Bakıda FIRILDAQ – 33 min manatı alıb binaya daxil oldu, arxa qapıdan qaçdı - TƏFƏRRÜAT
Bizi izləyin

Kriminal

Bakıda FIRILDAQ – 33 min manatı alıb binaya daxil oldu, arxa qapıdan qaçdı - TƏFƏRRÜAT

Bakıda dostuna 33 min manat pul “atmış” şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Naxçıvan MR Naxçıvan şəhər sakini, əvvəllər də dələduzluq əməlinə görə məhkum edilmiş 1968-ci il təvəllüdlü Nemət Həsənov barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə açılmış işə baxılarkən maraqlı faktlar üzə çıxıb.

Belə ki, araşdırma zamanı məlum olub ki, Nemət Həsənov daha əvvəl tanıdığı və birgə cəzaçəkmə müəssisəsində olduğu Pərvin adlı şəxsə ucuz qiymətə dollar ala biləcəyini bildirib. 2011-ci ildə azadlığa çıxan və bundan sonra Türkiyə və Rusiyada yaşayan, 2019-cu ildə isə feysbukda mhumluq yoldaşı olan Pərvini taparaq onunla münasibəti bərpa edən Nemət fırıldaqçı niyyətini həyata keçirmək üçün plan qurub. Belə ki, Pərvin avtomobil almaq üçün dollara ehtiyacı olan və manatı xarici valyutaya dəyişdirmək istəyən həmkəndlisi Amili Nemətlə görüşdürüb. Bu zaman N.Həsənov planı həyata keçirib.

Məhkəmədə ifadə verən zərərçəkən Amil Quliyev olayı belə nəql edib:

“Mən Pərvini tanımışam, onunla həmkəndliyəm. Bakıda taksi fəaliyyəti ilə məşğul oluram. 25.09.2020-ci il tarixdə Pərvinə zəng edərək avtomobil almaq istədiyimi, buna görə də Bakı şəhərinə gələcəyimi və 33 min manat pulumun olduğunu bildirdim. Mən turbo.az saytında “Toyota Prado” markalı avtomobil bəyəndiyimi, bununla əlaqədar həmin avtomobilin sahibi ilə danışdığımı dedim. Həmin şəxs ilə avtomobilin qiymətini 20 min ABŞ dollarına razılaşdıq. Həmin şəxs pulu yalnız ABŞ dolları ilə olaraq qəbul edəcəyini bildirdi. 26.09.2020-ci il tarixdə saat təxminən 14:00 radələrində Pərvinlə birgə Bakıya gəldim. Pərvinlə söhbət zamanı mən avtomobilini almaq istədiyim şəxsin pulu ABŞ dolları olaraq qəbul etdiyini, üzərimdə isə 33 min manat pulunun olmasını bildirdim. Bu zaman Pərvin tanıdığı Nemət adlı şəxs vasitəsi ilə 33 min manat pulu ABŞ dollarına çevirə biləcəyini dedi. Biz Nemətlə görüşmək üçün Naxçıvani küçəsində yerləşən 6 saylı binanın qarşısına gəldik. Nemət də həmin yerə yaxınlaşdı. Nemətlə Pərvin avtomobilin yaxınlığında danışdılar, həmin müddətdə mən avtomobildə gözlədi. Bundan sonra onlar maşına mindilər. Pərvin sürücü yerində, Nemət adlı şəxs isə onun yanında oturdu. Pərvin ön sağ oturacağın qarşısında olan sandıqçanı açarla açaraq sellofan torbada olan pulu çıxarıb mənə verdi, mən də pulları sayıb Nemətə uzatdım. Nemət pulu cibinə qoyaraq avtomobildən düşdü. Nemət avtomobildən düşdükdən sonra Pərvin əvvəlcə Nemət adlı şəxs ilə pulu dollara çevirməyə özünün də gedəcəyini dedi.Sonra isə Pərvin mənim Nemətlə getməyimi təklif etdi. Mən avtomobildən düşərək Nemət ilə yanyana Əcəmi Naxçıvani küçəsində yerləşən 6 saylı bina istiqamətində getdim. Nemət ilə bloka çatdıqda o, mənə pulu dollara çevirən qadın hicablı qadın olduğunu, həcixanım olduğunu dedi və tək getməyin düzgün olduğunu bildirərək onu blokda gözləməyimi dedi. Bu zaman mən arxaya çevrildikdə Pərvinin də bina istiqamətində gəldiyini gördüm. Həmin zaman Pərvin həyəcanlı şəkildə Neməti hara buraxdığımı soruşdu. Mən Pərvinə Nemət hicablı qadınla görüşərək pulu dollara çevirəcəyini dedim. Bu zaman mən blokun içərisində daxil olduqda oradan çöl tərəfə yolun olmasını gördüm. Həmin zaman Pərvin Nemətə dəfələrlə zəng etsə də, onun mobil nömrəsi sönülü olduğu üçün cavab vermədi. Bundan sonra Nemət adlı şəxsin məni aldadaraq 33000 manat pulunu ələ keçirməsini başa düşdüm”.

Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Nemət Həsənovun ona vurulmuş ziyanı ödəmədiyini, ondan şikayətçi olduğunu bildirib.

Dələduzluqda təqsirləndirilən şəxs isə dostu Pərvinlə arasında pul söhbətinin olduğunu, buna görə də Pərvinin ona olan borcu qismində həmin pulu götürdüyünü deyib.

Məhkəmə N.Həsənovun 3 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm