Repressiya dəyirmanına su tökən iki yazı
Bizi izləyin

1937

Repressiya dəyirmanına su tökən iki yazı

1937-ci il, “Ədəbiyyat qəzeti”

1937-cı il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarixdi. Bu il həmin hadisələrin 80-ci ildönümüdür. Publika.az "1937" layihəsində repressiyalara qurbanlarını anaraq onların ömür yoluna yeni işıq salmağa çalışacaq, tarixi gerçəyi çatdıracaq.

1937-ci il Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb. O illəri heç kim unutmaz... Əslində həmin dövr, o dövrdə baş verən hadisələrin mətbuata yansıyan hissələri həmin dövrü tədqiq edən alimlərə məlum olsa da, geniş ictimaiyyət o vaxtın mətbuatında yazılanlardan hələ də xəbərsizdir. O üzdən də araşdırmalarımızın içərisində repressiya illərinin qəzet və jurnallarının səhifələrində yer alan maraqlı yazılara da diqqət ayırdıq. Beləliklə, Cəfər Xəndan və M.S.Ordubadinin 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə işıq üzü görən və repressiya dəyirmanına su tökən iki yazısını təqdim edirik.

Sıralarımızı təmizləyəlim

Xalq düşməni Ruhulla Axundov və onun havadarlarının incəsənət və ümumən kultura sahəsində etdiyi ziyankarlıq xalqımıza bəlli olmuşdur. Sovet Yazıçıları İttifaqı sıralarının zibilləşməsini göstərən plenumumuz qarşımızda itifaqın konturrevolysion yazıçılardan təmizlənməsini kəsinliklə qoymuşdu. İttifaq üzvlüyünə layiq olmayan Səlman Mümtaz, Musaxanlı, Çəmənzəminli, S.M.Qənizadə, Seyid Hüseyn tezliklə ittifaqdan çıxarılmalıdır. M.Rzaquluzadənin də susmağı və mətbuat səhifələrində öz səhvlərindən danışmamağı da bizi qane etmir.

Xalq düşməni Cavid, Cavad, Müşfiq, Sanılı və başqalarının ikiüzlü “siyasəti” bizi daha da sayıq olmağa və bu kimi örtülü düşmənlərlə mübarizədə amansız olmağa vadar edir. Biz averbaxçılığın kökünü kəsməklə mübarizə edərkən onun Azərbaycandakı nümayəndəsi H.Mehdinin susmağına dözmək olmaz. O, bir kəlmə də olsun yazmır, danışmır.

İttifaqımızın əsas kadrları sağlamdır. Biz xalq düşmənləri ilə mübarizədə Böyük Oktyabr inqilabının XX yüzilliyinə yüksək keyfiyyətli bədii əsərlər verməklə həqiqi sovet yazıçısı adını şərəflər müdafiə edəcəyik.

C.Xəndan

Təmizliyə başlamalıdır

Konturrevolysion Trotski və zinoyevçilərin, son vaxtlar trotskizmin bütün xüsusiyyətlərini əks etdirən averbaxçılığın bütün varlığı ilə rüsvay edilməsi sovet ölkələrində olduğu kimi Azərbaycan Sovet Yazıçıları İttifaqı qarşısında da mühüm məsələlər qoymuşdur.

İttifaq bir an olsun belə təxirə salmadan öz sıralarını gözdən keçirməli və düşmən ünsürlərin təmizlənməsi üçün təşəbbüsdə bulunmalı idi. Təəssüf ediləcək bir haldır ki, ittifaq əski rəhbərliyin çürük liberalizmini davam etdirməklə ittifaqın xalq düşmənlərindən təmizlənməsi üçün görkəmli bir iş görmədi.

İttifaqın bu sükutu xalq düşmənlərinin ittifaq sırasında qalması və öz xain hərəkətlərinin davam etdirməsinə imkan yaratdı. İttifaq Əli Nazim, Böyük Ağa Talıblı, Tağı Şahbazi kimi xalq düşmənlərinin ifşa edildiyi zamanda belə Əhməd Cavad, Sanılı, Səlman Mümtaz və başqalarının məsələsini də həll etməli idi.

Biz son plenumdan bunu da gözləyirdik. Nədən isə plenum yalnız Əhməd Cavadı ittifaqdan xaric etmək və başqalarına isə daima olduğu kimi “özünü düzəltmək” barəsində göstəriş verməklə kifayətləndi. İttifaqın plenumda çıxardığı və qərar verdiyi göstərişlər ümumi vəziyyəti heç də dəyişə bilmədi. Partiya mətbuatı çox düzgün və vaxtında olaraq Yazıçılar İttifaqının bugünkü vəziyyəti haqqında məsələ qoydu.

İttifaq sırasında müsavatçı, ittihadçı, sovet qruluşuna yabançı ünsürlər varmı? Bu suala hər bir ittifaq üzvü “var” deyə cavab verdiyi halda, təmizlik barəsindəki hər bir təxir, liberalçılıq və bolşevik sayıqlığının zəifləməsi kimi məna edilməlidir. Bu səhvləri islah etmək və indiyə qədər davam edən intriqaya nəhayət vermək, ittifaqı içərisindən çürütmək istəyən yabançı ünsürlərdən tamamilə təmizləmək, əxlaqı pozulmuş ittifaq üzvlərinə qəti göstəriş vermək işinə başlamalıyıq. 18 ildən bəri özünü düzəltmək istəməyən, əksinə olaraq bütün əsərlərində öz keçmişindən ayrılmadığını göstərən Çəmənzəminli, Cavid, Sanılı və bir çoxlarını ittifaq sırasından xaric etməklə ittifaq bu kibirlərin təsirindən xilas olunmalıdır.

M.S.Ordubadi

Təqdim etdi: Rəşad Sahil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm