Sena çayında cəsədi tapıldı, cibindən məşhur azərbaycanlı ilə bağlı... - <span class="red">FOTO</span>
Bizi izləyin

Art

Sena çayında cəsədi tapıldı, cibindən məşhur azərbaycanlı ilə bağlı... - FOTO

1947-ci ilin payızında Parisdə Sena çayının sahilində bir cəsəd tapılır. Üstündən çıxan sənədlərdən şəxsin Krım türkü olduğu, II Dünya müharibəsi dövründə qaçqın həyatına məruz qalıb Fransaya gəldiyi və bu Avropa şəhərində səfil vəziyyətdə yaşadığı aydın olur. Şəxsin cibindən “Paris axşamları” adlı bir şeir də çıxır. Özünü Senanın soyuq sularına ataraq intihar edən Buğra Alpgiray adlı şəxsin yazdığı bu şeir azərbaycanlı Məhəmməd Ağaoğluna ithaf edilib.

Məhəmməd Ağaoğlu adında azərbaycanlı məşhur bir şəxs var. Həmin şəxsin bioqrafiyasını bir daha təqdim edirik:

Məhəmməd bəy 1895-ci ildə İrəvanda doğulub. 1904-1912-ci illərdə Moskvada orta məktəbi bitirib. 1914-1916-cı illərdə Moskva Universiteti nəzdindəki Lazarev Şәrq Dillәri İnstitutunda oxuyub. 18 mart 1918-ci ildә Osmanlı İmperatorluğunun 1-ci dәrәcәli hәrbi ordeni ilә tәltif edilib. Həmin il ermənilərin törətdiyi qırğınlara görə Ağaoğlu ailəsi də Bakıya gəlib.

Azərbaycan hökumətində çalışan Ağaoğlu 1919-cu ildə Bakıda “İstiqlal” muzeyini yaradıb. 22 aprel 1919-cu ildə Daxiliyyə nazirinin katibi təyin olunub. Bolşevik işğalından sonra bir müddət Xalq Maarif Komissarlığı nəzdində kitabxana sahəsində çalışıb, 1921-ci ildə ali təhsilini tamamlamaq üçün dövlət təqaüdçüsü olaraq Almaniyaya getməsinə qərar verilib. Bir müddət İstanbulda qalan Ağaoğlu Berlindә Yena Universitetindә 1923-1924-cü illәrdә klassik arxeologiya, erkәn xristian vә Qәrbi Avropa sәnәti oxuyub. 1924-1927-ci ildə Vyana Universitetində olub. 1926-cı ildə təhsilini tamamlayıb.

1927-ci ildə İstanbula qayıdan Məhəmməd bəy burada dövlət muzeyində “Çinili köşk”dә islam mәdәniyyәti şöbәsinə rəhbərlik edib. Eyni zamanda İstanbul Universitetinin İncəsənət kafedrasının müdiri olub. Həmin il Türküstan və Azərbaycanı Öyrənmə Dərnəyinin də qurucu üzvü kimi fəaliyyət göstərib.

1929-cu ildə Məhəmməd bəy ABŞ-yə gedərək Detroyt İncәsәnәt İnstitunun Yaxın Şәrq şöbәsini qurub. 1938-ci ilədək bu institutda çalışıb. Ağaoğlu 1933-1938-ci illərdə Miçiqan Universitetində də çalışıb, İslam İncəsənəti Tarixi kafedrasını qurub, eyni zamanda “Ars islamica” jurnalını təsis edib. 1935-ci il dә onun “XV әsr İran kitab cildlәri” adlı monoqrafiyası çap edilib. Məhəmməd Ağaoğlu 1949-cu ildə Detroytda vəfat edib.

***
Ola bilsin ki, Məhəmməd bəy 1947-ci ildə Parisdə elmi ezamiyyətdə olsun və burada həmin Krım türkü ilə tanış olsun, dostlaşsın.

Buğra Alpgirayın bu şeiri və şeir haqqında məlumat 1972-ci ildə “Bozkurt” jurnalında, 1975-ci ildə Amerikada çap olunan “Kırım” jurnalında işıq üzü görüb.

Qərib və səfil krımlının şeirini dilimizə uyğunlaşdıraraq təqdim edirik:
***
Paris axşamları
Bu şəhərin hər şeyi mənə yabancı
Caddələr, binalar, bütün insanlar...
Elə həsrətəm ki azan səsinə
Araram çevrəmdə minarə, cami
Lakin taxılıram zəng qülləsinə
Hər səmtin möhtəşəm kilsəsinə
Yad elin ələmləri sarır içimi.
***
Uzaqlarda yurdum! Burdan çox uzaq
Hər mövsüm günəşli, masmavi göylü
Camili, qübbəli, qümbətli, köşklü
Ozanlı, qəribli, karvansaraylı
Hələ insanları: Alplı, Giraylı.
Yox xəbər onlardan, ata evindən.
Bu üzdən halım qopuq bir yarpaq
Hər şey çox uzaqda, məndən çox uzaq.
***
Gözlərim daima ənginliyə dalar
İstəyərəm ki, hər an ana yurdumda
Dağlı, dumanlı yaslı Krımda
Divarında mauzer və Quran olan
Ata ocağında, bizim konakda
Bir mis sinili süfrə başında
İftar gözlənilsin, dua edilsin
Səssiz-sədasız yemək yeyilsin.
Sonra şadırvanda abdəst alınıb
Həp birlikdə təravihə gedilsin.
***
Oyansam, hər sabah azan səsiylə
Görsəm, Ayşəciyi su təstisiylə
Nənəmi yaşmaqlı, namaz qılarkən
Dinləsəm dədəmi Quran oxurkən
Başımı xuşuyla yastığa qoysam
Sonra toparlanıb yola qoyulsam.
Yaxud günün şövqü vururkən camdan
Heybətli səsiylə çağırsa atam
Anam da, qalx yavrum, aslanım desə
Tutub əlləriylə omuzlarımdan
O müşfiq halıyla sarılsa, öpsə
***
Samovar qaynarkən ocaq başında
Dünya türklüyündən, türk tarixindən
Bozqurddan, Turandan söz açsa dədəm
Sonra türklük üçün eyləsə niyaz
Gözlərindən axan yaşı bir görsəm.
***
Bəli! Yurdum uzaq, burdan çox uzaq,
Bir fərəhlik, yaxud bir şey umaraq
Düşərəm yollara axşamüstləri
Həp böylə çarəsiz, illərdən bəri
Hər zamankı kimi yorğun və bitkin
Artırıb yükünü xəstə qəlbimin
Hər an həyəcanı gözlərimdə yaş
Görmək ümidiylə bir türk, bir dildaş
Dolaşırım Paris caddələrini
Yorğun axan Sena körpülərini.
***
Bir qara qış vaxtı, Sena qıyısında
Qafamın içində türklük ülküsü
Ruhumu qovuran öz yurd həsrəti
Belə köçəcəyəm əbədiyyata
Donmuş cəsədimi tapıb çöpçülər
Dəfn edilmək üçün götürəcəklər
Kiməm mən, nəyəm, nə biləcəklər!

(Teleqraf.com)

  • Sena çayında cəsədi tapıldı, cibindən məşhur azərbaycanlı ilə bağlı... - FOTO

Oxumağa davam et
Reklam
Reklam

Gündəm