Müharibə və qələbəyə həsr olunmuş ciddi pyeslərə ehtiyac var - Xalq artisti
Bizi izləyin

Art

Müharibə və qələbəyə həsr olunmuş ciddi pyeslərə ehtiyac var - Xalq artisti

Teatrların açılması çox yaxşı qərardı. Bu qərarın verilməsində xidməti olan hər kəsə təşəkkür edirəm. Teatr bir millətin mədəni səviyyəsinin göstəricisidir, canlı bir sənətdir. Eyni zamanda, ən qədim peşələrdən biridir. Həkimlik, müəllimlik və teatrın tarixi çox qədim dövrlərə gedib çıxır. Yunan tarixçisi Herodot deyirdi ki, əsl şəhər o şəhərdir ki, onun teatrı var. Əgər bu sivil dünyada Azərbaycan türklərinin də teatrı varsa, deməli, dünyanın böyük mədəniyyətinə sahib xalqlarındadır. Tamaşaçılar da bizim qədər sevinir. Hesab edirəm ki, teatr və digər mədəniyyət obyektlərinin açılması respublikamızda ümumi abı-havaya müsbət təsir göstərəcək.

Bu sözləri Publika.az-a açıqlamçasında Xalq artisti Nurəddin Mehdixanlı deyib.

Aktyorun sözlərinə görə, təxminən 2 ilə yaxındır ki, tamaşalar oynanılmır: “Artıq texniki işçilər teatra gəlib texniki avadanlığı yoxlamağa başlayıb. Musiqi və səs tərtibatı, səhnə və dekorasiyalar hazırlanmalıdır. Möhürlənmiş otaqlar açılmalıdır, görülməli işlər çoxdur. Məşq proqramları və repertuarlar tutulub, oktyabrın 2-dən məşqlər başlayacaq. Oktyabr ayının 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunan ilk tamaşa - Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Qarabağnamə” pyesi olacaq. Əsər Qarabağ faciələrindən danışır. İllər əvvəl belə qərar verilmişdi ki, bu tamaşa Qarabağ işğaldan azad olunmaya qədər "Azdrama"nın repertuarında olacaq, mövsümü onunla açıb, onunla bağlayacağıq. Bu ənənəmizə uyğun olaraq mövsümü “Qarabağnamə” ilə açırıq, amma artıq Qarabağ azad olunub və bununla bağlı olaraq müasir pyeslərin də tamaşaya qoyulması nəzərdə tutulub. Burda teatr bir növ başqalarından asılıdır.

Azərbaycan dramaturq və yazıçıları ciddi şəkildə bu mövzularda əsərlər yazmalıdır. Azərbaycan gəncliyi Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Ədəbiyyatıçıların, qələm sahiblərinin və sənət adamlarının borcu ondan ibarətdir ki, bu tarixi əsərlərə gətirsinlər və bədii müstəviyə çıxarsınlar. Onlara filmlər çəkilsin və tamaşalar qoyulsun. Biz isə teatr olaraq məmnuniyyətlə bu mövzuda yazılan hər bir ciddi və keyfiyyətli əsəri qəbul etməyə hazırıq. Bildiyim qədər bu mövzuda bizə müraciət edənlər olmayıb. "Azdrama"nın müharibə və qələbəyə həsr olunmuş ciddi pyeslərə ehtiyacı var və gözləyirik”.

Əməkdar artist Sənubər İsgəndərli isə qeyd edib ki, ayın birindən etibarən iş başında olacaq: “Məşqlər cədvəli artıq divara vurulub və bizə də göndərilib. Repertuarda olan tamaşaları 2 ilə yaxındır oynamırıq, odur ki, hər bir tamaşanın məşqi ayrı-ayrılıqda intensiv sürətdə həm səhərə, həm də axşama təyin olunub. Oktyabrın 17-də “Sinif yoldaşları” tamaşası ilə tamaşaçıların görüşünə gələcəyəm.

Teatrın planları və yeni tamaşalar haqqında heç bir söz deyə bilmərəm, çünki həqiqətən məlumatım yoxdur. İstənilən halda müharibənin ildönümü ərəfəsində bu mövzularda tamaşalar teatrın repertuarında yer almalıdır. Odur ki, biz də gözləyirik”.

Teatrların reklam siyasətindən söz açan aktrisa narazılığını da bildirib: “Bundan qətiyyən razı deyiləm, tamaşalar yetərincə reklam olunmur. Buna görə də teatrsevənlərin teatr repertuarından xəbəri olmur, nəticədə, tamaşaçı qıtlığı yaşayır. Şəxsən işlədiyim "Azdrama"da belə bir şikayətim yoxdur, amma aktrisa olmaqdan izafə özüm də tamaşaçıyam. Şəhərimizdə olan digər teatrların da tamaşalarına da baxmaq və premyeralardan xəbər tutmaq istəyirəm. Bir tamaşaçı kimi dostlar dəvət etməsə, bu tamaşalardan xəbərim olmur. Odur ki, reklam işinə mütləq baxılmalı və yaxşı təşkil olunmalıdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm