Şairlər bir olmur, atam balası: İlahi, al məni bunun əlindən
Bizi izləyin

Art

Şairlər bir olmur, atam balası: İlahi, al məni bunun əlindən

Şairlər bir olmur, atam balası: İlahi, al məni bunun əlindən

Səhər saatlarında zəng etdim ki, həm doğum gününü təbrik edim, həm də özəl günü ilə bağlı əhvalını xəbər alım. Cavab vermədi… Eybi yox, qərara gəldim ki, bu yazı ilə sizi təbrik edim, ürək adamı, sevgi adamı, ruh adamı və ya şairi.

İki yeddi. Yeddi müqəddəs rəqəmdir deyirlər. İnsanın ömür yolu da 7 əsas xətdən ibarətdir. O da ömür yolunun yeddinci onilliyini geridə qoyur. Bilmirəm adının qarşısına hansı sözləri yazım ki, onu olduğu kimi təqdim edə bilim. Fikirləşirəm… Mənə görə Ramiz Röşvən adı bütün təqdimatları, bənzətmələri, təltifləri kölgədə qoyur. Ramiz Rövşən imzası elə şəxsiyyəti, yaradıcılığı qədər böyük və təkrarolunmazdır. Bənzərsizdir hətta. Necə ürəyə sahib ola biləsən ki, milyonların qəlbində taxt qurasan, bu qədər seviləsən, oxunasan, arzulanasan. Bu necə sirrdir? Nə hikmətdir?

Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.

Elə özünün dediyi kimi sevilir, Ramiz Rövşən. Hər gün bir az da çox, daha çox. Nədir onu oxucuya bu qədər ürəkdən sevdirən? Şair var, şair var… Bir də məhz Ramiz Rövşən var. Kişilərin bir olmadığı kimi, şairlər də bir olmur, atam balası. Vallah olmur. Adamın hər yazdığı elə ilk oxunuşdan, ilk sətirlərdən qanına işləyir,canına hopur, özü də necə. Oxuyursan, elə bilirsən ki, sən danışmısan, Ramiz Rövşən yazıb. Yəni bu qədərmi insanın iç dünyasını, duyğularını, yaşantılarını olduğu kimi,özü kimi təsvir etmək olar? Olarmış sən demə. Ramiz Rövşən şerləri ən bariz nümunədir. Hansını misal çəkəsən? Hansından danışasan ki, fikirlərini olduğu kimi izah edəsən...

Bir səhər yuxudan durub

Özünü uşaq görəsən.

Görəsən hamı evdədi,

Ölənləri sağ görəsən.

Və ya,

Qəfil gün doğsa bir gecə,

Dünya düm ağ işıqlansa;

Şəhər-şəhər, küçə-küçə,

Otaq-otaq işıqlansa,

Görərik kimlərin əli

kimlərin cibindən çıxır.

Kimlər əyilə-əyilə

kimlərin evindən çıxır.

Ramiz Rövşən fəlsəfə şairidir. Həyat, ölüm, Allah, sevgi, nifrət - hamısını şerlərində elə gözəl təsvir edir ki... Bu bir sirrdir məncə. Özündən başqa kimsənin bilmədiyi böyük bir sirr. Məhz bu sirrdir onu bizə - oxucusuna sevdirən.

Yenə bu şəhərdə üz-üzə gəldik

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik.

Bəlkə də xoşbəxtik, xəbərimiz yox...

Və ya,

Demə, biz ki quş deyilik,

Allaha tanış deyilik...

Ruhum, dur, yığış, gedirik,

Sən yuxarı, mən aşağı...

Ədəbiyyatımızın elə sütunları var ki, onlarsız ədəbiyyat ayaqda dura bilməz. Ramiz Rövşən də bu gün Azərbaycan ədəbiyyatının şah damarıdır. Onun hər bir şeri, sənətkarlıq, fikir dərinliyi, rəvanlıq cəhətdən dilimizin gözəlliyini, incəliyini bir başqa cür təqdim edir bizə. Ramiz Rövşən poeziyamızda yeni iz, yeni ad, yeni yol, yeni bir üslubda öz möhürünü vuran, sözünü deyən əvəzedilməz, təkrarsız, bənzəri olmayan şairdir.

İlahi, al məni bunun əlindən!

İlahi, kaş məni bu yer üzündə

Bir özgə adama tuş eyləyəydin,

Lap məni adam yox, quş eyləyəydin,

Lap belə bir qara daş eyləyəydin,

Məni bu adama sən necə qıydın,-

İlahi, al məni bunun əlindən!

Və ya,

Kişilər bir olmur atam balası

Qorxağı var, igidi var,

Amma hər kişinin öləndən sonra

Qəbri üstdə ağlamağa

Bir qara paltarlı gözəl bir qadına ümidi var.

Şairin şerlərini nə qədər oxusan da, ondan doymaq olmur. Ramiz Rövşənin sadəliyi, səmimiliyi, insanlığı onun əsərlərində özünü açıq-aşkar büruzə verir. Sərbəst vəzndə sətirlərdə misraların ölçüsü, hecaların sayı və qafiyələrin düzülüşü nə qədər sərbəst olsa da, hər bir şeirin özünəməxsus qafiyəsi var. Ramiz Rövşənin şerlərini oxuyanda bir növ mənəvi qidalanırsan sanki. Boşuna ona rud adamı, sevgi adamı demirlər ki.

Nə çoxmuş dünyanın yükü;

sevgisi yük, nifrəti yük.

Görüşəndə - söhbəti yük,

ayrılanda - həsrəti yük.

Bu dünya bir yük ağacı,

hər yükün kökü insanmış.

İnsanın yükü dünyaymış,

dünyanın yükü insanmış.

Deyirlər, “şairi şair edən iztirab və dərdləridir”.

Yunus Əmrənin sözləridir ki:

Dərman axtardım dərdimə

Dərdim mənə dərman imiş.

Ramiz Rövşən də “dərdsiz ürəyi susuz dəyirman” adlandırır.

Göz yaşları süzüldükcə

Adamın quru üzünə.

İçimizdə batan dərdlər

Bir-bir çıxır su üzünə.

Bu dünyaya çətin ki, bir də belə Ramiz Rövşən gələ bilə...

Küsən çox şair sözündən,

Öpən yox şair gözündən,

Şerin astarı üzündən,

Baha çıxır, baha çıxır.

Gözlərinizdən, əllərinizdən öpürəm, ruhumun şairi. Ən azı 100 yaşayın. Bizim üçün!

Cəmilə Hətəmxanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm