44 günlük savaşla bağlı “Azərbaycanfilm” nələr edir? - Kinostudiyadan REPORTAJ
Bizi izləyin

Art

44 günlük savaşla bağlı “Azərbaycanfilm” nələr edir? - Kinostudiyadan REPORTAJ

Bu dəfə fotoqrafımz Pərviz Həşimi ilə yolumuzu Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından salacağıq. Oradan film-reportaj hazırlamağı düşünürük.

Kinostudiyada gördüklərimizi siz də Publika.az-ın obyektivindən izləmək istəyirsinizsə, o zaman monitora bir qədər də yaxın əyləşin.

Dubl 1. Eksteryer. Kinostudiyanın həyəti… Motor!

Kinostudiyanın həyətində bizi orta yaşlı bir mühafiəzçi qarşılayır. Kinostudiyanın yeni təyin olunmuş direktoru Fariz Əhmədovla görüşümüz var, özü də onun yarısında – deyirik. Məlumatı dəqiqləşdirdikdən sonra mühafizəçi – arxamca gəlin – deyib bizi direktorun otağının yerləşdiyi binaya tərəf aparır. Dahi dramaturqun – Cəfər Cabbarlını deyirəm - solğun heykəli önündən keçib kinostudiyanın mürgüləyən, solğun baxışlı binası önündən keçirik.

Direktorun xəbəri var, sizin də xəbəriniz olsun ki, səbəbi-ziyarətimiz 44 günlük şanlı Vətən Müharibəsindən sonra burada ikinci Qarabağ savaşlı ilə bağlı nə kimi işlərin görülməsi ilə yerindəcə tanış olmaqdır.

İşçilərdən biri ilə yolüstü söhbətləşirik. Deyir ki, kinostudiya 1965-ci ildən bəri təmir olunmayıb. Amma 37 yaşlı gənc direktorun gəlişindən sonra bir canlanma var. Pilləkənlərlə bir neçə mərtəbə yuxarı qalxırıq. Bizə elə gəlir ki, kinostudiyanın pilləkənlərində hələ də 1965-ci ildir, sanki 56-57 yaşlı məhəccərlər də əlimdən tutma, yıxılarsan söyləyir…

Dubl 2. İnteryer. Fariz Əhmədovun iş otağının qarşısı… Motor!

Gənc direktorla görüşənə qədər gülərüz xanım bizə çay təklif edir. Təşəkkür edib yerimizə yenicə əyləşirik ki, gənc bir oğlan içəri girir. Bizimlə təbəssümlə salamlaşır. Otağına dəvət edir.

Dubl 3. İnteryer. Direktorla çay süfrəsi ətrafında müsahibə… Masanın üzərində Şəkidən gəlmiş “Ələhməd halvası”…

- Fariz müəllim, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra ictimayyət nümayəndələri, mədəniyyət xadimləri ordumuzun xalqımızla birgə yazdığı qəhrəmanlıq salnamələrini filmlərə daşınmasının vacibliyindən danışdılar. Hazırda kinostudiyada bununla bağlı hansı işlər görülür?

- Savaş haqqında yaxşı filmlər müharibədən bir xeyli sonra çəkilir. Bunun da səbəbləri var. Əgər söhbət bədii filmdən gedirsə, burada əhvalatların, “istoriyaların” alınması; yəni, biz Şuşanı necə aldıq, müharibə necə başladı suallarına dəqiq cavab tapmaqdır əsas məsələ… Hazırda bu yöndə Müdafiə Nazirliyi ilə iş gedir.

- Yəni?

- Biz Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif birləşmələri, müxtəlif qoşun növləri, döyüşlərdə iştirak etmiş hərbi qulluqçularla, əsgərlərlə görüşüb onlardan həmin əhvalatların alınmasına başlamışıq. Onu da deyim ki, istənilən bədii filmin yaranması prosesi üçün ən azı bir ilə yaxın vaxt gedir. Əgər əlimizdə hazır ssenari varsa… Çünki bunun rejissor ssenarisinin yazılması, hazırlıq, çəkiliş və montaj-səsləndirmə dövrləri var. Hazırda ssenarilərin üzərində iş gedir, müxtəlif müəlliflərlə bu yöndə əməkdaşlıq edirik. Eksklüziv olaraq deyim ki, biz yaxın zamanlarda bununla bağlı bir ssenari qrupu yaratmağı düşünürük. Döyüşlə bağlı əhvalatları aldıqdan sonra bir ssenari qrupu bunun üzərində işləməyə başlayacaq.

- Başqa nə kimi işlər planlaşdırılır? Motor!

- Eyni zamanda, Vaqif Mustafayevə “Fəryad” filminin ikinci hissəsinin yazılması ilə bağlı sifariş vermişik. Bu bildiyimiz “Fəryad” filminin davamı olacaq. Ümid edirəm ki, onu da bu il istehsala buraxacağıq və tamaşaçılara çatdıracağıq. Artıq Vaqif müəllim bunun üzərində işləyir. Bu yöndə bizim işlərimiz gedir.

- Vətən müharibəsi ilə bağlı neçə sifariş almısınız?

- Mədəniyyət Nazirliyi həm “Azərbaycanfilm”ə, həm də “Salnamə” sənədli filmlər studiyasına Qarabağ döyüşləri ilə bağlı 2 film sifariş verib. Bunun hər ikisi Bakı Media Mərkəzi ilə müştərək aparılır. Onlardan biri 44 günlük müharibəyə həsr olunmuş bir filmdir. Burada döyüş müddəti və döyüşdən sonrakı prosesləri özündə ehtiva edən eksklüziv kadrlar yer alacaq. Həmin çəkiliş qrupu ordunun arxasınca Şuşaya girən ilk çəkiliş qruplarından biri olub. Artıq bu yöndə də iş gedir. Eyni zamanda, “Azərbaycanfilm” Bakı Media Mərkəzi ilə birgə “Biz” adlı layihənin çəkilişlərinə başlamışıq. Burada rejissor Bakı Media Mərkəzinin direktoru Orman Əliyevdir. Yəni, bu yöndə işlərimiz gedir. 44 gün içərisində Azərbaycan Ordusu bir tarix salnaməsi yazdı. Bu tarixi filmlərə köçürmək bizim işimizdir və bu yöndə də işlər davam edir.

Dubl 4. İnteryer… Təmir gedən otaqlar… Direktor və müxbir… Motor!

Fariz müəllimlə çayımızı içdikdən sonra kinostudiyanın öz imklanları hesablarına təmir olunan otaqlarına baxırıq. Bir neçə otaqda təmir işlərinin aparıldığını və işlərin sürətlə davam etdiyini görürük. Foyenin divarlarındakı film eskizlərinə baxa-baxa Fariz müəllimə suallarımızı verməyə davam edirik:

- Fariz müəllim, bu il ərzində ikinci Qarabağ savaşı ilə bağlı neçə filmi ekranlara daşımağı planlayırsınız? Yəni bu il adıçəkilən mövzuda neçə film çəkiləcək?

- Hazırda Mədəniyyət Nazirliyinin bu mövzuda iki layihəsi var. Onlar da istehsal prosesindədir. Yəqin ki, həmin sənədli filmləri beş-altı aya bitirəcəyik. Burada paralel olaraq çəkiliş və montaj işləri aparılır.

- Buradakı pavilyonların vəziyyəti necədir? Film çəkilişləri üçün əlverişlidirmi?

- İndiki müasir kinoda pavilyon adında problem yoxdur. Yəni, istənilən yer bizim üçün pavilyon ola bilər. “Azərbaycanfilm” kinostudiyasının 2 pavilyonu var. Hazırda onların hər ikisi işlək vəziyyətdədir. Hətta İctimai Televiziyanın və Azərbaycan Televiziyasının bir sıra verilişləri bu pavilyonlarda çəkilir.

- Bəs filmləri kim maliyyələşdirir? Dövlət, yoxsa..?

- Bildiyimiz kimi, bu il kino sahəsində çox böyük islahatlar həyata keçirilir. Bu islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikası Kino Agentliyinin – ARKA-nın yaranmasını göstərmək olar. Dünyada həm dövlət, həm də özəl biznesin, sahibkarların vəsaiti hesabına çəkilən filmlər var. Bizdə də proseslər bu cür baş verir. 44 günlük müharibə ilə bağlı isthsalda olan filmlərin də maliyyəsinin yarısını dövlət, digər hissəsini də Bakı Media Mərkəzi və öz sektor maliyyələşdirir. ARKA-nın yaradılması artıq daha şəffaf şəkildə dövlət və özəl sturdiyalarına sifarişlərin verilməsinə gətirib çıxaracaq. Bu da müsabiqələr nəticəsində olacaq. Qayıdışla bağlı artıq müsabiqə elan olunub.

Dubl 4. İnteryer… Rekvizit və geyim otağı… Motor!

Fariz müəllimlə bizi rekvizit otağında kinostudiyanın qocaman işçilərindən Əziz müəllim qarşılayır. Dediyinə görə, 1976-cı ildən burada çalışır. Fotoqrafım Pərvizin gözü böyüyür. Elə bil cənnətə düşüb. Onun üçün əla kadrlar olacaq, deyəsən. Köhnə filmlərin – “Babək”in, “Sehirli xalat”ın, “Dərvişin qeyidləri”nin paltarları, geyimləri, filmlərdə istifadə olunan əşyalar… Pərviz otaqlarda Leninin, Stalinin büstlərini, qədimi əşyaları çəkməkdə olsun, sizə kimdən deyim, Fariz müəllimdən…

Direktor deyir ki, İctimai Televiziya ilə müştərək bir layihəmiz var: “Nizami ili” ilə əlaqədar olaraq müasir formada 12 seriyalıq “Xosrov və Şirin” filmi çəkiləcək. “Azərbaycanfilm”lə İctimai Televiziya arasında bu cür praktika artıq var, ötən il “Anamın kitabı” layihəsi olub. Biz özəl sektoru Azərbaycan kinosuna cəlb etmək istiqamətini götürmüşük. Mədəniyyət Nazirliyinin 7-yə yaxın film studiyası var. Onlardan biri və ən böyüyü “Azərbaycanfilm”dir. Burada sənədli və xronikal süjetlərin çəkilişi ilə məşğul olan “Salnamə” studiyası var. “Azanfilm” animasiya filmlərinin istehsalı ilə məşğuldur. Burada gəncləri dəstəkləyən “Debüt” studiyası, dublaj studiyası mövcuddur. “Azanfilm”də iki animasiya filmi ilə bağlı iş gedir. “Salnamə”də milli qəhrəmanlarla bağlı layihələr davam edir. Eyni zamanda, 44 günlük müharibə ilə bağlı bir film var. Bundan başqa, Əhmədiyyə Cəbrayılov haqqında sənədli filmin istehsalı gedir”.

Bu arada, Əziz müəllim xatırladır ki, kinostudiyanın 10-15 rekvizit otağı, hətta filmlərdə istifadə olunan topu, arabası belə var…

Bəs uşaqlar? Balacalar yaddan çıxmayıb ki? Sualı bu dəfə də özünü direktor kimi yox, kinostudiyanın sıravi işçisi kimi aparan Fariz müəllimə ünvanlayıram:

- Fariz müəllim, 44 günlük müharibə ilə bağlı animasiya filmi də olacaqmı?

- “Qayıdış” müsabiqəsində animasiya da var. Ümumiyyətlə, “Qayıdış” müsabiqəsi ilə bağlı 10 film istehsala buraxılacaq. Bunlardan 5-i qısametrajlı bədii filmdir. Bunların hər birinin sifarişi dövlət tərəfindən olduqda hər birinə 50 min manat, 4 sənədli filmin hər birinə 25 min manat, 1 animasiya filminə isə 100 min manata qədər vəsait ayrılacaq. Ümumiyyətlə, animasiya çətin sahədir, həm istehsal gec gedir, həm də texniki baxımdan imkanlarımız məhduddur. Animasiya studiyalarımız yoxdur. Normal animasiya studiyasının qurulması üçün 5-10 milyon manatlıq vəsait lazımdır. Bir də ki, kadr çatışmazlığı bu sahədə həmişə əsas problem olaraq qalır…”

Dubl 5. Eksteryer… Kinostudiyanın həyəti… Müxbirlə direktor söhbətləşir. Fotoqraf isə arxa fonda fotolar çəkir…

Kinostudiyanın binasının bütövlükdə təmir edilməməsi ürəkağrıdıcıdır. Onun bu vəziyyətdə olmasına sevinən yeganə insan isə fotoqrafım Pərvizdir. Deyir ki, belə yaxşıdır, hər yerindən köhnəlik yağır. Şəkillər də “bal kimi” çıxır…

Fariz Əhmədovla kinostudiyanın təmiri məsələsindən, texniki imkanlarından danışırıq. Söyləyir ki, 1982-ci ildən sonra ilk dəfə olaraq “Azərbaycanfilm” kinostudiyasının texniki bazası yenilənib:

“Bu proses keçən ildən başlayıb. Artıq texnikanın böyük hissəsi gəlib, Bakıdadır. İndi bizim 2 bədii filmin çəkilişini paralel şəkildə aparmaq üçün kameralarımız, texniki imkanlarımız var. Bu texnika ölkədə demək olar ki, heç kimdə yoxdur. Hazırda texniki bazanın yerində təmir işləri gedir. 1965-ci ildən bəri bura təmir edilməyib. Kinostudiyanın təmiri üçün layihələndirmə işləri gedir. Ümid edirik ki, bu il də olmasa, gələn ildən kinostudiyada təmir işlərinə başlanılacaq”.

Direktor onu da əlavə edir ki, beş-altı ay ərzində xeyli işlər görülüb:

“Bir müddət sonra səsi çıxacaq. Mən xoşlayıram ki, iş yekunlaşdıqdan sonra onlar haqqında danışım. Hazırda kinostudiyanın özündə də struktur dəyişikliyi gedir. 30 ilə yaxın müddət ərzində bura struktursuz bir yer olub. Biz strukturu işlək vəziyyətə, rejimə salırıq. Yəni, direktorlar dəyişəndə aləm bir-birinə dəyməsin, bütün dünyada olduğu kimi sistem öz axarı ilə işləsin. Dünyada yüzlərlə kino şirkətləri, kinostudiyalar var, onların da özünəxas işləmə sistemləri mövcuddur, həmin sistemi burada tətbiq etməyə çalışırıq...”.

Söhbətimizin sonunda direktor əlavə edir ki, saat 4-də görüşü var. Ondan əvvəl isə bəzi işləri yerinə yetirməlidir. Bizi qapıya qədər yola salır. Cəfər Cabbarlının həyətdəki “solğun çiçək” baxışlı heykəlinə gülümsəyib sonra göz vururam...

SON...

Tural Turan

Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm