Banklar
Kreditlərin də faizləri artır?
Məlum olduğu kimi, Azərbaycanda fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri fevralın 1-dən yenidən vergiyə cəlb edilib. Buna qədər isə 7 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirləri vergidən azad idi. Ödəmə mənbəyindən 10 faiz dərəcəsi ilə tutulan bu verginin yaratdığı xərci əmanət faizlərinə əlavə olunacağı, yoxsa əmanətin faiz gəlirlərindən reallaşdırılacağı maraq doğurur.
Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu ayın əvvəlində keçirilən mətbuat konfransında bankların həmin xərci öz əmanət faizlərində əks etdirəcəklərini hesab etdiyini bildirmişdi. Onun ehtimalına görə, bu, kredit faizlərinə təsir edə bilər.
Aydın məsələdir ki, banklar əmanətçilərin ödənilməli olduqları vergini faizlərə əlavə edərlərsə və yaxud onların əvəzinə ödəyərlərsə bu, xərcləri artırmış olacaq. Bu da kreditlərin faizlərinin artması ilə müşahidə oluna bilər. Bəs, bütün bunlar nə dərəcədə real görünür?
Son illərin rəsmi göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycanda əmanətlərin faizləri azalmaqdadır. Hətta ötən il ikirəqəmli inflyasiya fonunda belə əmanətlərin orta faizi azalıb. Mərkəzi Bankın məlumatına görə, ötən ilin əvvəlində bankların yeni cəlb etdikləri müddətli əmanətlərin orta göstəricisi 9,07 faiz, bu ilin əvvəlində isə 8,35 faiz olub. Azalma kreditlərin faizlərində də özünü göstərib. Belə ki, ötən ilin əvvəlində bankların yeni verdikləri kreditlərin orta göstəricisi 16,43 faizdən bu ilin əvvəlində 15,85 faizə enib.
Ötən il bankların depozit portfeli 6 milyard 824,3 milyon manat artaraq 33 milyard 762,6 milyon manata yüksəlib. Bunun müqabilində bankların kredit portfeli 2 milyard 935,2 milyon manat çoxalaraq 19 milyard 594,4 milyon manata çatıb. Bu, bankların vəsait baxımından “korluq çəkmədiklərindən” xəbər verir. Nəticədə bu amil banklara əmanətlərə ikirəqəmli inflyasiya şəraitində təklif etdikləri birrəqəmli faizləri bir az da azaltmağa imkan yaradır.
Digər tərəfdən depozit portfelinin əksər hissəsi hüquqi və fiziki şəxslərin tələbli depozit və əmanətlərindən ibarət olsa da, vəsaitin artması onun kreditə çevrilməsi istiqamətində banklar arasında rəqabəti artırır. Bu məsələ kreditlərin faizlərinin enməsini şərtləndirir.
Belə şəraitdə bankların əmanətçilərin vergi öhdəliklərini üzərlərinə götürmələri, yaxud kredit faizlərinə əlavə etmələri real görünmür.
Hazırda ölkədə fəaliyyət göstərən 25 bankdan 1-i əmanət faizlərinə tətbiq edilən bu vergi xərcini üzərinə götürüb. Lakin bu, kampaniya xarakteri daşıyır. Belə ki, həmin bank yalnız fevralın 1-dən mayın 1-nə qədər olan dövrdə əmanət yerləşdirmiş fiziki şəxslərin bir il ərzində hesablanmış faiz xərcini özü ödəyəcək.
Bəzi ekspertlər faiz gəlirlərinin vergiyə cəlb edilməsinin əhalinin banklardakı vəsaitləri çıxarıb daşınmaz əmlaka yönəldəcəklərini bildirsələr də, bu da inandırıcı deyil.
İlk növbədə, əksər əmanətlərin məbləği daşınmaz əmlak almağa imkan vermir. Eyni zamanda, vergiyə cəlb ediləndən sonra belə banka əmanət yerləşdirmək daşınmaz əmlaka investisiya etməkdən daha sərfəlidir. İstər gəlirin miqdarı, istərsə də likvidlik cəhətdən bank əmanəti daşınmaz əmlaka investisiyanı üstələyir. Həmçinin Türkiyədə baş verən zəlzələdən sonra xüsusilə də mənzil tikintisində keyfiyyət məsələsini də aktuallaşdırdığından banklardakı əmanətlərin daşınmaz əmlak sektoruna axın edəcəyi mümkün görünmür.
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya10 Avqust 16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya10 Avqust 14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi



















.jpg)
















