Heydər Əliyevin kabinetinə daxil olanda gördüm ki... - Məşhur şairdən ETİRAFLAR (VİDEO)
Bizi izləyin

Art

Heydər Əliyevin kabinetinə daxil olanda gördüm ki... - Məşhur şairdən ETİRAFLAR (VİDEO)

Video əlavə olunub.

xxx

Onunla iş otağında söhbətləşdik. Son günlər ağırlaşan səhhətindən, prezidentlərlə xatirələrindən, bütün dünyada məşhurlaşan şeirinin yazılma tarixçəsindən danışdıq.

Türk dünyasının böyük şairi Rüstəm Behrudinin Publika.az-a müsahibəsini təqdim edirik:

- Rüstəm müəllim, hazırda səhhətiniz necədir? Özünüzü necə hiss edirsiniz?

- Tural, ağrılar imkan vermir. Şəkərlə, təzyiqlə mübarizədəyəm. Şəkərim bəzən 170 olur. Təzyiqim də yüksəkdir. Adam komaya düşə bilər. Amma mən mübarizə aparıram. Heç kim ağrıdığıma inanmır, hətta anam da... Deyir ki, sənin heç nəyin yoxdur. Anamı da inandıra bilmirəm, anam dindar insandır. Namaz qılan, oruc tutan bir xanımdır. Deyirəm ki, Quran gətir əl basım ki, vallah ağrıyıram (gülür). Boynumda mil var, başım həmin millərin üzərində durur. O vaxt əməliyyat da olunmuşam. Həkim dostlarım var, müalicəmlə məşğuldurlar. Əvvəl təsir edən dərmanlar indi çarə qılmır. Çünki sinirlərim pozulub. İndi də pandemiyaya görə heç yerə çıxmaq olmur. Yollar açılan kimi xaricə, səhiyyəsi inkişaf etmiş ölkələrdən birinə gedəcəyəm, görək nə olur...

- Səhhətiniz yaradıcılığınıza mane olur?

- İmkan verir ki?! Heç nə edə bilmirəm. Yazmağa, işləməyə qoymur. Bu dörd-beş ayda heç nə edə bilməmişəm. Ancaq evdə olmuşam. Bir-iki dəfə ağrıyanda Salyana balıq tutmağa getmişəm. Özümlə tək qalmaq istəyəndə balıq tutmağa yollanıram. Bir az fikrim dağılır, nə bilim, ağrılarımı bu yolla unutmağa çalışıram...

- Pandemiya dövründə ədəbi mühitin durumunu necə qiymətləndirirsiniz?

- Ədəbi mühit bombozdur. Hər şey sönükdür. İndi hamını oxumaq da olmur. Əvvəllər bir dəfə qəzetdə çap olunanda şairlər məşhurlaşırdı. Çap olunmaq da çətin idi. İndi o qədər saytlar, media vasitələri var ki... Hamını oxumaq olmur. İki-üç nəfəri izləyə bilirəm. Fiziki olaraq hamını izləmək də mümkün deyil. İndi bizdə bir mənzərə formalaşıb. Hamı bir-birinə ustad deyir. Ustad nədir?! Kənardan heç də yaxşı görünmür.

- Rüstəm müəllim, bir neçə ildir ki, Yazıçılar Birliyinin qurultayı yubanır. Anar bəy də kürsünü gənclərə təhvil vermək istəmir. Hətta 13-cü qurultayın Şuşada – Vaqif poeziya günlərində keçirilməsini təklif edənlər var idi. Anar bəy dedi ki, Şuşada qurultayın keçirilməsi üçün 600 nəfərlik yer yoxdur... Sizin fikirlərinizi öyrənmək istərdik...

- Mən həmişə demişəm ki, Anarın o vəzifəyə ehtiyacı yoxdur. İndi kamillik yaşındadır. Anarın indi o yaşıdır ki, vəzifəni bir kənara qoyub yaradıcılığı ilə məşğul olmalıdır. Yazılarına daha çox vaxt ayırmalıdır, amma bunu etmir və ya etmək istəmir. Anar gərək gənclərlə mübarizə aparmaya, evdə otursa, yaradıcılıqla məşğul olsa, xatirələrini yazsa, çox yaxşı olar. Anası Nigar Rəfibəyli, atası Rəsul Rza... Gözəl xatirə əsərləri yaza bilər...

- Anar və onun nəsildaşlarının indiki gənc nəsillə ortaq yanları varmı?

- Xeyr, yoxdur. Hətta bu gün Yazıçılar Birliyinin özü Anara yükdür. Bilirsən, Anar altmışıncılar nəslinin nümayəndəsidir. O və onun ədəbi nəsildaşları istəsələr də indiki zamanla ayaqlaşa bilməzlər. Çünki indiki gənclərlə onların arasında altı onillik fərq var. Zamanla, çağla uyğunlaşma baxımından çox böyüf fərqdir. Ona görə də Yazıçılar Birliyində gənclər olmalıdır. Yenilik üçün bu önəmlidir. Görünür, Şuşadakı Vaqif poeziya günlərində özü sədr kimi iştirak etmək istəyir. Ona görə də qurultayın orada keçirilməsinə razı olmayıb.

- Əjdər Olun həbsinə münasibətiniz necədir?

- Əjdər Olla 70-ci ilin sonlarından dostluq edirik. Çox istedadlı insandır. Onun kitabına ön söz də yazmışam. Onunla yol yoldaşı kimi səfərlərdə də olmuşuq. İnanmıram ki, Əjdər rüşvət alsın. Məncə, əgər günahı varsa belə, baş verənlər sırf onun günahları deyil. O, Yazıçılar Birliyində Ədəbiyyat Fondunun da rəhbəri olub. Fikrimcə, Yazıçılar Birliyi də Əjdər Olun həbsinə münasibət bildirməlidir.

- Rüstəm müəllim, ömrünüzün 63-cü payızındasınız. 63-ə peyğəmbər yaşı da deyirlər. Heç özünüzü peyğəmbər hiss etmisinizmi?

- Bilirsən, əslində peyğəmbərlik də bir missiyadır. Onun özündə də bir azadlıq məhdudluğu var. Əslində şeir yazılan anında bütün şairlər Tanrı olur. Əgər olmadısa, o, şair deyil. Çünki sən onun qədər yaradıcı bir fövqdə olursan. Hələ azadlıq bir yana...

- Həyatınızda bir neçə dəfə prezidentlərlə görüşmüsünüz. Dövlətin birinci adamları ilə hər hansı xatirələriniz varmı?

- Elçibəy, Vəzirov və Heydər Əliyevlə görüşmüşəm... Elçibəylə dost olmuşuq. Vəzirov isə məni bir dəfə kabinetinə çağırıb. O vaxt bir şeir yazmışdım. Ona demişdilər ki, bu şeiri sənin anana yazıb. Təbii ki, elə deyildi. Dil haqqında bir şeir idi. Həmin kitabı Vəzirov vərəq-vərəq cırdı və üzümə çırpdı. Onunla görüşdən üç-dörd gün sonra məni komendant saatını pozmağım ittihamı ilə həbs elədilər. Rus zabiti Tiyaqanov demişdi ki, Rüstəm Behrudi milli ekstremizmin başında gələn ilk adamdır. Meydan hərəkatında ilk dəfə tribunaya mən çıxmışdım.

- Bəs ulu öndər Heydər Əliyevlə də bağlı xatirəniz varmı?

- Heydər Əliyev çox böyük siyasətçi idi. Bir dəfə Naxçıvanda olarkən onunla görüşmüşdüm. Kabinetində ingilis, italyan, fransız siyasətçilərinin kitablarını gördüm. Çox nəhəng müəllifləri oxuyurdu. İndiki siyasətçilər bu cür kitabları oxumur. Mən həmin vaxt stolun üzərində gördüyüm kitabları tapıb oxudum, Makiavellini oxuyurdu, Heydər Əliyev... Həmin görüşdə bildim ki, bu adam siyasət dühasıdır.

- Sizi bütün dünya, eləcə də türk dünyası “Salam, dar ağacı!” şeiri ilə tanıyır... O şeirin necə yazılması yadınızdadırmı?

- Özbəkistanda idik. O şeir Əmir Teymurun məzarı başında yazılan düşüncələr idi. Məzarın yanında qurumuş bir ağac gözümə sataşdı. Bu şeir türk mifologiyası ilə yoğrulub. İlk dəfə bədahətən orada dedim. Bir özbək şairi şeiri deyərkən səsimi diktofona yazdı. Sonradan Bakıya qayıdanda onu yazıya köçürdüm. Çap olundu. Əvvəlcə Özbəkistanda məşhurlaşdı, sonra Türkiyədə... Hətta Türkiyədə jurnalların üz qapağında verilirdi... Görkəmli alimimiz Firudin Cəlilov bir dəfə yazmışdı ki, ümumtürk poeziyası 20-ci əsrdən 21-ci əsrə təkcə bir şeirlə - Rüstəm Behrudinin “Salam, dar ağacı!” ilə keçir... Dostum Kamal Abdulla yazır ki, kimi ədəbiyyata bir şeirlə, kimisi bir misra ilə, Rüstəm Behrudi isə üç sözlə düşüb, “Salam, dar ağacı!”

- Yeni kitablarınız çıxacaqdı xarici ölkələrdə... Nə yerdə qaldı?

- İngilis dilində kitabım çıxacaqdı. Hələ ki, qalıb... Yəqin ki, yaxın aylarda çap olunacaq. Alman dilində kitabım işıq üzü görüb, bir neçə nüsxəsini mənə də göndəriblər. Müharibə ilə bağlı 4-5 şeir yazmışam. Səhhətim imkan versə, çap etdirəcəyəm. Hələ ki, səhhətim işləməyə, yaradıcılıqla məşğul olmağa imkan vermir.

Tural Turan,

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm