Avropa
Yunanıstan Türkiyəyə MEYDAN OXUDU: “Əsgərlərimizi göndərdik, cəsarətiniz varsa...”
Yunanıstan və Türkiyə arasındakı gərginlik hər keçən gün artmaqdadır.
Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, Yunanıstanın müdafiə naziri Panos Kammenos sonuncu bəyanatı ilə Türkiyəyə meydan oxuyub.
Türkiyəni “Yunanıstanı təxribata çəkməyə davam edən düşmən” adlandıran yunan nazir Egey dənizindəki adalara və Türkiyə ilə sərhəd bölgəsinə 7 min əsgər göndərdiklərini bildirib.
“Cəsarətləri varsa, bir qarış torpağımıza göz diksinlər. Yunanlar bir olub onları əzəcək. Yunanlar ayıq olmalıdır. Türkiyənin təhdid və təxribatları geri çəkilməyimizə gətirib çıxarmayacaq, əksinə bizi gücləndirəcək”, - o deyib.
Panos Kammanos həmçinin Türkiyədə həbsdə olan iki yunan hərbçisini azad edərək vətənə gətirəcəklərini vurğulayıb.
Digər bir xəbərə görə, Türkiyənin Afinadakı səfirliyi bir qrup insanın hücumuna məruz qalıb. “Rubikonas” adlı qrupun 8-10 üzvü səfirlik binasına içində qırmızı boya olan şüşələr atıblar. Polis hücumdan sonra qrupun 5 üzvünü saxlayıb.
Qeyd edək ki, Egey dənizində bir sıra adalar və qayalıqlarla bağlı Ankara və Afina arasındakı gərginlik onilliklərdir davam edir. Türkiyə dənizdəki bəzi adalar və qayalıqları işğal edilmiş hesab edir.
Ötən ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfərində bu məsələ ətrafında qalmaqal yaranıb. Daha doğrusu, Ərdoğanla yunan həmkarı Prokopis Pavlopulos arasında Lozanna müqaviləsi ilə bağlı mübahisə yaranıb. Türkiyə prezidenti müqavilənin köhnəldiyini bildirib.
“Lozannada həll olunmamış məsələlər var. Bu, 94 il əvvəl imzalanmış razılaşmadır. 94 il ərzində planet xeyli dəyişib. Yunanıstan və Türkiyə arasında bu dövrdə yeni problemlər yaranıb”, - Türkiyə prezidenti vurğulayıb.
Yunanıstan prezidenti isə Lozanna müqaviləsinin iki xalqın milli torpaqlarının sərhədlərini çəkən razılaşma olduğunu deyib. Onun sözlərinə görə, bu, ikitərəfli münasibətlər baxımından heç bir boşluq buraxmayan bir müqavilədir.
Afinada növbəti “Lozanna qalmaqalı” isə Yunanıstanın baş naziri Aleksis Çiprasla görüşdən sonra keçirilən mətbuat konfransında yaşanmışdı. Yunan baş nazir Lozanna razılaşmasına yenidən baxılmasının və Yunanıstanın ərazi bütövlüyü ilə əlaqədar olaraq hər hansı bir vəziyyətin müzakirə mövzusu olmadığını deyib.
“Bizim sərhədlərimiz Lozanna ilə müəyyən edilib”, - Çipras vurğulayıb.
Ərdoğan isə cavabında Lozanna razılaşması yalnız Türkiyə ilə Yunanıstan arasındakı bir razılaşma olmadığını, razılaşmada 11 ölkənin yer aldığını xatırladıb.
Bu, Türkiyə prezdentinin Lozanna razılaşması ilə bağlı ilk bəyanatı deyil. Ərdoğan 2016-cı ilin ilin sentyabrında kənd icra nümayəndələri ilə görüşü zamanı razılaşmanın bir “zəfər” olmadığını dilə gətirmişdi.
“1921-ci ildə Sevr, 1923-cü ildə Lozanna razılaşmasını bizə sırıdılar. Bumu zəfər? Bəziləri Lozannanı “zəfər” adlandıraraq udmağımıza çalışdılar. Qışqırsan səsimizin eşidiləcəyi adaları verdik. Oralar bizim idi. Oralarda hələ də məscidlərimiz var. Məhz həmin razılaşmada masaya oturanların günahı var idi. Həmin masaya oturanlar o razılaşmanın haqqını verə bilmədilər. Verə bilmədikləri üçün hazırda bunun çətinliyini yaşayırıq”, - prezident söyləmişdi.
Ərdoğan bundan bir ay sonra məsələyə yenidən qayıtmış və 1923-cü il siyasətinin aktuallığını itirdiyini bəyan etmişdi.
“Təəssüf ki, həm qərb, həm də cənub sərhədlərimizdə “Misaki Milli” hədəflərimizi qoruya bilmədik. Dövrün şərtləri etibarı ilə bu vəziyyətlə razılaşanlar ola bilər. Bu yanaşma ilə bir yerə qədər razılaşmaq mümkündür. Əsl dəhşətlisi, zərurətdən qaynaqlanan bu vəziyyəti qəbul edərək özümüzü tamamilə həbs etmə anlayışıdır”, - Türkiyə prezidenti qeyd edib.
Xatırladaq ki, “Misaki Milli” (Milli And) bəyannaməsi 28 yanvar 1920-ci ildə Osmanlı dövlətinin son parlament iclasında qəbul edilib. Türkiyə Respublikasının mövcud sərhədləri Osmanlının süqutu ərəfəsində qəbul edilən 6 maddədən ibarət bu bəyannamənin əsasında müəyyən olunub.
“Misaki Milli” sərhədlərinə Türkiyənin mövcud sərhədləri ilə yanaşı, Suriyanın Hələb və şimalındakı ərazilər, Şimali İraqın Mosul, Kərkük, Ərbil şəhərləri və ətraf əraziləri, Kipr adası, Yunanıstanın Egey dənizindəki adaları və Qərbi Trakya daxildir.
Lozanna razılaşması isə 1923-cü il iyulun 24-də isə Türkiyə ilə Qərb dövlətləri arasında imzalanıb. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu razılaşma tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynadı. Yunanıstandan başqa, heç bir dövlətin Sevr müqaviləsinin şərtlərini tanımaması Lozanna konfransının çağırılmasına səbəb olmuşdu. Səkkiz ay davam edən mübahisələrdən sonra nəhayət 1923-cü il iyulun 24-də tarixi Lozanna müqaviləsi bağlandı. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı, Egey dənizindəki xırda adalar bölüşdürüldü. Lakin türk-yunan ixtilafı tamamilə həll olunmadı.
Afinada hesab edirlər ki, Lozanna müqaviləsinin yenidən baxılması haqqında Ərdoğanın bəyanatlarının arxasında ərazi iddiası dayanır. Lozanna müqaviləsi məhz Egey dənizində yerləşən adalar üzərində Afinanın suverenliyini möhkəmləndirir.
Ömər Dağlı
-
Elm və təhsil01:51
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı
-
Nida Xəbər 11 Oktyabr 20:20
Oqtay Şirəliyev cərimələndi - Nə baş verib?