Kamran Ağabalayev: “Sayanın quluyam, saymayanın ağası” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Kamran Ağabalayev: “Sayanın quluyam, saymayanın ağası” - MÜSAHİBƏ

Aktyor Kamran Ağabalayev Publika.az-ın "Üç nöqtə" layihəsində yarımçıq qalan sualları tamamlayıb.

Aktyorun cavablarını təqdim edirik.

- İndiki ağlım olsaydı...

- Hər şeyi eyni ilə təkrar yaşayardım, yaşadıqlarımdan peşman deyiləm.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Analar ölməzdi!

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Çox çətin sualdır ( fikrə gedir). Yəqin ki, sevdiyi xanımlara.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Sevgidə, ümumiyyətlə, məntiq deyilən anlayış yoxdur. Odur ki, hissləri məntiqə bağlamaq doğru olmazdı. Məntiq varsa, orda sevgi olmur.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Klişe fikir olsa da, hər bir yaş dövrünün öz gözəlliyi var. Özünə əmin olan xanımlar yaş kompleksi keçirmir. Meril Strip , Hilari Suonk sevdiyim aktrisalardır. Onu da qeyd edim ki, yaxşı aktrisaya hər zaman tələbat var. Fərqi yoxdur ki, o gəncdir, yaşlıdır və ya ahıl dövründədir. İstedadlısansa, dünyanın hər bir nöqtəsində iş tapacaqsan.

- Qadına qarşı şiddət...

- Xüsusilə qadınlara edilən şiddət və zorakılıq xəbərlərini oxumuram. Qadın elə zərif məxluqdur ki, onu incitmək bağışlanmaz günahdır.

- Vicdan...

- Çox vicdanlıyam.

- Təəssüf edirəm ki...

- Heç nəyə təəssüf etmirəm, bu günümdən də, keçmişimdən də razıyam.

- Vanqa nənə ilə görüşsəydim...

- Hal-əhval tutardım, gələcəklə bağlı heç nə soruşmazdım. Taleyimi özüm qururam, onu öncədən heç kim görə bilməz.

- Küsülü olduğum insana demək istəyirəm ki…

- Küsülü olduğum insan yoxdur. Əsas prinsiplərimdən biri də odur ki, sayanın quluyam, saymayanın ağası.

- Ən böyük səhvim o olub ki...

- Hazırda olduğum yerdən məmnunam, bu yerə gəlmişəmsə, deməli, səhvlərimdən düzgün nəticə çıxarmışam.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Müəyyən zamanlarda insan mütləq özü-özü ilə tək qalmalıdır.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Başa salmağa çalışıram ki, qarşısındakı uşaq deyil.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- İnsanlar özləri qeyri-bərabərliyi seçirlər, Allah insanları qeyri-bərabər yaratmayıb. Hər kəsə şans verilir ki, bərabərliyi təmin etsin. Məsələ ondadır ki, kimisi tənbəl, kimisi iradəsiz, kimisi də zəif olduğu üçün öz həyatı və amalı uğrunda mübarizə aparmır. Hamı deyir ki, ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Yaxşı olacaq.

- Günahlarım yadıma düşəndə...

- Günahlarım çoxdur, onlar haqqında fikirləşməyə vaxt yetməz.

- Övladlarıma ən çox onu məsləhət görürəm ki…

- Ədalətli olsunlar və yalan danışmasınlar. Yaxşı və pis iş görməsindən asılı olmayaraq, düzünü desinlər.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- İnanıram ki, ədalət bumeranqdır. Bu gün kimə qarşı ədalətli davranırsan, sabah mütləq sənə qarşı da ədalətli davranacaqlar.

- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...

- Tənha, qaranlıq otaqda və sakitçilikdə düşünərək hər bir problemin çıxış yolunu tapmaq olar.

- Yaxşı gündə, pis gündə...

- Ailəm, dostlarım yanımda olsun.

- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı idi.

- Təşəkkür edirəm.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm