Aksyonovun cins kurtkasından çıxanlar
Bizi izləyin

Art

Aksyonovun cins kurtkasından çıxanlar

Aksyonovun cins kurtkasından çıxanlar

və ya "Sirli ehtiras" serialına baxış

Film Aksyonovun eyni adlı əsəri əsasında çəkilib. Roman çap olunan kimi səs-küy yaratdı, etirazlar, qalmaqallar ədəbi mühiti bürüdü. Aksyonovun cins kurtkasından çıxan 60-cılar çox məqamla razılaşmırdılar. Axı “60-lar” ifadəsini işlədən Aksyonov olmuşdu...Onu bu avtobioqrafik olmayan əsərə görə bağışlamaq olardı. Amma...

Aksyonovun çox fiqurlu felyetonu avtobioqrafiyaya, eyni zamanda melodramaya çevrilir. Estet və pijon Aksyonov bütün film boyu dramatik şəkildə susur (aktyor bu işin öhdəsindən ustalıqla gəlir) ehtiras semantikası mahiyyətini dəyişir Vaksonun qadınlara olan ehtirasına çevrilir. Əslində isə bu yaradıcılıq ehtirası kimi təqdim olunmalıydı (Axmadulinanın şeirindən sitatdan gələn «к предательству таинственная страсть» fikri) . Ekran həllində bu xətt unudulur. Sadə olmayan qadın talelərinin daha qabarıq verilməsi serialı popsaya yaxınlaşdırırır.

Tanınan təxəllüslərlə gizlənən qəhrəmanlar daxili dram və dərinlikdən uzaqdırlar. Axı onlar müharibə uşaqlarıdır, çoxunun valideyni QULAQ da olub. Anlaşılmır ki, kifayət qədər maddi cəhətdən təmin olunmuş bu gənclər hələ ki Stalindən qalma Moskva mühitində nədən heyrandırlar, kədəridirlər? Onların azadlığı Koktebelə getməkdir, təbii rəhbərliyin icazəsi ilə. Biz yuxarının boğduğu azadlığın insanı məhv etməsindən çox hakimiyyətdən narazılıqdan kədərlənib qəmli halda elə o hakimiyyətdən Kutuzov prospektindən 3 otaqlı mənzil qəbul etmək paradoksudur. Yaradıcılığın məqsədi özünü təsdiq və Peredelkinoda bağ evidir.

Aksyonov "Sirli ehtiras"ın girişində memuar janrına etibar etmədiyini və şərti mühit yaratmaq istədiyini yazır. Aksyonov Yevtuşenko, Axmadulina və Vısotskinin həyatında olan ən gizli mətləbləri çəkinmədən qələmə alıb, hətta həmin mühiti də çılpaqlığı ilə yaradıb.

Biz bədii və sənədli olanın qovuşuğuna nəzər yetirək. Ekranlara çıxan "Sirli ehtiras" televiziya filmi də xeyli mübahisələrə yol açdı. Filmin müəllifləri bu işin öhdəsindən gəliblərmi? Kitabda Aksyonov, Yevtuşenko, Rojdestvenski, Voznesenski, Axmadulina, bir sözlə 60-cılar var. Amma özləri yox, şərti adlarla müəllif onların monumentini yaradıb və deyərdim, uğurlu alınıb. Aksyonov bioqrafik roman yazmamışdı, altmışıncılara oxşarların təsvirini vermişdi. Elə filmin də böyük müsahibə janrında qurulması müəllif təhkiyəsini birinci seriyadan dağıdır. Amma "dağılma" uğurlu alındımı?

60-cılar 1930-cu illərdə doğulan müharibə uşaqlarının Stalin yumruğundan xilas olaraq nəfəs alanlar idi. Rus ədəbiyyatının "gümüş dövründən" sonra ən böyük dönəmi idi 60-cı illər. Siqaret tüstüsünün boğucu havasında bir-birinə oxunan şeirlər, mübahisələr, aşiq olmalar, içki içməklər və yenidən mübahisə, yenidən aşiq olma... Qəribə, qibtəedici bu saf mühit uğurla yaradılıb filmdə. Qəhrəmanların hamısı gənc, cəsarətli, istedadlı...Artıq o yaşlarında dahi olanların taleyin ironiyası ilə eyni vaxtda, eyni coğrafi məkanda toplanmaları belə möcüzə idi. Bu möcüzə içkinin bihuş etdiyi, siqaret tüstüsünün dolduğu kadrlarda dərhal qabarır. Rejissor mühiti və portretləri uğurla yaradıb. Baxış zamanı bəzi yerlədə mövzuların uzunçuluqla təqdimatı hiss olunur ki, bu da televiziya filmi estetikasının zaman doldurma basmaqəlibindən gəlmə tələbidir. Bu ekran işi ilk növbədə SSRİ ilə birlikdə tarixə atılmış 60-cıların yaradıcılığı və mübarizəsi ilə tanışlıq oldu.

“Serial zövqün təntənəsidir” fikrini işlətmək olar. Burada poetik zövq ekran işinə köçüb, ona öz rişələrini bəxş edib. Bu həm də sağlam düşüncənin qələbəsidir. Serial axmaq nostalji dumanından seyrçini çıxarıb, Sovet İmperiyasının mahiyyətini olduğu kimi göstərir. Bəli, yaradıcı adamlar o vaxt yaxşı yaşayırdılar-qonorar, maşın, mənzil.., amma azadlıq əvəzinə bunlar verilirdi və filmdə bu ideya qırmızı xətlə göstərilir. Serialda antisovet, antistalin, antitotalitar çağırışlar geniş yer alıb. Kütləyə sosial mesaj ötürülür: hakimiyyət, ümumi olan hər şey pisdir, yaxşı olan şəxsiyyətdir. İllərdir televiziyada Pasternakın heç nədən məhv edilməsinin acısını bu qədər bədii qüvvətlə, siyasi nida ilə verməmişdilər. Böyük rus şairini son həddə qədər sındıran rejimin onun ölüsündən də qorxduğu filmdə ifşa olunur.

Aktyorlar çox parlaq ifaları ilə yadda qalırlar. Onlar təsvir olunanları oynamırlar. Baxmayaraq ki, film reallıq motivləri əsasında yazılmış romanın motivləri ilə çəkilib. Amma bu Axmadulina deyil, Rojdestvenski deyil. Onlar özlərini oynayırlar, öz dahiliklərini və azadlıq savaşlarını sərgiləyirlər. Rusiyanın prima aktyorları ekrandan tamaşaçıya rus ədəbiyyatının incilərini oxumaqla böyük hədiyyə verirlər.

Serialdan çox şey gözlənilirdi. Rejissor Vlad Furman, ssenari müəllifi Yelena Rayskaya, prodüser Denis Yevstiqneyev ilk serialarda ancaq mühiti yaratmağa çalışırdılar. Yalnız 11 seriyadan sonra serialın qanunları işə düşür, ehtiras, sevgi, drama meydana çıxır. İlk on seriya dövrün ədəbi mühitinin imitasiyası gedir ki, bu da tanışlıq üçün yaxşı televiziya filmi qanunlarına ziddir. Zamanın təsviri səthi verilir, detallar azlıq təşkil edir. Sonsuz sayda olan baş qəhrəmanların inkişaf etməyən xətləri, yarımçıqlıqlar... Film müəllifləri oxu atıb, yayı gizlədirlər-ədəbi nəhəngləri səhnəyə çıxarıb, hamısını yarımçıq qoyurlar. Aksyonovun romanında real adamlar yoxdur. Vakson, Yan Tuşinski, Anton Andreotis, Nella Axxo, Yakov Protskiy, Kukuş Oktava personajdılar. Müəllif onları qəhrəmana çevirmir, mühitin tamamlayıcısı kimi təqdim edir. İlk on seriya heçə gedir, yalnız son üç seriya bütün filmi xilas edir.

Filmdə yanaşma başqadır və əsəri avtobioqrafiqləşdirir. Leonid Kulaginin ifasında yaşlı Aksyonovu görürük və o bütün sirlərin üstünü elə əvvəldən açmağa başlayır. Birbaşa mətnlə müəllifin çəkdiyi pərdəni sökür. Elə buradaca Vakson gənc Aksyonova dönür, Tuşinski Yevtuşenkoya, Andriotis Andrey Voznesenskiyə, Nella Axxo Axmadulinaya, Peoskiy Brodskiyə, Oktava Okucavaya çevrilir- əsərin magiyası dağılır, avtobioqrafik serial meydana gəlir. Fikrimizcə, bu açılış əsərin bədii fəndini aradan götürərək onun başlıca təqdimat qanununu pozmuş olur.

Aktyor seçimi olduqca uğurludur: Aleksey Morozov -Vakson (Vasili Aksyonov) Çulpan Xamatova - Nella Axxo (Bella Axmadulina), Filip Yankovski- Yan Tuşinski (Yevgeni Yevtuşenko), Yevgeni Pavlov - Anton Andreotis (Andrey Voznesenski), Aleksander İlyin - Robert Er (Robert Rojdestvenski), Sergey Bezrukov- Şaquli Vlad (Vladimir Vısotski), Sofiia Zaika - Yevgeniya Marie (Marina Vlady) Artur Beşastnov- Protskiy Yakob (İosif Brodsky), Sergey Losev-Nikita Xruşşov, Sergey Varçuk- Boris Leonidoviç Pasternak və başqa aktyorların ifasını qeyd etməliyik. Aktyorların hamısı öz prototiplərinə bənzəməsə də, seçim şəksiz əladır.

Zaman hadisələrin üzərindən süzür, Pasternaka qarşı kampaniya, onun dəfni, Xruşşovun Voznesenskinin üstünə çığırması, Lujnikdə modernistlərin darmadağın edilməsi, İosif Brodskinin məhkəməsi... hər şey olduğu kimi var, amma detal yoxdur, həyatın özü yoxdur, dövrün çaları yoxdur.

60-cıların yeni ekran gəzişməsi olan "Sirli ehtiras" serialı Pasternakı da fərqli göstərdi. Açıq göstərdilər ki, niyə o dövrünün yad adamı . Pasternak ekranda görünən kimi hər şey bir anda dəyişir, qəribə həyəcan gəlir. Nobeldən imtina edən böyük yazarın "Doktor Jivaqo" əsərinin səhifələri bir-birinə ötürməklə oxumaqları səhnəsi emosiyanın partlayışı 60--cıların doğuluş anı kimi təqdim olunur.

Güclü aktyor heyəti nə oynasın? Şeir deməkdən başqa işləri qalmır. Aksyonov başqa adla bu "qəhrəmanları" balacalaşdırmışdı. İndi filmdə onlar öz adları ilə böyüməlidirlər, amma necə? Rejissor bu işin öhdəsindən gələ bilmir. Olduqca istedadlı, xarakterli Filip Yankovski "simasız" Yevtuşenkoda "ölür". Aksyonov Yevtuşenkonu sevmirdi və əsərində onu mümkün qədər cılızlaşdırmışdı. Andrey Voznesenskiy əlində rəngli dəsmallar ilə şeirlər deyərək film boyu dolaşır və Xruşşova cavab səhnəsindən başqa heç nə ilə yadda qalmır. Okudcava ilə rejissor ancaq boşluqları doldurur, keçid lazım olan kimi "Kukuş, oxu" səslənir və sonuncu trolleybusdan oxuyur.

Olduqca güclü aktyor olan Sergey Bezrukov (Hamletin monoloqunu çıxmaq şərtilə) qıraqda qalır. Filmdə əsərdə olan sirli ehtiras yoxdur. Böyük şair hər dəqiqə qəhrəmanlıq etməməlidir. Həyatda o simasız, kiçik, günahkar ola bilər-yaradıcılıqda yox. Bax, filmdə bu ideya özünü əks etdirmir.

Bella Axmadulina Yevtuşenkonu atıb Yuriy Nagibinin yanına gedir. Filmdə Nagibin quru, deyingən qoca, səhər-axşam çap maşınınıtıqqılladan mənasız adam kimi təsvir olunur. Gənc Bella onunla darıxır, ona dözə bilmir. Yuriy Nagibinin gündəliyində isə başqa şey oxuyuruq. Orada sönməz kişi qadın ehtirası təsvir olunur. O heç də bezdirici qoca deyildi, ehtiraslı aşiq idi.

Maraqlı tapıntı "Sovremennik" teatrında "Adi əhvalat" (Qonçarov) tamaşası səhnəsidir. Mixail Kazakovu və Oleq Tabakovu oğlanları Kirill və Anton oynayır. Amma Qalina Volçek özü öz roluna çəkilib. Böyük, gözəl Volçek bu yaşında da gözəl görünür və mühiti tamamlayır. O öz quruluşu barədə "həmyaşıdları" Yevtuşenko, Voznesenski, Axmadulinaya eyni şövqlə danışır.

Peterburq aktyoru Aleksey Marozovun usta ifasını qeyd etmək lazımdır. Vaksonu oynayan aktyor ustalıqla kadrda susa bilir, baxışları ilə hər şeyi deməyi bacarır. Çulpan Xamatov isə Axmadullinanın ekran abidəsini yaradır. Hər iki aktyorun səmimi, inandırıcı ifası bütün filmi xilas edir desək, yanılmarıq.

Sonuncu seriyada 60-cıların faciəsi olan Praqaya 1968-ci ildə tankların girməsi hadisəsinin xüsusi bədii qüvvətlə, güclü emosional fonla təqdim olunması filmin ən böyük uğuru idi. Bu 60-cıların sonu idi. Aksyonovun “cins kurtkasından çıxanların” yolu buradaca ayrılır. Aksyonovu mühacirət, digərlərini isə medal, mükafatlar gözləyəcəkdi. Əslində bu əsərdə Aksyonov öz cins kurtkasının qisasını almışdı. Film isə qisas yox, dövrün ədəbi mühitini yaratmağa yönəlmişdi.

1968-in Praqası vəYevtuşenkonun məşhur «Танки идут по Праге в затканной крови рассвета. Танки идут по правде, которая не газета»sı... Bax burada sınma baş verir- qadağan olunmuş məhəbbət, qeyri-insani hakimiyyət, ömürləri sındıran sistem canlanır. 60-cı illər romantika deyil, ayaqyalın gəzən gözəl qız deyil, axşamlarda tvist deyil və şairlərin qardaşlığı deyil. Bu sınmadır! Bitiş nöqtəsidir.

13 serialı filmin ən cəlbedici məqamlarından biri Axmadulina, Yevtuşenko, Rojdestvenski, Voznesenski və Brodskinin şeirlərinin deyilməsidir. Rejissor hər seriyanı onların kütlə içində bu şeirləri deməyə başlaması ilə semantik yanaşmanı qoruyub saxlayır. Hər halda vaxtınız olsa, seriala baxın, dəyər! 60-cılar Stalinizmin bütün qadağalarından çıxıb rahat nəfəs almaq istəyənlər idi. Onlar nə qədər də azad görünmək istəsələr də Stalin dekorasiyası hələ səhnədə idi. Əslində 60-cı haqqında, ya da o nəslə aid yazarlarımızdan bəhrələnib belə bir serial çəkə bilmərik? Anarın “Sizsiz”, Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Ölüm hökmü” və s. Deyəsən mən də 60-cılar kimi xəyallara çox daldım.

Yevgeni Yevtuşenko serial haqqında bu şeiri yazıbsa, deməli serial hadisəyə çevrilə bildi:

Я боялся этого фильма.
Наша молодость не была
ни двуличной, ни простофильной.
Но всего изменить не могла.
Я сначала был сентиментален
и растроган игрою Чулпан,
Но у нас был враг общий – Сталин,
ну а вышло, что пьяный туман.
И по фильму всему расползались,
в нас трусливенькое находя,
К поколению нашему зависть,
страх невидимого вождя.
Я, оказывается, от Хрущева
Неизвестного не защищал.
И Андропов меня прощенно
политически просвещал.
Режиссера находки «бесценны»,
уж простите, что виноват.
Вознесенского я со сцены
так по-дьявольски спихивал в ад.
Сценарист, где же ваша совесть?
Даже Белу, и ту очерня,
Ну зачем после смерти ссорить
вы хотите с любимой меня?
Не писал ни «Бабьего яра»,
ни «Наследников Сталина я.
Мы – растратчики божьего дара,
мы – тусовщики, а не семья?
Все мечтают пережениться,
и тихайшенький старичок
Бродит, смирный такой, Солженицын,
словно комнатный хомячок.
Мы в цензуры безжалостной люльки
вырастали, ее разломав.
Ну а в фильме сплошные танцульки.
Где же весь наш рисковый размах?
Где гражданская наша отвага?
В фильме все мы из мелких бузил
В пиджаке из кубинского флага
перед Кастро я так лебезил.
Но легенды о нас – это были,
и легенды всех сплетен сильней.
Так за что нас так люди любили,
если мы не любили людей?

Elçin Əlibəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm