Turistləri Azərbaycandan uzaq salan səbəblər
Bizi izləyin

Qırmızı xətt

Turistləri Azərbaycandan uzaq salan səbəblər

“Azərbaycanda bir həftədə 2500 manat xərcləmişəm, eyni pula İranda 6 ay yaşayaram”.

“Ukraynaya bir gün normal xidmətlər təklif edən oteldə qalmaq 70 dollardır, üstəlik gündə üç dəfə yüksək səviyyəli yemək təklif edilir. Azərbaycanda bu qiymətə ancaq gecələmək və səhər yeməyi yemək mümkündür”.

“Gürcüstanda bir həftəyə xərclədiyim 500 manatı Azərbaycanın rayonlarında iki günə xərcləyirəm. Gürcüstanda 30 dollara hər cür şəraiti olan oteldə qalıb, 30 dollar da qidalanma üçün xərcləyirəmsə, eyni pula Azərbaycanda həm otel tapıb, həm də üç dəfə qidalanmaq mümkün deyil”.

Bu xaricilər və həmvətənlilərimizin Azərbaycanla xaricdə istirahəti müqayisə edərkən gəldikləri nəticədir.

Şikayətlər təkcə qiymət yox, həm də keyfiyyətlə bağlıdır. Hər il milyonlarlar ayrılan turizmdən istədiyimiz nəticəni götürə bilmirik.

Səbəbləri Publika.Az-ın “Qırmızı xətt” layihəsində araşdıracağıq.

Müxtəlif bayramları bəhanə gətirərək ölkələrin vətəndaşları il ərzində 10-25 gün arası istirahət edir. İstirahəti ən yaxşı dəyərləndirmək istəyən orta səviyyəli vətəndaşlar adətən xaricə üz tutur. Səbəb təkcə yaşadığı ölkəni bəyənməmək deyil. Onlar yeni ölkələr, mədəniyyətlər görməkdə maraqlıdır. Bu marağı qarşılamaq və pul qazanmaq istəyən ölkələr il ərzində daim müxtəlif kompaniya və tanıtım çarxları yayaraq, turistləri cəlb edirlər. Təqaüdə çıxmış, yaxud işdən 10 gün məzuniyyət götürmüş orta statistik bir ingilis cibinə və zövqünə uyğun ölkə axtarışına çıxır. Bəs onların nə qədəri Azərbaycanı seçir və seçməsi üçün səbəb varmı?

Rəsmi rəqəmlərə inansaq hər il xarici turistlərin sayında artım müşahidə edilir.

Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına görə, 2012-ci ildə ölkəyə gələn turistlərin sayında 10 faiz artım olsa da, İrandan gələnlərin sayı təxminən 8 faiz azalıb.

Türkiyə Statistika Komitəsinin açıqlamasına görə, bu ölkə vətəndaşları xarici səyahətlərində ən çox Gürcüstana gediblər. Sonrakı yerlərdə isə Bolqarıstan, Yunanıstan, Azərbaycan və Almaniya yer alıb.

Xaricə edilən səyahətlərdə 15.6 %- i Gürcüstan, 8.8%- i Bolqarıstan, 8% - Yunanıstan, 4.9% -i Azərbaycan, 4.2% -i isə Almaniyanı seçib.

Azərbaycanda 2003-cü illə müqayisədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2012-ci ildə 5 dəfədən çox artaraq 506-ya çatıb.


"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabat"da qeyd edilib ki, onların 80 faizi regionlarda yerləşir. Azərbaycandakı turizm şirkətlərinin sayı isə 200-ə çatıb.


2012-ci ildə Azərbaycana gələn əcnəbilərin sayı 2003-cü illə müqayisədə 2,4 dəfə artaraq 2 milyon 480 min nəfərdən çox olub. Ötən il İçərişəhərdəki muzeylərə gələn ziyarətçilərin sayı 187 229 nəfərə çatıb.

Hazırda Azərbaycanda 516 otel, 32 min yataqlıq yer var. Yəni ölkədəki otellər də gələn əcnəbilərin sayına uyğun deyil. Say və qiymət məsələsi də xaricilərin belə oteldə yox, kənd evlərində gecələməsinə səbəb olur. Getdiyi ölkədə gecələməyə, istirahət etməyə, gəzməyə normal yer tapmayan bir xarici yenidən həmin ölkəyə gələrmi? Əlbəttə, cavab bəllidir.

İstirahət mərkəzlərinin, turizm şirkətlərinin oturduqları yerdə pul qazanmaq istəyi, ölkə iqtisadiyyatına itkilər hesabına başa gəlir. Bəs aidiyyatı qurumlar hara baxır?

İndi Azərbaycanda 5 ulduzlu 18, 4 ulduzlu 40, 3 ulduzlu 19 otel var. Ölkəmizdə 2 ulduzlu cəmi 4 və 1 ulduzlu 1otel var.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva ölkəyə gələn turistlərin sayı barədə məlumatların Statistika Komitəsi tərəfindən bir neçə başqa təşkilatla birgə araşdırıldığını və illik hesabatlarda öz əksini tapdığını bildirdi. Onun sözlərinə görə, bu il üçün statistika bərədə danışmaq çox tezdir.

“Ölkəmizə turistlər əsasən Şərq ölkələrindən: İrandan, Türkiyədən, Ərəb ölkələrindən daha çox gəlir. Rusiyadan, Tacikistandan, Özbəkistandan, Qazağıstandan gələnlər çoxdur. Təbii ki, Avropadan da xeyli turist gəlir. Təkcə elə internetdə oxuduğumuz materiallar buna dəlalət edir, nə qədər rəylər oxuyuruq”.

Qiymətlərə gəldikdə isə Zöhrə Əliyeva bunu bazarın təyin etdiyini deyir.

“Biz bu barədə şirkətlərə yalnız tövsiyələr verə bilərik. Amma buna baxmayaraq çalışırıq ki, tövsiyyələrimizə əməl olunsun. Ötən il yay mövsümündə tövsiyələrimiz turizm obyektləri tərəfindən qəbul edildi, qiymətlər 20-25% endirildi. Amma bu il qış mövsümündə qiymətlər yüksək olsa da, təlabat çox idi. Məsələn, Şahdağda turistlərin sayı həddən artıq çox olub, elə indi də elədir. Demək maraq və imkan var ki, insanlar gedir”.

Xarici vətəndaşların ən çox şikayətçi olduğu məqam qiymətlər, ölkədə 2-3 ulduzlu otellərin az olmasından irəli gəlir. Ulduzu 5 olan otelin qiyməti də 5 dəfə çox olur.

Nazirlik rəsmisi bu məsələ ilə bağlı iş aparıldığını bildirdi:

“Bizdə 4-5 ulduzlu otellərin sayı daha çoxdur. Bu bəlkə də biz azərbaycanlıların təmtəraq sevməsindən irəli gələn bir məqamdır. Həm də Azərbaycana artıq dünyanın bir çox məşhur brendləri maraq göstərir, onların da meyarları çox yüksəkdir. 2-3 ulduzlu otellərdə qiymətlər daha münasib olur. Bəzi bölgələrdə belə otellərin tikintisinə başlanılıb. Onlarda normal xidmət qarşılığında qiymətlər də aşağı olur”.

Qeyd edək ki, dünyanın bir sıra ölkələri məhz bayramlar ərəfəsində daha çox turist cəlb etməyə çalışır. Mart ayında təxminən 10 gün bayram kimi qeyd etdiyimiz Novruz da turistlərin axın etməsi üçün yaxşı fürsət hesab edilə bilər. Xüsusən də, İranda yaşayan həmvətənlilərimiz üçün bu bayramı Azərbaycanda qeyd etmək maraqlıdır. Bəs cəlb edə bildikmi?

Z.Əliyeva istər nazirlik, istərsə də turizm şirkətləri tərəfindən müəyyən addımlar atıldığını dedi:

“Biz Mədəniyyət və turizm nazirliyi olaraq bizə aid olan bütün obyektlərdə maraqlı , təmtəraqlı Novruz şənlikləri keçirdik. Atəşgahda, Qobustanda, Yanardağda bayram günü təşkil olunan tədbiri Mədəniyyət və Turizm Nazirliyi həyata keçirdi. Bir çox teatrlarımızda, rəqs festivalı və sair bu kimi maraqlı tədbirlər təşkil etdik. Bütün turizm şirkətlərinə bu proqramlar təqdim olunur. Onlar da bu proqrama uyğun olaraq öz marşrutlarını təyin edir. Bundan başqa, nazirlik tərəfindən rəsmi təyin edilmiş 7 turizm marşrutu var. Bu marşrutlar ölkənin bütün zonalarını əhatə edir. Daha sonra müxtəlif layihələr nəticəsində formalaşan mədəni turizm marşrutları var ki, turizm şirkətləri tərəfindən çox maraqla qarşılanır. Aleksandr Dümanın olduğu yerləri əhatə edən marşrut, “Şərab yolu”, “İpək yolu” marşrutları. Turizm şirkətləri özləri də işlərini səmərəli qurmağa çalışırlar, çünki bu özəl biznesdir və hər şirkət öz mənafeyini düşünərək işini daha gözəl qurmağa cəhd edir. Həm də üzdəniraq qonşularımızın Azərbaycana qarşı apardığı anti təbliğatı nəzərə alsaq, biz çox böyük nəticələr əldə etmişik. Dünyanın ən aparıcı TV kanallarında reklamlarımız gedir, beynəlxalq sərgilərdə iştirak edib ölkənin turizm potensialını təbliğ edirik”.

İstirahət mərkəzləri iş görmür

Turizm.az şirkətinin xarici turizim şöbəsinin rəhbəri Ülfanə Mirzəxanlının sözlərinə görə, ölkənin müxtəlif bölgələrinə turlar təşkil edirlər. Novruz bayramında Balakən-Zaqatala, Tbilisi, Lənkəran, Oğuz-Şəki turları həyata keçirildi. Lahıc, Qobustan, Bakıda isə bir günlük turlar təşkil edildi. Turlara əsasən, yemək, otel xərcləri, fotossesiya, əyləncəli oyunlar daxildir.

“Xarici turistlərə isə tarixi abidələrlə tanış etməkdə maraqlıyıq. Ən çox müraciət edənlər İran, Gürcüstandan olur, az hallarda Türkiyədən, Avropa ölkələri Almaniya, Fransa, İtaliya, şərq ölkələrindən Yaponiyadan müraciət daha çox olur. Bu ölkələr arasında İran üstünlük təşkil edir”.

Ü.Mirzəxanlının sözlərinə görə, istirahət mərkəzləri elə bir iş görmürlər. Üstəlik, bölgələrdə qiymətlər hətta Avropa ölkələrindən belə bahadır.

“Bu qiymətləri nəzərə alaraq turistləri cəlb etmək üçün Azərbaycan bölgələri və Gürcüstan da əhatə olunmaqla maraqlı turlar təşkil edirik. Asanlaşdırılmış-elektron viza xidməti təklif edirik. Bir neçə şirkətlə yanaşı biz də bu xidməti təşkil edirik. Adi halda turist bunun üçün 60 avro və dəvətnamə üçün əlavə pul ödəməli olacaq, bizdə isə 20 dollara təşkil edirik. Yerləşmə, aviabiletlər baxımından isə təsirli ola bilmirik. Xidmət səviyyəsi yüksək olanda, qiymət də yüksəlir. Rayonlardakı istirahət mərkəzində xidmət çox aşağı, qiymət çox bahadır. Amma çalışırıq ki, xarici turistləri aşağı qiymətli istirahət mərkəzlərinə göndərməyək. Azərbaycanlı turistlər qiymət və keyfiyyət sisteminə öyrəniblər. Xarici turistə aşağı qiyməti olan məkanları tövsiyə etmirik, bu ölkə imici üçün ziyanlı olar. Qax, Zaqatala, Qəbələdə daim göndərdiyimiz yerlər var.

Qiymətin yüksək olduğu yerlərdə isə xidmət sadəcə yemək və yatmaqdan ibarət olur. Animasiya şoular, əyləncələr demək olar ki, yoxdur. Biz özümüz yol boyunca, yaxud oteldə müəyyən əyləncəli oyunlar təşkil edirik. Yeni il və Novruz bayramında proqram hazırlayırlar, o da çox aşağı səviyyədə olur ki, turistləri cəlb edə bilmirlər”.

Azərbaycan Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılovun sözlərinə görə, hər il turizm sahəsinə milyardlarla pul ayrılsa da, son 5 ildə turizmdən gələn gəlir ümumdaxili məhsulun 1%-ni təşkil etmir. Bəs bu xərclərdən nə vaxt gəlir götürəcəyik?

Bu gəliri götürmək üçün həm mövsümdən əvvəl hazırlıq görülməlidir, həm də xüsusi günlərə diqqət ayrılmalıdır:

“12 avqust Xəzər günüdür və bütün Xəzəryanı dövlətlərdə qeyd edilir. Həmin günlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən işlər görür. Amma MTN buna laqeyddir. Həştərxan vilayətində bu gün xüsusi qeyd edilir, müxtəlif bölgələrdən ora gəlirlər. BMT səviyyəsində beynəlxalq dağlar, su və yer günü keçirirlər. Amma bizdə bu günlər sadəcə informasiya kimi xatırlanır. MTN bu barədə əvvəldən proqram hazırlamalıdır. Çünki bu günlər turizm üçün bəhanədir”.

Ç.İsmayılov qonşu ölkələrin turizm imkanlarından danışdı. O azərbaycanlılar və Türkiyə vətəndaşlarının nə üçün Gürcüstana axın etməsini bu cür izah etdi:

“Gürcüstanda rəqabət mühiti formalaşıb. Bizdə rəqabət üçün şərait yoxdur. Ona görə də beynəlxalq reytinq cədvəllərində turizm sahəsində İran istisna olmaqla, bütün qonşu ölkələrdən geridəyik. İran 114, biz 78-ci yerdəyik. Qonşu Türkiyədə bu xidmət o qədər yüksək səviyyədə təşkil edilib ki, bizimki ilə müqayisə edilə bilməz. Gürcüstanda seçim imkanları çox yüksək və münasibdir. Hər il 300-500 min azərbaycanlı Gürcüstana gedir. Orta gəlirli azərbaycanlı belə öz ölkəmizdə istirahət edə bilmir. Çünki qiymət baha, xidmət isə çox aşağıdır. Türkiyədə təyyarədən düşəndə 10 istirahət paketi təqdim edilir. Hər birində də fərqli xidmətlər təklif edilir. İstirahət mərkəzi açan şəxslər orada bulaqlara, tarixi yerlərə səfərlər təşkil etməli, velosiped, atla gəzinti imkanı yaratmalıdır. Amma təəssüf bizdə bunların heç birini görmürük. Bunun üçün sərmayə qoyub, mütəxəssis cəlb etmək lazımdır”.

Turistlərin qiymətdən narazılığına gəldikdə isə Ç.İsmayılov bunun ödənilən vəsaitlə görülən xidmət arasındakı fərqlə əlaqələndirdi:

“Turist getdiyi ölkədə pul xərcləyəcəyini bilir, amma bunun qarşılığında istədiyi qiyməti görməyəndə heyfslənir. Amma razı qalsa, gələn il bir də gəlib, pul xərcləyəcək. Amma ödədiyi pulun qarşılığında heç nə görmədiyinə görə, bir daha bu ölkəyə gəlməyəcək. Turistlərin razı qalması üçün ucuz otellər olmalıdır. Amma bizdə 20-30 dollara otel tapmaq mümkün deyil. Amma məsələ təkcə otel deyil, ödənilən vergi, servisdən çox şey asılıdır. Amma bizdə bütün məkanlar bir-birinə bənzəyir. Turist cəlb etmək üçün oxşarlıqlar qalmaqla hər bölgənin özünəməxsus xüsusiyyəti qabardılmalıdır. Turist Bakıda gördüklərini Şamaxı, Qubada da təkrar görəcəksə, o zaman bölgələri gəzmək onun nəyinə lazımdır?”.

Onun sözlərinə görə, son illər İrandan ölkəmizə gələnlərin sayı azalıb. Amma Novruz ərəfəsində onlara müəyyən güzəşt edilməlidir ki, potensial turistləri itirməyək:

“Bunun üçün də konkret planlı işlər görülməlidir. Bayrama bir gün qalmış, bütün bölgələrdə eyni tədbiri keçirməklə turist cəlb etmək olmaz. Rayonlarda yaşlı qadınların küçədə oturub xalça toxuması, yun təmizləməsi rayon sakinləri yox, turistlər üçün maraqlı ola bilər. Amma turistlər həmin bölgələrə getmir. Çünki paytaxtda bununla bağlı təbliğat düzgün qurulmayıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm