Qeyri-rəsmi nikahdan olan uşaqların sayı niyə artır?
Bizi izləyin

Qırmızı xətt

Qeyri-rəsmi nikahdan olan uşaqların sayı niyə artır?

Qeyri-rəsmi münasibətdən 27 min uşaq doğulub

“Universitetdə oxuyarkən tanış olduq. Bir-birimizi sevdik və birlikdə yaşamağa qərar verdik. Əslində toy etməyə nə imkanımız, nə də marağımız vardı. Qonaq olaraq dəvət edəcəyimiz tanışlarımız da çox deyildi. Valideynlərim mən uşaq olarkən ölüblər, bir müddət uşaq evində, sonra qohumlarımın yanında qalmışam. Onunla ailə qurmaq isə məni kiminsə minnətli çörəyini yeməkdən xilas etdi. Bir müddət birlikdə yaşadıq, bir qızımız oldu. Amma uşaq olandan sonra onun münasibəti dəyişdi, çünki heç vaxt uşaq istəmirdi. Bir gün səhər oyandım və ondan qalan son məktubu oxudum. Bizi atıb getmişdi, heç bir səbəb demədən. İndi qızımı tək böyüdürəm. Amma rəsmi nikah olmadığına görə, bir çox problemlərlə qarşılaşıram”.

İndi müsahibimiz qadın hüquqlarını müdafiə edən QHT-lərdən yardım istəyərək, uşağını böyütməyə çalışır, onun da özü kimi uşaq evində yaşamaması üçün çalışır. Ölkədə bu cür ailələrin sayı artmaqdadır. Avropada vətəndaş nikahı kimi yaşanan bu evliliklər, Azərbaycanda deformasiya olunmuş formada təkrar edilir.

Publika.Az-ın “Qırmızı xətt” layihəsində qeyri-rəsmi nikahlara olan marağın, bu məsələdə Azərbaycanın Avropadan fərqini, insanların nə üçün bu nikaha ehtiyac duyduğunu araşdıracağıq.

Qeyri-rəsmi nikahlar adından da bəlli olduğu kimi rəsmi olmadığına görə, onların sayı barədə qeydiyyat aparılmır. Yalnız həmin nikahdan dünyaya gələn uşaqların sayı ilə artım və ya azalmanın olduğunu müəyyən etmək olur.

Qeyri-rəsmi münasibətdən dünyaya gələn uşaqlar

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb.

1990-cı ildə ölkə üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı həmin il ərzində doğulan bütün uşaqların 2,6 faizini (4800 uşaq) təşkil etdiyi halda, 2012-ci ildə (2013-cü il üzrə statistik məlumatlar hələ hazır deyil) belə uşaqların sayı ölkədə doğulan bütün uşaqların 15,5 faizini təşkil edib və onların sayı 27 031-ə çatıb. Bu göstərici isə 1990-cı illə müqayisədə 5,6 dəfə çoxdur.

2012-ci ildə Cəlilabadda rəsmi nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqlar həmin rayonda doğulan bütün uşaqların 49,2 faizini, Ağstafada 29,8 faizini, Masallıda 29,6 faizini, Goranboyda 27,2 faizini, Qazaxda 25,4 faizini, Gəncədə 15,2 faizini təşkil edib.

1990-cı ildə belə doğulanların sayı Bakıda 1762 nəfər (həmin il ərzində ümumi doğulan uşaqların 5,1 faizi), Sumqayıtda 329 nəfər (ümumi doğulanların 5,1 faizi), Abşeron rayonunda 29 nəfər (ümumi doğulanların 1,4 faizi) olduğu halda, 2012-ci ildə Bakıda bu göstəricilər 4545 nəfər (12,1 faiz), Sumqayıtda 620 nəfər (8,4 faiz), Abşeron rayonunda 310 nəfərə (12 faiz) çatıb.

UNİSEF-in məlumatına görə, Azərbaycanda 1 il ərzində təxminən 5 min 15 yaşadək qızın nikaha girməsi ilə bağlı məlumatlar yayılıb. Əlbəttə, bunların heç biri qanuni ola bilməz.

Ekspertlərin fikrincə, müstəqillik dövründə milli adət-ənənələrimizin xeyli zəifləməsi nəticəsində rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı və belə uşaqların doğulan bütün uşaqlar arasında payının artması cəmiyyətin ən böyük probleminə çevrilib.

Bizə Avropa ölkələrindən keçən vətəndaş nikahı əslində iki şəxsin öz istəyi ilə bir evi, eyni həyatı paylaşmasıdır.


İki şəxsin öz istəkləri ilə bağladığı izdivacın qanunla rəsmiləşdirilməsinə rəsmi nikah deyilir.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, Avropa ölkələrindən öyrəndiyimiz bu ənənənin yanlış olması həmin ölkələr tərəfindən də təsdiqlənib. Həmin ölkələrdən olan sosioloqlarla fikir mübadiləsi aparılarkən bu qənaətə gəlirik. Avropada bu nikahlara keçməkdə məqsəd gənclərin adət-ənənə, mənəvi dəyərlərə marağının azalmasıdır. Çünki bu zaman gəncləri idarə etmək asanlaşır. Həmin gənclər siyasi fəallıq, öz hüquqlarını müdafiədən uzaqlaşırlar.

Sosioloqun sözlərinə görə, bizdə isə insanlar daha çox dəb xatirinə bu yola əl ata bilərlər:

“Azərbaycanda insanlar daha çox orta yaş dövrlərində bu cür ailə həyatına meyl edirlər. Çünki gənclikdə normal ailə qurmağa inam olur. 30-40 yaş arasında ailə qura bilməyən qadınlar çoxdur. Bunun səbəbi isə həmin yaş qruplarında olan kişilərin iş, müxtəlif səbəblərdən xaricə getməsi, ikinci məsələ ailə saxlamaq üçün kişilərin maddi imkanın aşağı olmasıdır. Artıq qızlar da kasıb oğlanla ailə qurmaq istəmir. Bütün bunlar isə yaşlı qızların sayının artmasına səbəb olub. Sosial, psixoloji, fiziki cəhətdən ünsiyyətə, əks cinslə yaxınlığa böyük ehtiyac yaranır. Əvvəldə qeyd etdiyimiz səbəblərdən rəsmi nikaha imkan olmadığına görə, yaşlı qızlar münasib bildiyi şəxslə yaşamağa qərar verirlər. Bu zaman isə tərəflər çox zaman uşaq olmasını istəmir, nəticədə gərginlik yaranır. Beləliklə, həmin ailə qısa müddətdə dağılır”.

Vətəndaş nikahının rəsmi nikaha hazırlıq olmasına gəldikdə isə Ə.Qəşəmoğlu bu barədə fikir demək üçün ciddi araşdırmaya ehtiyac olduğunu dedi:

“Bu məsələyə icazə verilsə, o zaman qeyri-rəsmi nikahlar kütləviləşə, bu da yeni problem yarada bilər. Bəlkə də, bu avropalıların psixologiyasına uyğundur, amma bizim cəmiyyət isə buna hazır deyil. Nikahsız yaşayanlar gələcəkdə ailə üçün məsuliyyətsiz olurlar. Bu cür yaşayış bir sıra xəstəliklərin də geniş yayılmasına səbəb olur”.

Sosioloqun sözlərinə görə, təsadüfi ailələr cəmiyyət üçün təhlükə yaradır.

Bu ailələrdə doğulan uşaqların da taleyi təhlükə altında olur. Ana ilə küçədə, köməksiz qalmış uşaqların psixologiyasında ciddi travmalar yaranır. İstər Azərbaycan, istərsə də Qərb üçün bu ailələrin artması mənfi haldır. Bu ailə münasibətlərinin cılızlaşmasına gətirib çıxarır.

Bu cür ailə quranların qarşı tərəfə qarşı məsuliyyəti də olmur. Onlar üç il biri ilə yaşayıb, sonra heç nə demədən onu tərk edə bilərlər”.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın sözlərinə görə, istər rəhbərlik etdiyi təşkilata müraciət edənlər, istərsə də cəmiyyətdə müşahidə etdikləri vətəndaş nikahına olan münasibətin dəyişməsi, bu sayın artdığını deməyinə əsas verir. Bir neçə il əvvəl vətəndaş nikahında yaşayan bir qadın qınaq obyektinə çevrilirdi. Ancaq indi bütün ölkə ərazisində olmasa da, böyük şəhərlərdə bu nikaha normal baxılır.

M.Əzizovanın sözlərinə görə, ölkəmizdəki vətəndaş nikahı Avropadakından fərqlənir:

“Avropada vətəndaş nikahı düşünülərək, ciddi atılan addımdır. İnsanlar bir yerdə yaşayıb, bir təsərrüfat olmaq məqsədi daşıyır. Gələcəkdə bir-birilərinə uyğun olduqlarını görüb, münasibətləri rəsmiləşdirir, uşaq dünyaya gətirirlər. Azərbaycanda isə adət-ənənəni pozmadan formalaşan bu münasibətdən əvvəl, nişan, toy olur, lakin nikah rəsmiləşdirilmir. Bu isə daha çox sənədlərdəki problem, rüsum ödəyə bilmədiklərinə görə atılan addımdır. Başqa bir vətəndaş nikahı rəsmi ailəli olan şəxslərin başqa bir qadınla yaşamaq istəyidir. Üçüncü nikah forması, ailədən daha çox karyera və uşağa önəm verən qadınların yaşadığı münasibətdir. Bu cür ailədə intim münasibət olur, lakin bir yerdə yaşamırlar, həmçinin övladları da olur”.

“Nikahsız yaşayacam, karyera qurmaq istəyirəm”

M.Əzizovanın sözlərinə görə, bu cür vətəndaş nikahları sonra ciddi problem yarada bilir. Bu hallar atalığın müəyyənləşdirilməsi, alimentin ödənilməsi, əmlak bölgüsüdür ki, bunlar da əlavə vaxt və pul itkisi deməkdir. Onun sözlərinə görə, xüsusən bölgələrdə yayılmış yalnız molla kəbini ilə qurulan ailə də vətəndaş nikahı hesab edilə bilər. Bu hal daha çox kənd yerlərində müşahidə edilir.

Baxmayaraq ki, Qafqaz Müsəlmanları İdarəsinin 2010-cu ildə verdiyi qərara görə, heç bir din adamı rəsmi nikah kağızı olmadan kəbin kəsə bilməz. Bu qərar erkən nikahların qarşısını almaq məqsədilə qəbul olunmuşdu.

Vətəndaş nikahının yaşına gəldikdə, M.Əzizova bunun 30 yaşdan sonra müşahidə edildiyini dedi:

“20 yaşında bir qız mən karyera quracam, kiminlə istəsəm nikahsız yaşayaram deyə bilmir. Çünki burada valideyn və cəmiyyətin qınağı var. Amma 30 yaşında işində müəyyən səviyyəyə çatmış, cəmiyyətdə mövqeyi olan, heç bir maddi problemi olmayan bir qadın istədiyi adamla toysuz, nikahsız yaşaya bilər. Molla kəbini ilə ailə qurmaq hallar isə daha gənc yaşda olan qadınlarda müşahidə edilir. Bu isə nikahdan daha çox cinayət əməlidir”.

M.Əzizova onu da bildirdi ki, bütün bunların əvəzində Avropa modelini tətbiq etsək, bu boşanmaların sayını, ailə münaqişələri, zorakılığın sayını azaldar. Müəyyən müddət bir yerdə yaşayıb, uyğunlaşmadığını görəndə ayrıla bilirlər.

“Bu nikaha girənlər “gələcəkdə övlad dünyaya gətirə bilərikmi?”, “ona baxa bilərikmi?” suallarına da cavab tapırlar. Azərbaycanda bunun tətbiqi, qəbul olunması üçün uzun müddət vaxt lazımdır”.

Göründüyü kimi, ölkəmizdə tətbiq edilən vətəndaş nikahı Avropa dan çox fərqlidir. Avropa modelinin dəyişdirilmiş formaları daha təhlükəli görünür. Avropa qadını və kişisi düşünərək, birlikdə bu cür yaşamağa qərar verirsə, bizdə bu münasibətlər daha çox tərəflərdən birinin qərarı ilə olur. Bu isə daha faciəvi nəticələr yaradır.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm