"Fəryad" edərək bu dünyadan küsdü - Bir anlıq gözünü açıb, qızını çağırıb və...
Bizi izləyin

Art

"Fəryad" edərək bu dünyadan küsdü - Bir anlıq gözünü açıb, qızını çağırıb və...

Bir çox kino adamları "kino mənim həyatımdır" deyə bilərlər: bu sənəti həyatı qədər sevdiyindən, yaxud kino aləminə ömrünün ən yaxşı illərini bağışladığından.

Cəmi 47 il ömür yaşadı. Bu ömrün də nə az, nə çox, düz 37 ilini kinoya həsr etdi. Ən son ekranlaşdırdığı filmini görmək özünə qismət olmayan, Azərbaycan kinosunun xeyirxah və sevimli İsmayılı - Ceyhun Mirzəyev.

Publika.az xəbər verir ki, bu gün istedadlı rejissor və aktyor Ceyhun Mirzəyevin anım günüdür.

Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Təhsilini Moskvada təkmilləşdirmək qərarına gəlib. Lap kiçik yaşlarından kinoya gəlib, onun çəkiliş meydançasında ilk dəfə iştirakı 9 yaşında olub.

Kiçik rollara həyat verməklə işə başlayan Ceyhun Mirzəyev assistent, rejissor köməkçisi, aktyor və rejissor kimi özünü və istedadını sübüt etməyi bacarıb. "Axırıncı aşırım", "Bəyin oğurlanması", "Cazibə qüvvəsi", "Dəli Kür", "Ən vacib müsahibə", "Əsl dost", "Fəryad", "Görüş", "İşarəni dənizdən gözləyin", "İstintaq davam edir", "Koroğlu", "Qanlı zəmi", "Qanun naminə", "Qara qağayı" , "Lətifə", "Mateo Falkone", "Ögey ana", "Snayperlər", "Yenilməz batalyon", "Yol əhvalatı" kimi sevilən ekran əsərlərində özünəməxsus obrazlar yaratmağı və tarixdə qalmağı bacarıb Ceyhun Mirzəyev.

Duzlu, sərrast süjetlər çəkdiyi "Mozalan" satirik kinojurnalının bədii rəhbəri də olub. Güclü parodiya qabiliyyəti olub. Hətta "Mozalan" satirik jurnalının məşhur vızıltısını da o səsləndirib.

1992-ci ildə “Fəryad” filminin hazırlıq prosesinə başlanılır. Ceyhun Mirzəyevin ilk işi də, son işi də İsmayıl olur. Bəlkə bu da təsadüfi deyil. O, məhz balaca İsmayılla sevilmişdi. Bu sevgi idi İsmayılı böyüdüb "Fəryad"a kimi gətirib çıxaran. Ekran əsərinin çəkiliş prosesində keçirdiyi daxili sarsıntılara həssas rejissorun ürəyi çox tab gətirə bilmir. Elə kinostudiyada halı dəyişən aktyoru evə aparırlar. Bir müddət evdə müalicə alır.

Filmin montaj prosesinin yekunlaşmağına az qalırdı. Elə həmin ərəfədə telestudiyada “Fəryad” filmi haqqında veriliş hazırlanırdı. Ceyhun Mirzəyev verilişin çəkiliş prosesindəı iştirak etdiyi zaman qəfildən halı pisləşir, onu evə aparırlar.

Həyat yoldaşı müsahibələrinin birində belə deyib:

“Bir anlıq gözünü açıb qızımız Cəmiləni çağırdı. Qızın üzünə baxdı və gözlərini yumdu. Biz elə bildik yuxulayıb. Amma təcili yardım gəlib dedi ki, bayaqdan canını tapşırıb.” Sən demə Ceyhun Mirzəyevin ürəyi partlayıb. 1993-cü il martın 5-də, 47 yaşının tamamına 1 ay qalmış Ceyhun Mirzəyev vəfat edir.

O "Fəryad"ı Azərbaycanda kinosunun ciddi böhran keçirdiyi bir vaxtda ekranlaşdırdı. Bu filmə görə çox böyük çətinliklərlə qarşılaşdı. Amma nə qədər kədərlənsə də, gözləri həmişə güldü. Əfsus ki, nə filmi görmək, nə də səsləndirmək Ceyhun Mirzəyevə qismət olmadı.

O, "Fəryad" filminin hər bir kadrı ilə tamaşaçını kövrəlməyə, o sarsıntıları olduğu kimi duya bilməyə nail olmuşdu. Ceyhun Mirzəyevin bu dünyandan vaxtsız, cavan yaşında qəfil gedişi Azərbaycan kino sənətinin və tamaşaçısının fəryadı oldu.

Cəmilə Hətəmxanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm