Qərbdə də özünü yaxşı hiss edən Şərqin azərbaycanlı dahisi: Dünyaya onun kimisi gəlməyəcək
Bizi izləyin

Art

Qərbdə də özünü yaxşı hiss edən Şərqin azərbaycanlı dahisi: Dünyaya onun kimisi gəlməyəcək

Qərbdə də özünü yaxşı hiss edən Şərqin azərbaycanlı dahisi: Dünyaya onun kimisi gəlməyəcək

Mən hər günümə görə şükür edirəm - Günəş şüası ilə, Ay ışığı ilə bəzənmiş hər günümə görə minnətdaram. Fərqi yoxdur konsert verirəm, yoxsa, bu möhtəşəm Yer kürəsinin üstündə piyada gəzirəm. Mən sadəcə olaraq Allaha bu Yer üzündə olduğum üçün minnətdaram.

Publika.az xəbər verir ki bu fikirlərin müəllifi Əzizə Mustafazadənin bu gün doğum günüdür. Bu münasibətlə dünya şöhrətli musiqiçinin müxtəlif illərdə verdiyi müsahibələrdən ən maraqlı məqamları sizə təqdim edirik.

Əzizə Mustafazadə 19 dekabr 1969-cu ildə tanınmış cazmen, 39 yaşında dünyasını dəyişən Xalq artisti Vaqif Mustafazadənin ikinci evliliyindən dünyaya gəlib. Vaqifin ikinci həyat yoldaşı gürcü qızı Elza olur. Onlar Tbilisidə tanış olublar. Vaqif Mustafazdə o vaxt vətənə qayıdanda Elza ilə birlikdə gəlir. O zaman artıq Əzizə anasının bətnində olur.

Boşuna demirlər ki, istedad irsən keçir. Valideynləri 8 aylıq Əzizənin musiqiyə olan marağını el o vaxtdan kəşf edirlər. Əzizə, anası Eliza xanımın ona danışdığı bir əhvalatı belə xatırlayır:

"Bir dəfə atam pianoda, insanda çox dərin və kədərli hisslər oyadan Şur muğamını ifa edirmiş. Atam çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən, birdən anam musiqiylə mənim hisslərim arasındakı əlaqəni sezir. Atama deyir "Vaqif, bir zəhmət Rasta keç. Rastı çal". O da çalmağa başlayıb. Rast isə şən və ritmik melodiyalarla səciyyələnir. Əlbəttə ki, göz yaşım hələ də yanaqlarımdan süzülərkən mən rəqs edən biri kimi hərəkətlər etməyə başlamışam. Anam səslənir ki, "Bax, bax, gör o nə edir!? Yenə Şuru çal!" Atam Şuru çalmağa başlayanda, bu dəfə daha da bərkdən ağlamışam. Ən azından, bu onların mənə söylədiyidir. Yenidən Rast çalınanda, mən də təzədən rəqs etməyə başlamışam."

Əzizə Mustafazadə deyir ki, mən Şərq qadınıyam. Amma Qərbdə də özümü çox yaxşı hiss edirəm. Qərb Şərqsiz nə edərdi axı?! Şərq Günəş işığıdır. Qərb Şərqə uduzub.

Kaş ki, atamı yenidən görmək şansım olardı... Bilmək istəyərdim ki, o, mənimlə mənim onunla fəxr etdiyim kimi fəxr edirmi? Məndən razıdırmı?

Arabir yuxularıma gəlir... Əsasən xoşbəxt görünür. Elə istəyirəm bilim mənim haqqımda nə düşündüyünü. Vaxt gələcək soruşacam. İstəyirəm ona toxunam. Ona toxunmaq arzusu məndə çox güclüdür. Onun varlığını hiss edirəm. Fiziki varlığını belə. Odur ki, çox güclü şəkildə ona toxunmaq istəyirəm. Dünyaya onun kimisi gəlməyəcək. O, “caz-muğam ildırımı” idi. O, Yer adamı deyildi...

Onun bir sıra xüsusiyyətlərini daşıyıram. Həssaslığı daha çox keçib mənə. O, çox həssas idi. Atam təmiz ürəkli uşaq kimi idi. Bəzən özüm də bilmədən onun ifadələrini işlədirəm. Anam deyir ki, atan da belə deyərdi...

Əzizə Mustafazadənin ilk albomu 1991-ci ildə "Aziza Mustafa Zadeh" adı ilə çıxır. "Always" adlı ikinci albomu ona yüksək alman musiqi mükafatı sayılan "Səs -Akademiyası Mükafat"ını və "Soninin Exo Mükafatı"nı qazandırır. Peşəkar musiqiçi bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. 2007-ci ildə Contrasts II albomunu çıxardır. Uzun fasilədən sonra, 1 iyul, 2020-ci ildə "Generations" albomunu təqdim edir. Əzizənin 5-ci albomunun adı, "Jazziza" ("Cazziza"), atasının uşaq ikən ona verdiyi ləqəbidir. Onun atasına ithaf etdiyi çoxlu musiqiləri var. Çəkdiyi əziyyətlər verdiyi əməklər hər zmaan yüksək qiymətləndirilir. 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adı ilə təltif olunur.

"Dünyada heç bir uğur valideyn olmaqla müqayisə oluna bilməz. Uşaq insanın ən böyük uğurudur mənə görə", - deyib Əzizə Mustafazadə. Mənim üçün ailə birinci növbədə gəlir. Musiqi də ailədir. Ailə və musiqi o qədər bir-birinə bağlıdır ki...

Burada da genetik kodlar öz sözünü deyir. Bir vaxtlar Vaqif Mustafazadə sənətini və ailəsini sevdiyi kimi, onun yadigarı da elə ən azı atası kimi musiqiyə və ailəsinə aşiqdir.

Heç bilmirəm indi həyat yolumun hansı mərhələsindəyəm və bundan sonra daha nə qədər yol qət edəcəyəm. Bildiyim bir şey var: hər gün yaradana şükür edirəm. Məncə, insan təşəkkür etməyi unutmamalıdır. Gerisi zatən təfərrüatdır...

Cəmilə Hətəmxanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm