Kriminal
Azərbaycanda fahişələri öldürən şəxsin ŞOK ƏMƏLLƏRİ - Evdən çılpaq halda qaçdı
Bakı-Qazax magistralının 98-ci kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində qətl törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Hikmət Fərəcovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Nəvahi kəndində “Tural” restoranında spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə “Nəvahi” marketin yaxınlığında rastlaşdığı, pul müqabilində intim xidmət göstərən Şirvan şəhər sakini Gülxar Qədirlinin həyat tərzini bəhanə edib, ona heç bir aidiyyəti olmadığı halda qadını öldürmək qərarına gəlib.
Cinsi əlaqədə olmaq istədiyi qadını öldürdü
Hikmət Fərəcov Gülxarla cinsi əlaqədə olmaq istədiyini bildirib və bu adla onu aldadaraq piyada magistral yolun kənarına, yaşıllıq əraziyə gətirib. Orada üzərində olan bıçaqla qadının boyun nahiyəsinə vurub. Gülxar aldığı zərbədən ölüb.
Daha sonra bu qəbildən olan cinayətkar əməllərini davam etdirmək üçün o, Bakı şəhərinə gəlib. Əvvəllər tanımadığı, sosial şəbəkə vasitəsilə əldə etdiyi məlumat əsasında “Aysu” adı ilə intim xidmət göstərən Vəli (ad şərti verilib – red.) ilə telefon vasitəsilə əlaqə saxlayıb.
O, cinsi əlaqədə olmaları barədə razılıq əldə etdikdən sonra Vəlinin yaşadığı evə gəlib. Həmin mənzilin yataq otağında Vəlinin əxlaqsız həyat tərzi keçirməsini bəhanə edib, bıçaqla onun döş qəfəsinə xəsarətlər yetirib.
Vəli aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Vəlinin həyatını xilas etmək mümkün olub.
“Əxlaqsız qadınları öldürmək fikrinə düşdüm”
İstintaq orqanı tərəfindən Hikmətin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
Hikmət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, ailəlidir, himayəsində iki övladı var: “Usta işləməklə ailəmi dolandırmışam. Hadisə baş verən günü pivə içmək üçün yaşadığım Nəvahi kəndindəki evimdən çıxdım, kənd ərazisində “Nəvahi” restoranı ilə üzbəüz yolun qarşı tərəfində, Bakı-Qazax yolunun Bakı istiqamətində sol tərəfindəki “Tural” kafesinə gəldim.
Orada pivə içdim, sonra əxlaqsız qadınları öldürmək fikrimə düşdüm. Həmin vaxt, təxminən saat 23-də qarşıma Şəlalə adlı əvvəllər bir dəfə cinsi əlaqədə olduğum fahişəliklə məşğul olan qadın çıxdı. O mənimlə cinsi əlaqəyə razı olmadı, müştərisi olduğundan “Kamaz”markalı yük avtomaşınına minərək getdi. Bundan sonra gedib marketdən bıçaq aldım”.
“Sumkasından salfet çıxardım...”
Hikmət qeyd edib ki, gecə saat 1 radələrində əxlaqsız həyat tərzi keçirdən, adını sonradan bildiyi Gülxarla rastlaşıb və onunla 10 manata cinsi əlaqədə olmağa razılaşıb: “Pulu Gülxara mənimlə görüşməyə razı olması üçün verdim. Əsas niyyətim onu öldürmək idi. Birlikdə yoldan üzü yaşıllıq sahəyə tərəf getdik. Gülxar üzərindəki lasinanı aşağı saldı, sinəsindəki telefon qabını yerə tulladı, üzünü “Şahsaray” şadlıq evinə tərəf, arxasını isə mənə sarı döndərdi, sonra dizi üstə yerə oturdu.
Səsi çıxmasın deyə, anidən sol əlimlə Gülxarın ağzından tutdum, sağ əlimlə bel kəmərimdə saxladığım bıçağı çıxardım, boğazının qabaq tərəfinə bir zərbə endirdim. O, xırıldamağa başladı və yerə yıxıldı. Gülxarın yerdə olan çantasından sulu salfet götürdüm, bıçağın üzərindəki qan izlərini və əlimin üzərinə düşən qanı sildim.
Sonra telefon qabını götürdüm. Qabın içərisində sadə qara rəngli telefon vardı. Həmin telefonu şadlıq sarayının yaxınlığında hadisə yerindən təxminən 15-20 metr kənarda yerə tulladım.
Gülxarın telefon qabında olan mənə aid 10 manatı və əlavə 30 manat pulu da götürdüm”.
“Şəlaləni öldürmək üçün səhərədək gözlədim”
Hikmətin ifadəsinə görə, “Tural” kafesinə qayıdıb, əlindəki qan izlərini yuyub: “Kafedə pivə içdikdən sonra həmin restoranın yaxınlığındakı “Şeş-beş” restoranına getdim. Orada Şəlaləni də öldürmək üçün səhərədək gözlədim. Lakin o, gəlmədi. Bundan sonra avtobusla Bakı şəhərinə gəldim. Məqsədim əxlaqsız həyat tərzi sürən şəxsləri öldürmək, cəmiyyəti onlardan təmizləmək idi.
Saat 7.20-də metronun “20 Yanvar” stansiyasının yaxınlığında avtobusdan düşdüm. Sosial şəbəkələrdə əxlaqsız həyat tərzi sürən bir neçə şəxsin nömrəsini götürdüm. Həmin gün əsasən “20 Yanvar” dairəsi ətrafında və “Şamaxinka” adlanan ərazilərdə gəzdim.
Günorta vaxtı Gülxarı öldürdüyüm bıçağı tullamışdım. Gülxardan götürdüyüm pullar qurtardığı üçün öz telefonumu “20 Yanvar” metrostansiyasının yaxınlığında xatırlamadığım mağazada satdım. Daha ucuz olan sadə telefon aldım. Gecəni yaxınlıqdakı oteldə keçirdim”.
“Qapını qara saçlı qadın olduğunu düşündüyüm şəxs açdı”
Təqsirləndirilən şəxsin sözlərinə görə, səhər vaxtı əxlaqsız həyat tərzi sürən qadınlardan kimisə öldürmək üçün bir gün əvvəl sosial şəbəkədən götürdüyü nömrələrdən birini yığıb: “Söhbət zamanı qadın bildiyim şəxslə görüş təyin etdim. Onun yaşadığı evə gedəcəyim barədə razılaşdım. Görüşdən əvvəl iki qab “Əfsanə” pivəsi içdim. Danışılan vaxtda, yəni günorta saat 13 radələrində həmin mənzilə getdim.
Qapını qara saçlı qadın olduğunu düşündüyüm şəxs açdı. Sonradan adının Vəli, özünün də əslində kişi olduğunu bildiyim şəxslə bir yerdə yataq otağına, sonra özüm tək ayaqyoluna keçdim. Mənzildə başqa bir qadın da vardı. Yataq otağına qayıdaraq paltarlarımı soyundum və həmin gün metronun “28 May” stansiyasının yaxınlığından aldığım bıçağı telefon aparatının altında gizlətdim.
Vəliyə 40 manat ödədim, o, yanımda uzandı, bədənimə toxunmağa başladı. Bir əlimlə Vəlini sığalladım, digər əlimlə telefonumun altından bıçağı götürdüm, mələfənin altına qoydum. Az sonra bıçağı çıxardaraq Vəliyə 2 və ya 3 zərbə endirdim”.
“Çılpaq vəziyyətdə mənzildən qaçdım”
Hikmət bildirib ki, bıçaq zərbələri Vəlinin boğaz və sağ bud nahiyələrinə dəyib: “Vəliyə ilk zərbəni boğazından yetirdikdən sonra sonuncu qışqırmağa başladı, otağa tanımadığım şəxs daxil oldu. Həmin şəxs girəndən sonra yenidən Vəliyə 1 və ya 2 zərbə yetirdim. Səs-küy düşdüyündən, bıçağı yataq otağında döşəmənin üzərinə atdım, çılpaq vəziyyətdə mənzildən qaçdım.
Yataq otağından çıxanda mənzilin mətbəx otağında 3 və ya 4 nəfər tanımadığım adamlar gördüm. Həmin şəxslər mənə hücum etmək istəsələr də, qaçaraq çölə çıxdım.
Çöldə mənzilin yaxınlığında polis əməkdaşı məni paltarsız görərək saxladılar. Törətdiyim hadisə barədə məlumat verdim. Məni 39-cu polis bölməsinə apardılar. Bölmədə xəsarət yetirdiyim şəxsin cinsi azlıq olduğunu öyrəndim”.
“İntim xidmətlər göstəririk”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vəli bildirib ki, transseksualdır: “Valideynlərim və bacım rayonda yaşayırlar. 2019-cu ilin avqust ayından Bakı şəhərinə köçmüşəm. Bakıda dostlarım Elməddin (“Aydan”), Kamil (“Ayan”) və Elvinlə (“Mələk”) birlikə yaşayıram. Həmin mənzildə həm də intim xidmətlər göstəririk.
Müştərilərlə adətən sosial şəbəkələrdə tanış olub, kirayə qaldığım ünvana çağırmışam. Hadisə baş verən günü, günorta saat 12 radələrində Hikmət mənə zəng etdi, görüşmək istədiyini bildirdi. Qiymətdə razılaşdıq və onu yaşadığı ünvana dəvət etdim”.
“Hazırlaş gəlirəm...”
Vəlinin sözlərinə görə, Hikmət günorta saat 13 radələrində onun yaşadığı mənzilə gəlib: “Qapını Hikmətə açdım, birlikdə yataq otağına tərəf getdik. Hikmət ayaq yoluna keçdi, qayıtdıqdan sonra mənə 40 manat ödədi. Ona “soyun gəlirəm” dedim. Özüm pulu “Aydan”a verərək geri qayıtdım. Həmin vaxt əynimdə ancaq qara don olub. Hikmət paltarını çıxardaraq çarpayının yanındakı stula qoydu. Yanına uzandım, bədəninə toxunmağa başladım...
Birdən Hikmət arxadan sol əli ilə boğazımı sıxdı və qəfildən sağ əli ilə arxadan bıçaqla çiynimə zərbə yetirdi. Gözlənilməz zərbənin təsirindən möhkəm qışqırmağa başladım. Hikmət ağzımı tutmaq istədi, əlini dişlədim. Qışqırığıma otağa “Aydan” daxil oldu. Məni qan içində görərək mətbəxdən nəsə götürdü, məni qorumaq məqsədilə qaçdı”.
“Huşumu itirdim”
Vəli bildirib ki, Hikmət ikinci zərbəni bıçaqla sinəsinə endirib: “Müqavimət göstərərək otaqdan qaçmaq istədim. O, bıçaqla yenə zərbələr endirməyə cəhd etdi. Onun əlindən çıxaraq üzbəüz otağa qaçdım. Orada heç kim yox idi. Otaqdan çıxanda Hikmətin mətbəx tərəfdə dostlarımla mübahisə etdiyini gördüm.
Daha sonra Hikmət elə çılpaq vəziyyətdə qaçaraq getdi. Mən huşumu itirdim. Ayılanda xəstəxanada olduğumu gördüm. Hikmət məni heç bir səbəb olmadan öldürməyə cəhd edib”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılıb.
Hikmət Fərəcov 16 il müddətinə azadlıqdan məhrum edilib.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO