Tanınmış tədqiqatçı “Nəsimi” filmindəki yanlışlıqdan danışdı - O, Bəxtiyar Vahabzadəni necə təəccübləndirib?
Bizi izləyin

Art

Tanınmış tədqiqatçı “Nəsimi” filmindəki yanlışlıqdan danışdı - O, Bəxtiyar Vahabzadəni necə təəccübləndirib?

Tanınmış tədqiqatçı “Nəsimi” filmindəki yanlışlıqdan danışdı - O, Bəxtiyar Vahabzadəni necə təəccübləndirib?

“İmaməddin Nəsiminin “Məndə sığar iki cahan..” kəlməsini “Məndə sığar ikən cahan” kimi anlayanlar və təqdim edənlər vardı. Onların başında görkəmli şairimiz Bəxtiyar Vahabzadə dayanırdı. Mən elmi cəhətdən əsaslandırılmış şəkildə ona izah etdim ki, bu cür düşünənlər səhv edir və yanaşma yanlışdır".

Bu fikirləri Publika.az-a açıqlamasında tanınmış Nəsimişünas və sufizmin ölkəmizdə azsaylı tədqiqatçılarından olan Mingəçevir Dövlət Universitetinin müəllimi Əbülfət Həsənoğlu söyləyib. Əslən Şəki rayonunun Göynük kəndindən olan tədqiqatçı, 1999-cu ilin yayında Bəxtiyar Vahabzadənin ad günündən bir gün sonra onunla Şəkidəki evində görüşdüyünü və yaradıcı mübahisələrini belə xatırlayır:

“Nəsimi yaradıcılığından bəhs edən ilk kitabımı ona göndərmişdim. Amma baş-başa görüşüb vacib elmi məsələlər haqqında fikir mübadiləsi aparmaq imkanımız olmamışdı. Bir məqamı deyim, o zaman Nəsiminin "Məndə sığar iki cahan" kəlməsini “Məndə sığar ikən” kimi təqdim edənlər vardı. Onların da başında Bəxtiyar müəllim dayanırdı. Mən elmi cəhətdən əsaslandırılmış şəkildə ona anlatdım ki, bu cür yanaşma və izah, yorum kökündən yanlışdır. Nəsiminin bir beytində deyil, 51 fərqli əsərində bu “iki cahan” motivi yer allr. Üstəlik, dövrün o zamankı qabaqcıl yazarları da bu ifadədən dəfələrlə yararlanaraq fikirlərini izah ediblər. Bu əslində sufizm baxışlarının bir nümunəsi idi”.

Tədqiqatçı deyir ki, Bəxtiyar Vahabzadə ixtisasımın mühəndis olduğunu öyrənəndə təəccübləndi. “Mühəndis üçün bu, çox böyük araşdırmadır. Davam et” söylədi. Əbülfət Həsənoğlu dahi şairlə daha iki mövzu ətrafında müzakirə və mübahisə apardıqlarını deyir. Onlardan biri Sufizmin mərhələləri barədə olub:

“Bəxtiyar Vahabzadə mərhələlərin sufizmin Şəriət, Təriqət , Mərifət və Həqiqət pillələrindən ibarət olduğunu israr edirdi. Mən sufizmin yaradıcı Güneyd Bağdadiyə və özüm daxil digər araşdırmaçıların fikirlərinə söykənərək 4 deyil, əslində 3 pillədən ibarət olduğunu onun diqqətinə çatdırdım". Əbülfət Həsənoğlu hesab edir ki, hətta görkəmli şəxsiyyət və türk sufizm cərəyanının yaradıcısı Hoca Əhməd Yasəvi belə yazdığı əsərlərdə bir sıra təkrarçılığa yol verib: “O, sufizmin əsasını təşkil edən təsəvvüf fəlsəfəsinin 4 pillə, 40 məqamdan ibarət olduğunu söyləsə də, əslində 30 məqam fikri daha doğru və təsdiqini tapmış yanaşmadır. Yerdə qalan 10 məqam barədə söylənənlər təkrarçıllqdan başqa bir şey deyil".

Tanınmış Nəsimişünas hesab edir ki, sufizmi dərk etmədən Nəsimini öyrənib tədqiq etmək qeyri mümkündür. Məhz bu yanaşma və bilgilər sayəsində o, böyük şairin "İraq divanı"nda yer alan bütün şerlərinin , qəzəllərinin izahını eyni adlı divan barədə nəşr etdirdiyi kitabda tam mənasında oxucuya çatdırır. Ümumiyyətlə bu yöndə müəllifin təkrarsız və dəyərli 6 əsəri işıq üzü görüb, neçə-neçə elmi məcmuələrdə elmi yazıları dərc olunub. Elə bu günlədə Mingəçevir Dövlət Universitetində Xoca Əhməd Yasəvi 7-ci Beynəlxalq elmi konfransında da elmi məruzə ilə çıxış edib. O hesab edir ki, sufizmin tədqiqatı sayəsində ölkə elmində bir boşluq müşahidə olunur, yaxud belə demək mümkünsə bu sahə üzrə tədqiqatçılar barmaqla sayıla biləcək qədərdir. Əbülfət Həsənoğlunun bu mənada bir maraqlı fikri də meyxana sənətini bədiyyə kimi təqdim etmək istəyənlərə iradı ilə bağlıdır: “Meyxanə janrı sufizmin dərvişçilik ənənələrinə xas qədim tərənnüm və təşviqat formasıdır. Əskilərdə İlahi eşq meyxana janrı ilə təbliğ olunan vasitələrdən biri olub. Onu bədiyyə adlandırmaq kökündən yanlış fikirdir".

Tanınmış tədqiqatçının məşhur filmdəki "Nəsimi" obrazı ilə bağlı söylədikləri də diqqət çəkir: “Zamanında qadağalara rəğmən çəkilmiş böyük filmdir. Amma bu, Nəsiminin özü, kimliyi və aqibəti deyil. Nəsimi edam edilib, amma dərisi soyulmayıb. Edam edilib ona görə ki, sifizm daşıyıcılarının qəlbində ilahi eşq o qədər güclü olub ki, Tanrı nurunu öz bətnləri ilə görüb duymaq imkanlarına malik olduqları bir inanca sahib idilər. Ənənəvi islam dəyərləri və o zamankı din xadimləri isə bunu təkzib edirdi. O səbəbdən də Nəsimi adi qaydada edam edilib, dərisi soyulmadan". Ehtiram Muradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm