmaq, onu özünü ifşa etməyə məcbur etmək və ya cadunu dayandırmaq mümkündür.
Deşikli daşlar, dini əşyalar və evin “sehrli” müdafiəsi
Daşlara da qoruyucu xüsusiyyətlər aid edilirdi. Şərqi Asiyada “siçiqan” adlandırılan xüsusi daşlardan ictimai yerləri və fərdi evləri qorumaq üçün istifadə olunurdu. Britaniyada isə üzərində təbii dəliklər olan daşlar “cadugər daşları” kimi tanınırdı. Onların uğur gətirdiyinə, cadudan və gecə kabuslarından qoruduğuna inanılırdı. Bu daşları bağda saxlamaq, çarpayının yanında və ya yardımçı tikililərdə asmaq mümkün idi.
Dini əşyalar da fövqəltəbii təhlükələrə qarşı qoruyucu vasitə sayılırdı. XIX əsr Britaniyasında "Bibliya"nı yatağın yanında saxlamaq, hətta yastığın altına qoymaqla insanın pis qüvvələrdən və kabuslardan qorunacağına inanılırdı.
İrlandiyada evlərin divarlarına dairə ilə əhatələnmiş xaçlar çəkilirdi. Məqsəd yerli əhalinin “yaxşı insanlar” adlandırdığı, əslində isə gözlənilməz və təhlükəli hesab etdiyi pəriləri uzaqlaşdırmaq idi.
Osmanlı imperiyasında isə Məhəmməd peyğəmbərin fəzilətlərindən bəhs edən xüsusi xəttatlıq kompozisiyalarından amulet (gözmuncuğu) kimi istifadə edilir, yaxud onlar evlərin divarlarından asılırdı.
Beləliklə, gündəlik həyatda sehrə və müxtəlif qoruyucu vasitələrə inanmaq çox vaxt insanların naməlum qüvvələr qarşısında yaşadığı narahatlığın öhdəsindən gəlmək və özlərini daha təhlükəsiz hiss etmək üsulu olub. İnsanların bu əşyaların həqiqi fövqəltəbii gücünə inanıb-inanmadığından asılı olmayaraq, həmin simvollar əsrlər boyu evlərin və ətraf məkanın ayrılmaz hissəsinə çevrilib.
Müəllif: Adəm Abbaslı
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü















.jpg)






















