Art
Bu 50 gün 65 illik ömrümün ən mənalı günləri idi - Nurəddin Mehdixanlı ilə MÜSAHİBƏ
Budəfəki həmsöhbətimiz Xalq artisti, “Şöhrət” ordenli Nurəddin Mehdixanlıdır. Onunla 44 günlük müharibədəki zəfərimizdən, teatrın və səhnənin durumundan danışmışıq.
Xalq artistinin Publika.az-a müsahibəsini təqdim edirik:
- Nurəddin müəllim, yaradıcılığınızda nə kimi yeniliklər var?
- Bildiyiniz kimi, mart ayının 10-u Milli Teatr Günü olaraq qeyd edilir. Dünən bununla bağlı Teatr Xadimləri İttifaqında tədbir keçirildi. Azərbaycan Respublikasının Mədəniyyət naziri də tədbirə qatılmışdı. Orada bizim bir çox sənət adamlarımıza mükafatlar verildi. Maraqlı tədbir idi. Teatr Xadimləri İttifaqı təşkil etmişdi. Yəni, böyük mənada bu gün işimiz tədbirlərə qatılmaqdır. Müəyyən televiziya proqramlarına dəvətlər alırıq. Sənətlə bağlı müəyyən mövzuların müzakirəsinə qatılırıq, dublyaj və səsləndirmələr edirik. Demək olar ki, yaradıcılıq prosesi dayanıb. Teatrlar dayanıb. Tamaşalar göstərilmir. Məşqlər yoxdur. Bu mənada pandemiya bəlası ilə əlaqədar olaraq bir durğunluq var.
- Ötən müddət ərzində pandemiya sənətə və sənətkarlara hansı mənfi təsirləri ilə yadda qaldı?
- Təbii ki, bu, yaradıcılıq prosesinə ciddi şəkildə ziyan vurur. Eyni zamanda, aktyorlarımızın durumuna, sağlamlıqlarına ciddi ziyan vurur. Çünki bu iş elədir ki, hər gün məşqdə, proseslərin içərisində olmalısan. Yəni, bu iş idmançıların həyatına çox bənzəyir. Formada olmalısan. Amma artıq bir ildir ki, pandemiya səbəbindən proseslər dayanıb. Bu mənada mənəvi ziyan çox ciddidir. Tamaşaçılarla təmasın kəsilməsi bizim üçün çox ciddi itkidir. Eləcə də teatrın ümumi fəaliyyəti üçün çox ciddi itki sayılır. Yaradıcılıq durumumuzu, əhvalımızı qısa olaraq bu cür xarakterizə edə bilərəm.
- Müharibənin ilk günlərindən siz də ön cəbhələrdə, əsgərlərimizin yanında idiniz. Vətən müharibəsindəki qələbəmizlə bağlı təəssüratlarınızı öyrənmək istərdik...
- Bu savaş olmalı idi. Savaşsız mümkün deyildi. Dünyada gedən proseslər göstərdi ki, sözlə, uzun-uzadı sülh danışıqları ilə bu sayaq problemlər həll olunmur. Əslində güc yoxdursa, güc tətbiq olunmursa, güclü deyilsənsə, haqlı da olsan, sənin haqqını tanımırlar. Sənin yanında olmurlar. Yəni, 30 il müddətində dünyanın gözü qabağında Azərbaycanın torpaqları işğal altında saxlanıldı. Xocalı soyqırımı törədildi. Qərbi Azərbaycanımızdan, Dağlıq Qarabağdan və onun ətrafındakı yeddi rayonumuzdan yüz minlərlə insanımız sürgün edildi, qovuldu, öldürüldü. Məcburi köçkün vəziyyətinə düşdü. Bütün bunlar dünyanın gözünün qabağında baş verdi. Amma dünya sadəcə olaraq xırda, sadə fikirlərlə, sözlərlə kifayətləndi. Əslində heç bir iş görmədilər. Dünyanın ən nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı Ermənistanın işğal etdiyi ərazilərdən öz qoşunlarını qeyd-şərtsiz, təcili çıxarması ilə bağlı 4 qətnamə qəbul etdi. Amma Ermənistan 30 il ərzində buna məhəl qoymadı. Heç vecinə də almadı. Dünyanın əsas gücləri məsələni həll edə bilmədi. ATƏT-in mandatı altında Minsk qrupu adlı təşkilat yaratdılar. Heç bir nəticə hasil olmadı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı əks-həmlə əməliyyatına başladı. Silahlı Qüvvələrimizə - İrəli! – komandası verdi. Azərbaycan Silahlı Qüvvələri öz dəmir yumruğunu erməni işğalçılarının təpəsinə endirdi. Nəticədə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. 30 illik işğal sona yetdi. Dünya Azərbaycanın haqqını tanımağa məcbur oldu. Dünənə qədər haqqımızı tanımayanlar, yanımızda olmayanlar bu gün Ali Baş Komandanımızla görüşməkdən ötrü növbəyə dayanırlar. Deməli, güclü, güclü və yenə də güclü olacaqsan! Güclü olmağın da yolu iqtisadi gücdən, millətin monolitliyindən, birliyindən keçir. Azərbaycan xalqı bu müharibədə yumruq kimi birləşdi. Bu illər ərzində topladığı iqtisadi gücündən istifadə etdi. Öz arsenalında cəmləşdirdiyi dünyanın ən müasir silah və sursatlarını, hərbi texnikalarını tətbiq etdi. Məsələni birdəfəlik bitirdi, həll elədi. Bu savaşda uzun illər yanımızda olan qardaş Türkiyə, Pakistan, dini, dili bizdən olmasa da, həmişə bizimlə olan İsrail var idi. Azərbaycan əsgəri öz gücünü göstərdi. Canı, qanı bahasına torpaqlarımızı işğaldan azad etdi. Təbii ki, bu tarixi zəfərin əsas qəhrəmanı Azərbaycan əsgəri, Azərbaycan Xalqı və Ali Baş Komandanımızdır!
- Qarabağ zəfərimizi dünyaya çatdırmaq üçün necə filmlər çəkilməlidir?
- Düşünürəm ki, bu hadisələr haqqında 30 il böyük mənada susmuş ədəbiyyatımız, kinomuz dilə gəlməlidir, dillənməlidir. Savaş qəhrəmanları, şəhidlərimiz haqqında ciddi filmlər çəkməlidirlər. Başımıza gətirilən bütün bəlaları dünyaya göstərməlidirlər. Bütün bunları gələcək nəslin yaddaşına köçürmək üçün işlər görməlidirlər. Bu vaxta qədər bu kimi işlər yola verilmə şəklində olub. İndi belə olmamalıdır, müvafiq qurumların, strukturların ciddi nəzarəti altında bu işlər həyata keçirilməlidir. Kim necə istədi, “çıxdım ortalığa, mən də bir film çəkirəm” şəklində olmamalıdır. Bu işdə - savaş filmlərinin və seriallarının çəkilməsində qardaş Türkiyənin böyük təcrübəsi var. Onların bu işdə bizə yardımçı olmaları sevindiricidir.
- Bizim sənət adamları Türkiyədən olan həmkarlarından geri qalır ki?
- Xeyr! Əslində bizim ədəbiyyat, sənət adamları, rejissor və aktyorlarımız bir çox istiqamətlərdə Türkiyədən olan həmkarlarından geri qalmır, hətta öndədirlər. Amma bu işlərin həyata keçirilməsi üçün maddi-texniki təminat olmalıdır. Maddi-texniki təminat yaxşı olanda aktyor və rejissorlarımız ciddi şəkildə realizə edir və ortalığa sənət qoyur. Düşünürəm ki, belə də olacaq. Bütün dəyərlərə münasibət müsbət istiqamətdə dəyişməlidir. Özümüzə, tariximizə, əsgərimizə, ordumuza, idarəçilik sistemimizə münasibət dəyişməlidir. Bu gün biz dünyanın heyranlıqla seyr etdiyi bir xalqıq. Bütün dünya Azərbaycanı haqq uğrunda savaşan, qalib gələn bir dövlət kimi tanıyır. Biz bunun üstünə bir üst qoymalıyıq. Bu münasibəti, dəyəri daha da artırmalıyıq. Yəni, dünya Azərbaycan xalqının bütün haqlarını tanıyır və bu bundan sonra da davam etməlidir. Bu gün Azərbaycan dünyanın müxtəlif ölkələri ilə ikitərəfli, çoxtərəfli əlaqələr qurur və bu əlaqələr kino, teatr sahəsində də qurulmalıdır. Biz bundan ancaq qazanarıq. Azərbaycan kinosu, mədəniyyəti, teatrı, tarixi qazanar.
- Nurəddin müəllim, artıq müharibə mövzusunda filmlərin çəkilişlərinə başlanılıb. Sizə də qocaman aktyorumuz kimi dəvət göndərilibmi?
- Yox, belə bir dəvət almamışam. Bu barədə kim nə çəkir bilmirəm. Dəvət edilsəm, çox böyük məmnuniyyətlə bu işdə iştirak edərəm. Çünki mən Birinci Qarabağ savaşını görmüş, onun içərisində olmuş adamam. Eyni zamanda, İkinci Qarabağ savaşının başlanğıc günündən son gününə qədər ön cəbhədə, əsgərlərimizin yanında oldum. Müdafiə Nazirliyinin müvafiq strukturlarının icazəsi ilə cəbhə bölgəsinə səfər etdim. O prosesləri gözlərimlə gördüm. Həmin anların iştirakçısı oldum. Oktyabrın 6-da 65 yaşım olacaq. Həmin 50 gün bəlkə də mənim 65 illik ömrümün ən mənalı, ən faydalı günləri idi. Bu mənada ömrümün 50 günü elə mənim ömrüm deməkdir. Təbii ki, istərdim ki, film çəkilişlərinə dəvət olunum. Həm sənət, həm də hadisələrin içərisində olmaq təcrübəmdən faydalı şəkildə istifadə etmək istərdim. İnşallah, dəvət edərlərsə gələrik, dəvət etməzlərsə, canları sağ olsun. Əsas odur ki, Qarabağ işğaldan azad edildi, əsas odur ki, Qarabağ Azərbaycanındır. Əsas odur ki, Qarabağ Azərbaycandır!
Tural Turan
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO