Art
O zaman cənab Prezidentin 20-21 yaşı olardı və biz... - Xalq şairi İLƏ MÜSAHİBƏ
Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə ötən gün Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi. Bundan başqa, Prezident Xalq şairini 90 illik yubileyi ilə bağlı təbrik edərək ona məktub da göndərib.
Prezidentin təltifindən sonra Xalq şairinin təəssüratlarını öyrənməyə çalışdıq. “İstiqlal” ordenli Nəriman Həsənzadənin Publika.az-a müsahibəsini təqdim edirik:
- Nəriman müəllim, Prezident ötən gün sizi “İstiqlal” ordeni ilə təltif etdi, 90 illik yubileyinizlə bağlı sizə məktub da göndərdi. Hansı hissləri keçirirsiniz?
- Allah Prezidentimizin canını sağ eləsin. Mən bundan əvvəl də mükafatlar almışam. “Heydər Əliyev” mükafatına, “Şərəf”, “Şöhrət” ordenlərinə layiq görülmüşəm. Prezidentimiz sağ olsun, həmişə yaradıcılığıma yüksək qiymət verib. Cənab Prezidentimizə minnətdarlığımı bildirirəm ki, məni “İstiqlal” ordeninə layiq gördü. 90 illiyimi unutmadı. Olduqca şadam, minnətdaram. Mənim yaradıcılığıma çox yüksək qiymət verib, sağ olsun. Bundan sonra da var gücümlə dövlətimə, xalqıma xidmət edəcəyəm.
- Təltiflə bağlı sizi ilk təbrik edən kim oldu?
- Qəribədir ki, ilk təbriki qızımdan aldım. Mənim xəbərim yox idi. Dedi ki, ay ata, səni təbrik edirəm. Dedim ki, nədi, nə olub ki, qızım?! Cavab verdi ki, Prezidentin sərəncamı ilə “İstiqlal” ordeninə layiq görülmüsən. Heç xəbərim də yox idi. Əlbəttə, bu sərəncam mənə böyük stimul verdi.
- Təltifdən sonra Prezidentlə telefonla danışmısınız?
- Yox hələ, danışmamışam...
- Yubileyiniz qeyd olunacaqmı?
- Bu saat istəmirəm ki, yubileyim keçirilsin. Virus, xəstəlik hər tərəfi bürüyüb. Hələ ki, yığıncaq olmağını istəmirəm. Deyəsən, bir az səngiyib, Allah eləsin pandemiya tamam qurtarsın. Sağlıq olsun, bir az rahatlıq olsun, hər şey düzəlsin, nə var ki, yubiley eləməyə... Yubileyi, yığıncağı həmişə eləmək olar.
- Ölkə başçısı ilə çox görüşmüsünüz. Xatirələriniz varmı?
- Oğlum, ulu öndərimiz Heydər Əliyev hara getsə, bizi də özü ilə aparırdı. Şeiri, sənəti çox sevirdi. Həmin vaxtlar İlham müəllim cavan uşaq idi, bizimlə səfərlərdə olurdu. Mənim ulu öndərlə, cənab Prezidentlə çox xatirələrim var, lap çox... 1982-ci il idi, biz Şuşada Vaqifin əzəmətli abidəsi önündə çıxış edirdik. Qar yağırdı. Həmin tədbiri Heydər Əliyev şəxsən özü aparırdı. Onda cənab Prezidentin 20-21 yaşı ancaq olardı, cavan oğlan idi. Hələ dünyanın düz vaxtı idi, sonradan ermənilər Natəvanın, Üzeyir bəyin, Bülbülün heykəlini güllələdilər. Allah rəhmət eləsin, ulu öndər bizi oğlundan ayırmırdı. Hara gedirdisə, bizi də özü ilə aparırdı. Allah cənab Prezidentin başını uca eləsin. 44 günlük müharibə ərzində Qarabağı qaytardıq. Bu, misli görünməmiş bir qələbədir. Bu, çox böyük tarixi hadisə oldu. Adamın ömrünü uzadır, insanlar sevinir. Qələbə günü mən Bakıda böyük xalq sevincini gördüm. Camaat sevincindən uçurdu. Qələbənin arxasında cənab İlham Əliyevin neçə illik strategiyası dayanır. O 44 gün ərzində bir neçə xarici dildə xarici jurnalistlərə müsahibələr verirdi. Həmin müsahibələrdə ermənilərin bütün paxırlarını açıb tökdü. Çox ağılla, kamalla, zəka ilə danışdı. Mən Prezidentimizlə fəxr edirəm. Çox böyük şəxsiyyətdir.
- Nəriman müəllim, Şuşanın azad olunması ilə bağlı poema yazmışdınız, nə yerdə qaldı?
- Gənc Tamaşaçılar Teatrı ilə Azərbaycan Televiziyası bir layihə hazırlayır. Həmin poema da bəhs etdiyim layihə çərçivəsində Gənc Tamaşaçılar Teatrında səhnələşdiriləcək. Rejissoru Ağalar İdrisoğludur. Əsərin adı “Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır”. Bu əsər hazırdır, hazırda məşqləri gedir. Elə bilirəm ki, bu yaxınlarda həmin əsərə tamaşa edə biləcəyik. Sizi də həmin tamaşaya dəvət edirəm. Məncə, ortaya yaxşı bir əsər çıxıb. Rejissor çox böyük iş görüb. Əsərin üzərində qəşəng işləyib.
- Yəqin ki, yayda Vaqif poeziya günlərinə qatılmaq üçün Şuşaya gedəcəksiniz?
- Tural, ürəyim elə oradadır. O gün də bu barədə danışmışam. Bizim Yazıçılar Birliyinin Ağsaqqallar Şurası var. Mən də onun sədriyəm. Xalq şairlərindən, Xalq yazıçılarından ibarət çox mötəbər bir cəmiyyətdir. Onları da dəvət edirəm, gedib Vaqifin abidəsinin önündə çıxış edək. Heydər Əliyevi xatırlayaq. Gördünüz, Vaqifin məqbərəsini nə kökə salıblar? Elə gözəl abidə idi ki... Heydər Əliyev o vaxt özü tikdirmişdi, Vaqifin şərəfinə... Həmin abidənin açılışı günü qar yağırdı. Çox qəribə hisslər keçirirdik. Qarın altında hamı sevinirdi. İnanın ki, Heydər Əliyev də həmin gün şairləşmişdi, o da şair olmuşdu. Həmin gün erməni şairlər də çıxış etmişdilər. O vaxt xalq şairi Samvel Qriqoryan da Vaqifin məqbərəsi önündə çıxış etdi, Vaqifə həsr etdiyi şeirini söylədi. Vladimir Abramyan, Sokrat Xoviyan... O vaxt belə bir gözəl mühit var idi. Allah ermənilərə lənət eləsin, gəldilər hər şeyi korladılar...
- Nəriman müəllim, son günlər Yazıçılar Birliyinin 13-cü qurultayının Şuşada, elə Vaqif poeziya günlərində keçirilməsini təklif edənlər var. Siz necə baxırsınız bu təklifə?
- Oğlum, cənab Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı adlandırıb. Özü də söylədi ki, mən oranı mədəniyyət paytaxtı adlandırmışam, məmurlar paytaxtı adlandırmamışam. Mən elə bilirəm ki, Şuşa bizim gələn-gedən yerimiz, paytaxtımız olacaq... Cənab Prezident dedi ki, biz Şuşanı dünya miqyaslı mədəniyyət ocağına çevirəcəyik, dirçəldəcəyik. Çünki ermənilər oranı elə günə salıb ki... Şuşada elə bir tədbir olsa fəxrlə, qaçaraq gedərəm. Özü də böyük məmnuniyyətlə... Orada keçirsələr, mən də gedərəm.
Tural Turan
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var