Şah Abbasın rus çarı Mixail Fyodoroviçə - HƏDİYYƏSİ
Bizi izləyin

Bilgi.az

Şah Abbasın rus çarı Mixail Fyodoroviçə - HƏDİYYƏSİ

Tarix boyu dövlətlər arasındakı münasibətlər müxtəlif yollarla tənzimlənib. Çox zaman hökmdarlar öz qızlarını və ya bacılarını digər güclü, ya da asılı olduqları dövlətin başçısına ərə verməklə, qiymətli at, yəhər, taxt, silah və digər hədiyyələr bağışlamaqla özlərinə müttəfiq qazanmağa çalışıblar.

Elə bu gün də Moskvada Kremlin muzeylərində belə hədiyyələr sərgilənir. Bunlardan biri kimi 1590-cı ildə Şah Abbasın səfir Andibəylə çar Fyodor İvanoviçə göndərdiyi kənarları qızıldan olan yəhəri misal göstərmək olar. Üzərinə məxmər çəkilmiş, qızılı saplarla işlənmiş, rubinlər, zümrüdlər və iri firuzə düzülmüş bu yəhər hələ də sənət nümunəsi kimi tamaşaçıları heyran qoyur. Şah Abbas tatar murzası Çetanın nəslindən olan rus çarı Boris Qodunova da 1604-cü ildə İran səfiri Laçın bəyin vasitəsilə taxt yollamışdı. 1635-ci ildə İran şahı Şah Səfi rus çarı Mixail Fyodoroviçə kənarları qızılı, incilər, zümrüdlər, rubinlər və firuzə ilə bəzədilmiş, qiyməti 650 rubl dəyərləndirilən başqa bir yəhər hədiyyə etmişdi. 650 rubl o zaman üçün çox böyük məbləğ idi.

1775-ci ildə sultan Əbdül Həmid də II Yekaterinaya Kiçik Qaynarca sülh müqaviləsi münasibətilə yəhər dəsti hədiyyə etmişdi.

Rus çarları tərəfindən də Osmanlı sultanlarına və İran şahlarına hədiyyə edilmiş bu cür qiymətli əşyaları İstanbuldakı Dolmabaxça sarayında da, Tehrandakı Şah Sarayında da görmək olar.

Ağa Məhəmməd Şah Qacarın hücumuna qarşı müstəqil dirəniş göstərmək üçün kifayət qədər qüvvəsi olmayan Qarabağ xanlığı da gürcü çarı İraklinin ardınca yardım almaq məqsədilə Rusiyaya müraciət edir. O zamanlar bir çox Qafqaz xalqları da Rusiyaya eyni müraciəti etmişdilər. Təbii ki, bütün bu müraciətlər həm də qiymətli bəxşişlərlə müşayiət olunurdu.

Əksər hallarda hədiyyələr siyasi gərginliyin aradan qaldırılmasına təkan verirdi. Şah Abbasın 1625-ci ildə Rusiya çarı Mixail Fyodoroviçə göndərdiyi hədiyyə də məhz belələrindən idi. İisus Xristosa məxsus olan bu müqəddəs xitonu (qədim yunanlarda uzun köynəyə oxşar ağ mələfədən geyim – H.M.), rizəni Şah Abbasın ordusu 1616-1617-ci illərdə Gürcüstanı işğal edərkən ələ keçirmişdi...

news-detail

Bəzi müəlliflər xristianlara məxsus bu rizənin müsəlmanlar üçün heç bir əhəmiyyət daşımadığını yazsalar da, qeyd etməliyik ki, "Quran-i Kərim"də də İsa əleyhissalam peyğəmbərlər arasında ən yüksəklərindən biri və ülüləzm adlandırılan altı peyğəmbərdən beşincisi kimi qəbul olunur. Müsəlmanlar onun çarmıxa çəkilərək ölmədiyinə, göyə çəkildiyinə inanırlar: "Onu asmadılar, onu öldürmədilər. Allahü təala onu öz qatına yüksəltdi" ("Nisə" surəsi, 158-ci ayə). Hədis-i şəriflərdə də İsa peyğəmbər haqqında deyilir: "İsa ölməmişdir. O, qiyamətdən öncə sizə dönəcəkdir". "Mən Məryəm oğlu İsanın dünya və axirətdə ən yaxınıyam". "Mənimlə İsa arasında başqa bir peyğəmbər yoxdur".

İsa peyğəmbər və onun möcüzələri haqqında "Quran-i Kərim"in Əl-i İmran, Məidə, Bəqərə, Nisə, Məryəm, Saf və bəzi digər surələrində də bəhs olunur. İslam dini İsanı beşinci peyğəmbər kimi qəbul etsə də, xristianların onun Allahın oğlu olması fikrini "Allaha şərik qoşmaq" kimi qiymətləndirərək haqlı olaraq inkar edirlər.

Gördüyümüz kimi, İsa peyğəmbər İslam dinində kifayət qədər dəyər verilən bir ülüləzmdir. Belə olduğu halda ona məxsus olan hər hansı bir əşyanın müsəlmanlar üçün əhəmiyyətsiz olduğunu söyləmək düzgün olmazdı. Deməli, digər peyğəmbərlərə məxsus olan əşyalar kimi, İsa əleyhissəlamın rizəsi də müsəlmanlar üçün müqəddəsdir. Bəs onda niyə I Şah Abbas belə bir tütyəni Rusiyaya hədiyyə edirdi?

Məlumdur ki, XVI-XVII əsrlərdə Qafqaz bölgənin güclü ölkələri arasında yağlı tikəyə çevrilmişdi. Burada İranın, Osmanlının və Rusiyanın maraqları toqquşurdu. Bu toqquşmalarda Kırım xanlığı Osmanlı ilə bir cəbhədə idi. Əlbəttə ki, bölgənin güclü ölkələri arasında müharibənin qızışmasında bir sıra Şərqi və Qərbi Avropa dövlətləri, o cümlədən də Reç Pospolita və Avstriya da maraqlı idilər… Rusiya da Kazanı (1552), Həştərxanı (1556) işğal edərək özünün Şimali Qafqazdakı planlarını həyata keçirmək üçün məqam gözləyirdi.

XVI əsrin sonu – XVII əsrinəvvəllərində İran şahı I Şah Abbas Osmanlı dövlətinin Avstriya ilə müharibəyə başının qarışdığından istifadə edərək ona hücum etdi. Qafqazda yenidən vüsət alan bu müharibə zamanı İran Osmanlını bir sıra bölgələrdən sıxışdırıb çıxartdı. Təbii ki, İranın bu uğurları Rusiyanı narahat edir və çar tez-tez bunu elçiləri vasitəsilə şaha çatdırırdı. Əlbəttə ki, Osmanlı ilə savaşan İrana Rusiya boyda problem lazım deyildi. Üstəlik də Gürcüstanı işğal edərkən gürcü çarı Teymuraz Rusiyaya müraciət edərək onu öz himayəsi altına almasını istəyir. Rus çarı Mixail Fyodoroviç bu istəyi, xahişi böyük məmnuniyyətlə qəbul etməklə həm də İrana bəzi ciddi məsajlar verir. Münasibətlərini korlamaq istəməyən və Rusiyanı müəyyən müddətə neytrallaşdırmağa çalışan I Şah Abbas 1622-ci ildə Gürcüstanın və Teymurazın sonrakı taleyi ilə bağlı danışıqlar zamanı Rusiya elçilərinə onda İsa peyğəmbərə aid müqəddəs xitonun olduğunu söyləyir. Guya o, həmin rizəni ona görə götürübmüş ki, Mixail Fyodoroviçə və atası Patriarx Filaret Nikitiçə hədiyyə etsin.

Əlbəttə ki, bu, gərgin vəziyyəti müəyyən qədər yumşaltmaq, Rusiyanı hələlik neytrallaşdırmaq məqsədilə atılmış bir addım idi. Təbii ki, o, bu addımın fanatik xristianlar arasında necə qarşılanacağını çox gözəl bilirdi… Əgər doğrudan da I Şah Abbas Rusiya ilə münasibətləri yaxşılaşdırmaq, dost olmaq istəyirdisə, onda rizəni elə həmin elçilərlə Mixail Fyodoroviçə yollayardı. Lakin şahın rizəni rus çarına verməsi üç il çəkir… Nəhayət, 1625-ci ilin martında İnar elçisi Urusam bəy rizəni I Şah Abbasın Patriarx Filaretə və onun oğlu çar Mixail Fyodoroviçə hədiyyəsi olaraq Moskvaya gətirir. Bu, balaca bir qutunun içərisində bir az qızartdaq, solğun, çox köhnə olduğu ilk baxışdan görünən parça idi. Rizəni müsəlman şahın göndərməsi müəyyən qədər şübhə yaratdığından həmin vaxt Moskvaya gəlmiş yunanıstanlı və yerusəlimli arxiyerey və arximandritlərlə birgə diqqətlə yoxladılar və doğrudan da bu parçanın Xristosa aid olduğunu təsdiqlədilər. Lakin tam əmin olmaq üçün onda Allahın möcüzəsinin olub olmamasını da yoxlamaq qərarına gəldilər. Bunun üçün bütün kilsələrdə bir həftəlik orucla bərabər, əllərində xaç, dillərində dualar şəhərin küçələrini gəzərək rizəni ağır xəstələrə toxundurdular. Qaynaqlar bu bir həftə ərzində 14 ağır xəstənin möcüzəli sağalmasından bəhs edirlər. Beləliklə, rizənin İsa peyğəmbərə məxsus olmasına heç bir şübhə qalmır. Kilsə xadimləri Böyük Orucun olmasını bəhanə gətirərək rizənin Moskvaya gəlişinin bayram edilməsini köhnə stillə iyulun 10-a, yeni stillə 23-ə saxlayırlar. Bizcə, səbəb heç də Böyük Oruc deyildi. Məsələ burasındadır ki, iyulun 10-u Mixail Fyodoroviçin taxta çıxdığı vaxta düşürdü. Bununla müqəddəs rizənin Moskvaya gətirilməsində çarın rolu da vurğulanmış olurdu. Göz yaşları içərisində rizəni öpərək qəbul edən oğul Mixail Fyodoroviç və atası mitropolit (pravoslav keşişlərinin yüksək rütbəsi – H.M.) Filaret Nikitiç onu kilsədə xüsusi hazırlanmış yerə qoyurlar və bundan sonra çar müqəddəs hədiyyənin əvəzində minnətdarlıq əlaməti olaraq İran şahına çoxlu hədiyyələr göndərir. Beləcə, I Şah Abbasın hədiyyəsi iki dövlət arasında münasibətlərin yaxşılaşmasına şərait yaratmış oldu…

news-detail

Xristian din xadimləri belə çətin siyasi durumda İsanın rizəsinin Moskvaya gətirilməsini Allahın xoş niyyəti, razılığı kimi izah edirdilər. Həqiqətən də son illər Rusiya üçün ağrılı keçmişdi. "Çətin illər" adlandırılan 1604-1613-cü illərdə Rusiya bir müddət Polşa-Litva dövlətinin əsarəti altında qalmış, çoxlu xalq üsyanları baş vermişdi...

Rizənin şəfaverici, möcüzəvi özəllikləri haqqındakı şaiyələr ildırım sürətilə bütün Rusiyaya yayıldı və beləliklə də, insanların rizəyə, xristianlığa, İisus Xristosa inamı artırdı. Məhz bu dövrdə Rusiyada pravoslav xristianlıq daha da möhkəmləndi… Artıq qeyd etdiyimiz kimi, bu hədiyyə İran və Rusiya arasında gərgin münasibətlərin yumşalmasına da gətirib çıxartdı. Belə ki, müsəlman hökmdar tərəfindən xristian tütyəsinin rus çarına hədiyyə edilməsi faktı müsəlmanlara mənfi münasibətin güclü olduğu dövrdə ruslar arasında böyük maraq və təəccüb yaratmışdı. I Şah Abbas istəyinə nail olmuşdu…

Bəs I Şah Abbasın Mixail Fyodoroviçə və onun atası bütün Rusiyanın Patriarxı Filaret Nikitiçə verdiyi bəxşişin sonrakı taleyi necə oldu?

Sonralar rizə bir neçə parçaya ayrılaraq Rusiyanın digər (Peterburq, Kostroma, Yaroslavl və s.) kilsələrinə də paylandı. Parçanın sürətlə azalmasının əsas səbəblərindən biri də ağır xəstələrin evlərinə aparılan hissənin insanlar tərəfindən cırılaraq mənimsənilməsi idi. Hər kəs əlinə keçmişkən bu müqəddəs rizədən kiçicik bir parça cırmaq istəyirdi. Rizə, demək olar ki, bütün imperatorların həyatında bu və ya digər şəkildə yer almışdı. Onu öz otağında saxlayan I Pyotr şvedlərlə Baltik dənizinə çıxış uğrundakı savaş öncəsi I Şah Abbasın rizəni gətirən elçinin Moskvada qarşılandığı yerdə Rizəqoyulan kilsənin tikilməsi əmrini verir. Maraqlıdır ki, rizənin qoyulduğu qutuya gürcü çarı Arçil Vaxtanqoviçin 1688-ci ildə Moskvaya gətirdiyi böyük və paslı mismar da qoyulurdu. Deyilənə görə, o, Xristos çarmıxa çəkilən zaman ona vurulan mismarlardan biri idi…

1917-ci ilin və sonrakı illərin qasırğası rizədən də yan keçmədi, bir neçə parçası itdi. Çox çətinliklə də olsa, kiçicik bir hissəsi vaxtilə I Pyotrun tikdirdiyi Rizəqoyulan kilsədə, bir parçası Spaso-Vvedensk Tolqsk qadın monastırında, dırnaq boyda bir hissəsi də Yaroslavlda qorunub saxlanılır. İldə bir dəfə din xadimləri rizəni qutusunda xalqın ibadətinə təqdim edirlər. Müsəlmanların bu rizəyə yaxınlaşmalarına izin verilmir. Onlar yalnız kənarda baxa bilərlər. Bununla belə, rizə haqqındakı əksər söhbətlərdə I Şah Abbasın adı çəkilir. Axırıncı dəfə rizə ilə xristian dindarların belə görüşü 2007-ci il dekabrın 1-də olmuşdu. Onu da qeyd edək ki, bu gün də pravoslav xristian təqvimində iyulun 23-ü I Şah Abbasın rus çarı Mixail Fyodoroviçə göndərdiyi hədiyyənin Moskvaya gətirildiyi gün kimi bayram edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm