Art
Azıx mağarası Adəmlə Həvvanın yataq otağıdır və orada... - Seyran Səxavətlə MÜSAHİBƏ
- Alo, Seyran müəllimdir? Jurnalistdir, Tural Turan...
Sözümü ağzımda qoyur:
- Bala, indi acam, danışmağa halım yoxdur. Ac adam nə danışacaq ki... Bir şeylər yeyim, sonra zəng edərsən. Təxminən 15-20 dəqiqəyə... (DUD... DUD... DUD)
Bu dəfə onunla 75 yaşın bu biri sahilində söhbətləşdik. Yubiley müsahibəsi elədik. Telefondakı səsi də gülürdü. Doğulduğu kəndi 30 ildən sonra işğaldan azad edilib. 75-i ayaq üstə keçirir, üstəlik bu yaşında erməni vandallarının daşını daş üstə qoymadığı kəndini də gedib görüb.
Yenicə ömrünün 75-ci baharına ayaq basan yazıçı Seyran Səxavətin Publika.az-a müsahibəsini təqdim edirik:
- Seyran müəllim, 75 illik yubileyinizi necə və harada keçirdiniz?
- Doğum günümü deyirsən də, eləmi? - Bəli. - Adam doğum gününü doğulmadığı yox, doğulduğu yerdə qeyd edər. Doğum günümdə Füzulidə idim. Ayın 21-i başımı götürüb getmişdim. Yox, yalan söylədim, 23-ü yollanmışdım. Yerin məlum, yaxşı keçdi. Orda olanda zəng eləsəydin, deyərdim ki, bir taksiyə min, gəl. Qəşəng qeyd elədim. Mən idim, tərcümeyi-halım və mənim ətrafımda olan adamlar idi. Qohum-əqrəba da başıma yığışmışdı. Belə götürəndə az idik, amma o "az"ın arxasında Füzuli boyda torpaq dayanmışdı; 130 min əhali, mən bir də... Yəni çox gen-bol keçdi.
- Yəqin işğaldan azad olunan kəndinizə də getmişdiniz...
- Yox, indi işğaldan azad olunmuş kəndimizə getməyə qoymurlar. Bir dəfə getmişəm. Orada heç nə yoxdur, heç nə qalmayıb. Sadəcə ünvan qalıb, yəni bura Yağlıvənd kəndidir.
- Gedəndə heç olmasa, evinizi tapa bildinizmi orada?
- Sənin başına dönüm, olmayan şeyi necə tapım?! Tapmaq mümkün deyil... Qurban sənə, ev yoxdu, onu nətər tapım.
- Seyran müəllim, bəs burada, Bakıda yubileyiniz qeyd olunacaqmı? "Ədəbiyyat qəzeti"ndə elanla, yazı ilə sizi təbrik eləmişdilər. Amma...
- Elan vermədilər e, "Ədəbiyyat qəzeti" düz altı səhifə məndən yazdı. Sonra "Şərq", "Ədalət", "525-ci qəzet", "Üç nöqtə" qəzeti, nə bilim, "Beş nöqtə" qəzeti... Çoxları yazıb, hamısını tapıb əldə edə bilmədim. Saytlar da vermişdi.
- Sizin yubileyiniz dövlət səviyyəsində qeyd olunacaqmı?
- Bala, mənim yubileyim, 75 illiyim pandemiya səviyyəsində qeyd olunacaq. Yəni pandemiyanın imkan verdiyi səviyyədə. Amma dostlarım, tanışlarımla qeyd etdik, onlar unutmadı. Mənim tərcümeyi-halım torpaqdır, adamın kəndinə yaz gəlir ha, bax elə... istənilən vaxt cücərir, çiçəkləyir, məhsul verir. Mənim yubiley marafonum üç-dörd ay bundan qabaq başlayıb. Hələ də davam edir. Deyirlər ki, hələ bir-iki ay da davamı gələcək.
- Seyran müəllim, yaşlılardan, gənclərdən bir neçə yazıçının kitabları xaricdə çap olunub. Sizdə vəziyyət nə yerdədir?
- Mənim kitablarım xaricdə çap edilib. İndi də çap olunur. Daha doğrusu, çapa hazırlanır. Hətta mənim kitablarım dünyanın elə aparıcı dili yoxdur ki, həmin dilə çevrilməsin. Rus, ukrayn, ingilis, alman, ispan, fransız, ərab, fars, əfqan, türk dillərinə tərcümə edilib. Hamısını saya bilərəm...
- Bu sualı sizə bir dəfə də vermişdim. Nədənsə tənqidçilər sizdən qaçırlar. Mənə görə ən yaxşı əsəriniz olan "Yəhudi əlifbası" ədəbi tənqidçilər tərəfindən öz layiqli qiymətini almadı.
- O sualı sən vermişdin? Sən həmin oğlansan?
- Bəli.
- Sənə quzu kəsərəm, öz adamımızsan ki, sənin başına dönüm, belə de də... (gülür). Mən bunu bilirdim ki, ən yaxşı əsərim "Yəhudi əlifbası"dır. Bunu sənə qədər başqa heç kəs deməyib. Heç yazmayıblar da... Görünür sənlə mənim dünyaya baxışımızda bir əkizlik, doğmalıq var. Sovet dövründə muzdlu tənqidçilər var idi, Allah qoymasa, indi də günəmuzd tənqidçilər var. Apar on manat ver, sənin haqqında nə desən, nə istəsən yazsınlar. Sənin dediyin kimi, "Yəhudi əlifbası" romanının bəxti gətirmədi. Çünki onu başa düşən olmadı. Həmin roman haqqında tənqidçilər mənə şifahi şəkildə fikir bildirdilər. Yalandan, üzəki dedilər ki, bu roman dahiyanədir, şedevrdir. Soruşurdum ki, nəyi şedevrdir, qayıdırdı ki, sonra deyərəm. Sonra da demirdilər, yəni şifahi formada fikir, münasibət bildirirdilər, vəssalam. Azərbaycan tənqidinin mənim yaradıcılığıma münasibəti hər zaman səthi olub. Mənim üçün Azərbaycan tənqidinin, ümumiyyətlə, tənqidin heç bir mənası yoxdur. Tənqid Azərbaycan ədəbiyyatından uğursuz bir törəmədir. Üstəlik, bu gün Azərbaycan tənqidi bu gün çox yazıq və miskin bir vəziyyətdədir. Ona görə də gəl, tənqidimizin üstünə çox getməyək. Mənim üçün Azərbaycan tənqidi yoxdur, olmayan şeyin üstünə niyə gedim?!
- Müəllim, kəndiniz işğaldan azad olunanda hansı hissləri keçirdiniz?
- Heç bir hiss keçirmədim. Kəndim azad olunan gün nə hiss keçirməli idim ki... Mənim hisslərim Şimal Buzlu okeanı kimi donmuşdu. Hisslərim Antraktida kimi donmuş vəziyyətdə idi. Mənim hisslərimin buzu hələ indi-indi açılır, əriyir. Axı biz birdən-ikiyə belə sevinmək görməmişdik. İlk dəfədir ki, biz torpaq almışıq. Bu hadisəyə ürək dolusu sevinmək üçün illər lazımdır. Bu, peşəkarcasına sevinmək tələb edir. Birini qucaqlayıb öpmək, qonşunla oturub bir araq içmək, "güldüm getdi...", "ayə, Qarabağ alınıvee, gəl kef eliyək" anlayışı başqa şeydir, o bizlik deyil.
- Ev tikəcəksinizmi Yağlıvənddə?
- Bəli, tikəcəyəm. Köndələnin qırağında altı sot yerim var. Bu biri tərəfi Quruçaydır. Quruçay mədəniyyətini də bilirsən, SSRİ-də ən qədim mədəniyyətdir. Söhbət 7500 ildən gedir... Onun da qırağında Azıx mağarasıdır. Üç kilometr yaxınlığındadır. Bu yaxınlarda bir yazı yazmışam, çap etdirməmişəm, amma kitabda gedəcək. Orada yazmışam ki, Azıx mağarası Adəmlə Həvvanın yataq otağıdır. Orada nəsə ediblər və bütün bəşəriyyət, insanlar yer üzünə oradan səpələnib.
- Şuşada Vaqif poeziya günləri keçiriləcək. Belə bir təklif var ki, Yazıçılar Birliyinin 13-cü qurultayı da elə Şuşada keçirilsin. Siz necə baxırsınız bu təklifə?
- Çox yaxşı baxıram. Belə bir təcrübə Yazıçılar Birliyinin taleyində var. Deməli, Qarabağ hadisələri hələ başlamamışdı. Təxminən 1987, ya da 1988-ci il idi. Biz Ağdamda o zamankı Yazıçılar İttifaqının səyyar plenumunu keçirmişdik. İnşallah, indi də qurultay keçirmək qismətimiz olar. Oğlum, Şuşa elə bir yerdir ki, dünyada unikaldır. Deyirlər ki, dünyada 11 iqlim qurşağı var, onun da 9-u bizdədir. Həmin 9 iqlim qurşağından altısı Şuşa və ətrafının payına düşür. Yerdə qalanı Quba, Naxçıvan, Qəbələ və digərlərinin payına düşür. Naxçıvanı da xüsusi qeyd edərsən. Deməli, yüksəkliyə qalxdıqca, oksigen şehlənir. Atmosfer təzyiqi yaranır - demək istəmirəm. Oxucu onu haradan bilsin. Yuxarı qalxdıqca hava seyrəlir, yəni oksigen azalır. Allah Pənahəli xana rəhmət eləsin, bu adam akademik imiş... Şuşa elə bir yerdir ki, orada dərənin dibində, Daşaltıda havanın sıxlığı nədirsə, yuxarısında da o cürdür. Yəni havanın təzyiqi dəyişmir, dərənin dibində nədirsə, yuxarıda da odur.
P.S: Oğul, bax, indi antrikot gəldi, yanımdakılar basıb yeyəcək, ac qalacam – deyib gülə-gülə sağollaşır. Təklif edir ki, işdən çıxıb oturduqları yerə gəlim... Təşəkkür edib, 75 yaşlı sözlə sağollaşıram. Seyran müəllim düz deyirmiş, yubiley marafonu bu gedişlə hələ 3-4 ay davam edəcək.
Tural Turan
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA