Mikayıl Müşfiq ilin ən uzun yağmurlu bir qış gecəsində QONAQ GƏLDİ - REPORTAJ/FOTO
Bizi izləyin

Art

Mikayıl Müşfiq ilin ən uzun yağmurlu bir qış gecəsində QONAQ GƏLDİ - REPORTAJ/FOTO

Mikayıl Müşfiq vurğunları ilin ən uzun yağmurlu bir qış gecəsində - dekabrın 21-də, Heydər Əliyev Sarayında şairin yaradıcılığına həsr olunmuş musiqili konsert proqramına toplaşmışdı. Konsertin başlamasına bir saat qalmasına baxmayaraq, söz sənətinin ilahi təsir qüvvəsinə acmış tamaşaçılar zərrələrini şairin dərin, bir o qədər də qiymətli şeiriyyatı ilə qidalandırmağa və onun poeziyasının sehrinə düşməyə tələsirdi.

Publika.az xəbər verir ki, Azərbaycan Televiziyasının Mədəniyyət kanalı və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə keçirilən “Müşfiqli dünya” adlı ədəbi-bədii gecədə əsas sözü Mikayıl Müşfiq poeziyası və ölməz şairin sözlərinə yazılan nəğmələr deyirdi. Mikayıl Müşfiqə həsr olunmuş tədbirdə canlı musiqi ilə poeziyanın ahəngdar vəhdəti monoton həyatın və texnologiyaların iflasa apardığı mənəviyyatımızı zənginliyə və aydınlığa dəvət edirdi.

Ədəbi-bədii gecədə Respublikanın Xalq artistləri Zaur Rzayev, Ramiz Quliyev, Gülyaz Məmmədova, Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova, Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Babək Niftəliyev, Azərbaycan Televiziya və Radiosunun solistləri Zabitə Alıyeva, Arzu Əliyeva, Sərxan Bünyadzadə, Pərviz Qasımov, Səbinə Ərəbli, İlkin Əhmədov, Ayşən Mehdiyeva, Məmməd Nəcəfov, Nadir Qafarzadə, Günay İmamverdiyeva, Aytən Məhərrəmova, Könül Məmmədli və başqaları M.Müşfiqin şeirlərinə yazılmış nəğmələri ilə bütün zalı poetik düşüncələr dəryasına qərq edirdi. Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi ​​“Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən baş tutan konsertdə müğənnilərin canlı orkestrin müşayiəti altında səsləndirdiyi ifaları qəlbimizin sarı simlərinə toxunaraq sönmüş duyğulara işıq salırdı. Sözsüz ki, tamaşaçılar da öz növbəsində görkəmli sənət nümayəndələrinin nəğmə payını qarşılıqsız qoymur, minnətdarlıq əlaməti olaraq onları gurultulu alqışlarla mükafatlandırırdı. Bu alqışlar həm də əbədiyaşar sənətkarın ruhuna dərin ehtiramın ifadəsi idi.

Sağ ikən sarsılmaz varlığı ilə ədəbiyyat tarixində silinməz izlər buraxan söz ustadının bu gecə yoxluğu da cəsarətli davranmışdı. Mikayıl Müşfiqin şeir misralarında gizlənmiş ruhu sanki sarayda gəzişir və bizi darıxmağa qoymurdu. Saray səhnəsinin divarlarını bəzəyən lirikası şairin bu gecə bizi tək qoymadığını pıçıldayırdı. Ədəbi-bədii gecənin aparıcısı Ayşən Şakirqızının məlahətli dilindən səslənən əsərlər sərin bulaq suyu kimi qulaqlarımızdan beynimizə, ordan isə qəlbimizə axaraq sənətkarın ölmədiyini, əslində əbədiyyətə qovuşduğunu bizə bir daha xatırladırdı. Heydər Əliyev sarayının səhnəsində reallaşan Mikayıl Müşfiqin şeir rüzgarının ilahi gücü zalda oturanları tilsimə salaraq həyatının ən gözəl çağında öldürülən şairin köksümüzdə yer salmış nisgilini qovmağa çalışırdı.

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin yaradıcılıq gecəsi alqışlarla başa çatdı. Lakin yüksək səviyyədə təşkil olunmuş poeziya axşamı bütün zalı elə bir mənəvi yüksəkliyə qaldırmışdı ki, heç kim yerindən tərpənmək və bu konsertin bitməsini istəmirdi. Şübhəsiz ki, qonaqlar hələ uzun müddət poeziya terapiyasının təsirindən çıxa bilməyəcək. Axı Mikayıl Müşviq 29 illik kiçik ömrə sığışan böyük sənət uğurları, qeyri adi yaradıcılığı ilə bu gün də insanları həm düşündürür, həm heyrətləndirir, həm də sevindirir. Odur ki, ölməz şairin sənət nümunələrinin yanğısı qəlbimizi isitməyə və qulaqlarımızda səslənməyə hələ çox davam edəcək.

Mikayıl Müşfiq qısa ömrünə baxmayaraq, orijinal əsərləri ilə Azərbaycan ədəbiyyatında dərin iz qoyub, qədim və qüdrətli Azərbaycan poeziyasında öz yolunu yaradıb. Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm