Dünya şöhrətli film irqçiliyə görə yayımdan qaldırıldı - “Rişxəndlə gülümsəyirəm”
Bizi izləyin

Art

Dünya şöhrətli film irqçiliyə görə yayımdan qaldırıldı - “Rişxəndlə gülümsəyirəm”

ABŞ-ın “HBO Max” şirkəti bu yaxınlarda polis zorakılığı nəticəsində öldürülən afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar baş verən geniş etirazlarından sonra “Küləklə sovrulanlar” filmini siyahıdan çıxarıb. Səbəb kimi filmdə rasizm ideyalarının təbliğ olunması əsas gətirilib.

“HBO Max” filmi geri qaytaracağını vəd etsə də, “mübahisəli mövzular” barədə qeydlər olduğunu bildirib.

Publika.az xəbər verir ki, “Vəkil”, “Qayıtmasam da gözlə” romanlarının, “Ayaqlarım üşüyürdü”, həmçinin “Pərdələri çəkin” kitablarının müəllifi, tanınmış yazıçı Aytən Cavanşir bu məsələyə biganə qalmayıb. “Küləklə sovrulanlar”ın sevimli filmlər siyahısına daxil olduğunu deyən yazıçı son günlərdə ekran işi ətrafında yayılan iddiaların cəfəng olduğunu qeyd edib:

“Marqaret Mitçelin müəllifi olduğu roman əsasında ekranlaşdırılmış “Küləklə sovrulanlar” filminin irqçilikdə təqsirləndirilməsini absurd hesab edirəm.

Ondan başlayaq ki, film romanın 40 faizini əhatə edir. Bəli, filmdə aktyor seçimi baxımından razılaşmadığım məqamlar var. Lakin filmin məhz rasizmdə suçlandırılması çox güman ki, digər səbəblərdən doğur. Qaradərililərin aşağılanması? Əsərin cərəyan etdiyi dövrdə Amerikada quldarlıq qanuni idi. Bu səbəbdən qaradərililərin xadimə, qul rolunda nümayiş olunması təbii idi. Biz faktın nümayiş olunması ilə təbliğatı ayıra bilmirikmi? Hələ üstəlik bu cür böyük televiziya şəbəkəsi? İndi neçə onillikdən sonra bu film təhlükəli hesab edildi? Terrorun, dini ekstremizmin açıq və ya gizlin şəkildə müxtəlif filmlər vasitəsilə təbliğ olunmasının şahidi olmamışıq məgər? Müqayisə etmək qabiliyyətinə malikdirlər”.

Aytən Cavanşirin sözlərinə görə,“Küləklə sovrulanlar” kimi dünya ekran əsərinə “rasizm yarlığı” vurmaq incəsənətin alçaldılması, müqəddəs dəyərlərin tapdalanmasıdır və bu, dünya ədəbiyyatı üçün haqsızlıqdır:

“İnsanları rənglərə bölməyin əleyhdarıyam təbii. Lakin bəlli məqsədlər dolayısından qatı cinayətkarı qəhrəman elan etmək və bunun fonunda dünyadakı bütün qaradərililərə qarşı haqsızlığın hökm sürdüyünü iddia etmək düzgün deyil. Olduqca ədalətli olmağa çalışıram. Amma zaman-zaman irqçilik mövzusunun şişirdilərək yersiz şəkildə səhnəyə atıldığını gördükdə, sanki, ədalət tərəzisinin xarab olduğunu müşahidə edib rişxəndlə gülümsəməkdən savayı əlacım qalmır. Şərqdən Qərbə mühacirət edən ağdərilərin aşağılanması bunun qədər niyə gündəmə gətirilmir əcaba?

Hələ bu qurama çaxnaşmaya həyatının amalı qarderobunu “Chanel” və “Louis Viutton”la zənginləşdirmək olan yelbeyin dəb blogerlərinin qoşulması daha gülməli görünür. “O lya lya, deyəsən, nəsə piş şey baş verib. Gəlin, biz də “fleşmob”da iştirak edək. Ancaq gərək dodaq boyamın rəngini donumun rənginə uyğun seçim”.

Dünyada diskriminasiyaya uğrayanlar arasında bütün dəri rənglərinin nümayəndəsi var. Yoxsul insanın tibbi xidmətlərdən təcrid olunması irqçilik qədər qorxuncdur.

Filmə qaldıqda, tezliklə onun barədə çıxarılmış qərarın dəyişiləcəyinə ümid edirəm”.

Məlumat üçün bildirək ki, Amerika şirkətlərinin ABŞ-da davam edən etiraz səbəbiylə bəzi ekran işlərini göstərməkdən imtina etməsi ilk dəfə deyil. Belə ki, “Paramount Network” televiziya kanalı “Cops” serialını efirdən çıxarıb, onun 33-cü mövsümü 15 iyunda başlamalı idi. “Color of Change” adlı vətəndaş hüquqları təşkilatı istehsalçıları və reklamçıları “qaradərili amerikalıların və cinayət ədliyyə sisteminin alçaldıcı imicini” yaratmaqda günahlandırmış və layihəni yayımdan qaldırmağa çalışmışdı.

Qeyd edək ki, “Küləklə sovrulanlar” Marqaret Mitçellin 1936-cı ildə Pulitser mükafatına layiq görülmüş eyni adlı romanı əsasında, 1939-cu ildə çəkilmiş epik tarixi sevgi filmidir. Film Viktor Fleminqin rejissorluğu ilə çəkilib. Hadisələrin XIX əsrdə Şimali Amerikada baş verdiyi filmdə, Corciyada plantasiya sahibinin möhkəm iradəli qızı Skarlett O’Hara, Eşli Uilkes, Melani Hemilton və Ret Batlerin həyatından bəhs olunur. Hadisələr ABŞ Vətəndaş müharibəsi və Cənubda yenidənqurma fonunda baş verir və əhvalatlar ağ dərili cənubluların mövqeyindən danışılır. Filmdə əsas rollar Vivyen Li (Skarlett), Klark Qeybl (Ret), Lesli Hovard (Eşli) və Oliviya de Hevillend (Melani) tərəfindən canlandırılıb.

Filmdə tarixi revizionizmə yer verilməsi və quldarlığın tərənnümü tənqid edilsə də, bunun afro-amerikanların təsvirinin dəyişdirilməsi üçün edildiyi də vurğulanıb. XX əsr boyunca film bir neçə dəfə təkrarən çıxarılıb və populyar mədəniyyətə əsaslı təsir edib. “Küləklə Sovrulanlar” Amerika Film İnstitutunun 100 Ən Yaxşı ABŞ Filmi siyahısının ilk onluğuna salınıb və Milli Film Registerində qeydiyyata alınıb.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm