Fərqanə Qasımovanın möhtəşəm solo konserti - VİDEO, FOTO
Bizi izləyin

Tabloid.az

Fərqanə Qasımovanın möhtəşəm solo konserti - VİDEO, FOTO

Bu axşam Heydər Əliyev adına Sarayda Əməkdar artist, xanəndə Fərqanə Qasımovanın “Oxu,qızım” adlı ilk solo konserti keçirilir. Publika.az –ın xəbərinə görə konsertdə Xalq artistləri Ağaxan Abdullayev, Arif Babayev, Ramiz Mirişli, Nailə Mirməmmədli və digər sənət xadimləri iştirak edirdilər.

Konsertdən öncə sənət xadimləri Fərqanə Qasımovanın yeni albomu və konsert öncəsi təəssüratlarını bizimlə bölüşüblər:

“Onun ifası təsdiqlənib”

Xanəndə Arif Babayev : “Fərqanə də Alim kimi bütün dünyanı dolanıb, Azərbaycan muğamını, musiqisini uzaq diyarlarda layiqincə təmsil edib. Artıq onun ifası təsdiqlənib. Özünün öz yolu, forması var. O belə də xalq tərəfindən sevilir. İnanın, xalq tərəfindən sevilmək çox böyük xoşbəxtlikdir. Çünki hər şeyin başı xalqın məhəbbətidir. Əgər onu qazanıbsa demək hər şey yolundadır. Ona bundan da böyük uğur arzulayıram”.

Bəstəkar Ramiz Mirişli: “Fərqanə xanım gözəl geniş səs diapazonuna malikdir. Onun gözəl səs palitrası var, oxuduğu bütün musiqi əsərləri obrazlılığı, dramaturgiyası ilə seçilir. Mən ona uğurlar arzulayıram. Bir müddət öncə təqdim etdiyi albomda yer alan mahnılarımı yaxşı oxuyub, çox bəyəndim”.

“Səsi mənə stimul verir”

Bəstəkar Nailə Mirməmmədli:“Fərqanənin albom təqdimatında iştirak etmişdim, indi də konsertinə gəlmişəm. Təqdimatda öz musiqiləri, ifası ilə mənə böyük stimul verdi. Onunla dini mahnılardan ibarət albom da hazırlamaq barədə fikirləşirik. Fərqanənin səsi elə plastik səsdir ki, bəstəkar onun üçün geniş həcmli musiqilər bəstələyə bilər. Onun səsində məhdudiyyət yoxdur. Alim Qasımov bizim milli sərvətimizdir, Fərqanə də onun layiqli davamçısıdır. Mən Fərqanəyə uğurlar, can sağlığı arzulayıram”.

“Atasının yolu ilə getsin”

Xanəndə Ağaxan Abdullayev: “Fərqanə mənim nəvəm sayılır. Çünki Alim mənim tələbəm olub. Fərqanə də Alimin həm qızıdır, həm də tələbəsidir. Bu gün mən də Alim qədər sevinc hissi keçirirəm. Hər zaman dua etmişəm ki, Alim ucalsın, zirvələrdə olsun. Bu gün Alim o zirvədədir. Arzu edirəm ki, Fərqanə də Alimin zirvəsinə qalxsın və atasının getdiyi yolu getsin. Həm sənətdə böyük olsun, həm də sadəlikdə. Mən onlarla fəxr edirəm”.

Göz oxşayan dekorasiya ilə bəzənən səhnədə konsert proqramı Fərqanə Qasımovanın fonda səslənən ifası və ona uyğun qurulan rəqs nömrəsi ilə açılıb. Daha sonra çıxış edən Fərqanə Qasımova konsertə gələn qonaqları salamlayıb, gecənin maraqlı alınması üçün əlindən gələni edəcəyini deyib.

Hazırda davam edən konsert xanəndənin ifasında səslənən biri-birindən gözəl musiqilə parçaları ilə davam edib.

Nərmin

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm