Azərbaycanda dünya çempionunun öldürülməsinin ŞOK TƏFƏRRÜATI – FOTOLAR
Bizi izləyin

Kriminal

Azərbaycanda dünya çempionunun öldürülməsinin ŞOK TƏFƏRRÜATI – FOTOLAR

2019-cu ilin iyun ayının 15-dən 16-na keçən gecə Gəncə şəhərində üçqat dünya çempionu, on beşqat Respublika çempionu Elnur Alıyevin qətlə yetirilməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində 1983-cü il təvəllüdlü Emil Məmmədov barəsində Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə xuliqanlıq niyyətilə törədildikdə), 221.2.1 və 221.2.2 (xuliqanlıq, bir neçə şəxs tərəfindən və ictimai vəzifəsini yerinə yetirən şəxsə qarşı törədildikdə) maddələri ilə açılmış işin istintaqı zamanı maraqlı faktlar üzə çıxıb.

Məlum olub ki, hadisəni törədən şəxs də idmançıdır və əvvəllər mühafizə şirkətində çalışıb. Sonra o, həyat yoldaşı ilə Gəncə şəhərinin mərkəzində 2 çay evi və 1 avtoyuma məntəqəsi icarəyə götürərək işlətməyə başlayıb. Elnur Alıyevin qətli də onun istifadəsində olan avtoyuma məntəqəsində baş verib.

Məhkəmədə qeyd edilib ki, E.Məmmədov daha əvvəl də işlətdiyi çay evində xuliqanlıq əməli törədib. Belə ki, çay evinsə istirahət edən şəxslərdən birinin ayaqyoluna gedərkən qapını açıq qoyması səbəbindən orada kütləvi dava-dalaş olub və E.Məmmədov bir neçə müştərini döyərək xəsarətlər yetirib. Daha sonra azadlığa çıxan şəxs bu dəfə daha ağır cinayət törədib.

E.Məmmədov məhkəməyə verdiyi ifadəsində deyib:

“Həyat yoldaşım Gülnarla birlikdə 2018-ci il tarixdə “Qızıl” çay evini icarəyə götürərək işlətmişəm. İşlədiyimiz dövrdə ora gələn şəxslərin arasında dava-dalaş baş vermişdi. Həmin dava-dalaş zamanı dalaşanları ayırmaq, əmlakı qorumaq istəmişdim. Bu səbəbdən də onları ayıraraq çay evini tərk etmələrini bildirmişdim. Gülnardan və əmlakımdan narahat olduğundan dalaşanları məcburən qovmaq istəmişəm. Bundan başqa həyat yoldaşımla birlikdə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Uğur” çay evini icarəyə götürüb işlətmişəm. Eyni zamanda “Uğur” çay evi ilə üzbə-üz olan “Miraj” çay evinin birinci mərtəbəsindəki avtoyuma məntəqəsini də işlətmişəm. 15.06.2019-cu il tarixdə çayxanada iş görərkən Mahmudu görə bilmədiyindən onu axtarmağa başladım və yol istiqamətinə baxarkən sonuncunun «VAZ 2107» markalı avtomobilin yanında Elnurla söhbət etdiyini gördüm. Bu zaman avtoyuma məntəqəsində fəhlə kimi işləyən Tural yaxınlaşaraq, Elnur adlı şəxsin onun ünvanına nalayiq söyüşlər söydüyünü bildirdi. Mən də Turala pulu almamasını, Elnurun çıxıb getməsi üçün yola salmasını bildirdim. Buna baxmayaraq, Tural bir neçə dəqiqə sonra yenidən mənə yaxınlaşaraq hamının yanında Elnurun onu söyməsini bildirdi. Bundan sonra Elnurun yanına getdi. Həmin vaxt orada mən, Elnur, bir qədər kənarda Mahmud və Tural var idi. Elnura salam versəm də, salamımı almayaraq “sənsən ə çaqqal buranı işlədən” deyərək məni təhqir etdi. Elnurun hərəkətlərindən onun narkotik vasitənin təsiri altında olmasını hiss etdi. Bu səbəbdən də “söyüş söymə, əgər Tural nəsə səhv hərəkət edibsə onun yerinə üzr istəyirəm” dedim. Elnur isə yenidən mənim ünvanıma söyüşlər işlədərək “10 manata maşın yuyulur?” dedi. Elnurdan hansı səbəbə söyüş söydüyünü soruşdum, o isə “mən belə obyektlərə pul vermirəm” deyib avtomobilinə əyləşib getmək istədi. Bu zaman Elnurun avtomobilinin arxa baqaj hissəsini döyərək “biz maşını 5 manata yuyuruq, lakin sən maşınla bərabər onun motorxanasını da yuduzdurmusan və biz motorxananı da 5 manata yuyuruq, heç olmasa 5 manat fəhlənin pulunu ver get” dedim. Elnuru saxlamaqda məqsədim fəhlənin pulunu almaq idi. Bu zaman Elnur avtomobildən düşərək mənimlə üz-üzə dayandı və mübahisə etməyə başladı. Elnur anidən avtomobilinin sürücü tərəfdən ön qapısına (sol ön qapı) tərəf əyildi və bu zaman onun nəsə götürdüyünü gördü. Yenidən üz-üzə dayandıq və Elnura fəhlənin pulunu verib getməsini, söhbəti sabah danışaraq həll etməyi bildirib çevrilərək getmək istədim. Bu zaman Elnur mənə arxadan bıçaq zərbəsi endirdi və həmin bıçaq zərbəsi əlimə dəydi. Arxaya çevrilən zaman Elnurun ikinci dəfə bıçaq atdığını gördüm və cəld yaralı əlimi qabağa verdim, ikinci bıçaq zərbəsi də əlimə dəydi. Elnur üçüncü dəfə bıçaq zərbəsi atarkən sağ əlimlə Elnurun sağ əlini tutdum, sol əlimin dirsəyi ilə onun boğaz nahiyyəsindən, sağ dizimlə onun dizinin arxaya yaxın qatlanan hissəsindən vurdum. Bu zaman Elnur əyildi və onun əlini qatlayaraq əlindəki bıçağı özünə vurdum. Bu zaman Elnur yarı əyilmiş vəziyyətdə idi və zərbədən sonra yerə yıxıldı. Yerə yıxılan zaman Elnurun başı səkiyə dəydi və bir daha ayağa qalxmadı. Hadisə vaxtı məndə bıçaq olmayıb, bıçaq Elnurun əlində idi və onun əlindəki bıçağı onun özünə vurmuşam. Bundan sonra səkinin qırağında oturaraq orada olan şəxslərdən Elnura kömək etmələrini xahiş etdim. Elnuru xəstəxanaya apardıqdan təxminən 15-20 dəqiqə sonra məni də xəstəxanaya apardılar. Sonradan Elnurun aldığı xəsarətdən öldüyünü bildim”.

Qətlə yetirilən Elnurun atası da tanınmış idman adamıdır və Gəncədə kikboksinq müəllimi kimi fəaliyyət göstərir. O, oğlunun qətli ilə bağlı məhkəmədə deyib:

“Elnur Alıyev böyük oğlum idi. Elnur idmançı idi, üç qat dünya çempionu, on beş qat Respublika çempionu idi. O, həm idmançı, həm də namaz əhli olduğu üçün Gəncədə şəhərin bütün əhalisi ona xüsusi hörmət edirdi. Elnur 5 yaşından etibarən yarışlarda iştirak edib. Hadisə baş verən vaxtadək Elnurun adı bir dəfə də olsun pis işlərdə hallanmayıb. Elnur ümumiyyətlə spirtli içki içən olmayıb. 16 iyun 2019-cu il tarixdə saat 00:30 radələrində kürəkənim zəng edərək Elnurun kiminləsə dalaşdığını və hazırda xəstəxanada olduğunu bildirdi. Xəstəxanaya gedərkən onun ağladığını görüb məsələnin ciddi olduğunu başa düşdüm. Gəncə şəhər 3 saylı xəstəxananın meyitxanasına tərəf gedən zaman Elnurun öldürüldüyünü anladım. Həmin gün oğlum dəfn olundu. Oğlum dəfələrlə dünya çempionu olsa da, 1-2 il bundan qabaq idmanı tərk etmişdi. İdmanı tərk etdikdən sonra müxtəlif yerlərdə işləmişdi. Elnura sənədlərini polis orqanları sıralarına verməsini təklif etmişdim, lakin o, istəməmiş və avtomobil alqı-satqısı ilə məşğul olmaq istədiyini bildirmişdi. Elnura hadisədən təxminən 10 gün əvvəl bir qədər baha qiymətə bazarda sataraq çörək pulu qazanması məqsədilə «VAZ 2107» markalı avtomobil almışdım. 15 iyun 2019-cu il tarixdə saat 20 radələrində evə gəldi, namaz qıldı və axşam yeməyini yedi. Daha sonra isə avtomobili ertəsi günü bazara çıxarıb satmaq məqsədilə yudurtmaq üçün məndən 20 manat pul istədi. Mən də 20 manat pul verdim. Bundan sonra Elnur evdən çıxdı və sonra bu xəbəri aldım. Emillə oğlum arasında mübahisə olan zaman Emil tək olmayıb. Çünki, dəfələrlə küçə davalarında Elnur tək bir neçə nəfəri döymüşdü. Hətta bir dəfə onu bıçaqla vurmaq istəyərkən oğlum bıçaq zərbəsinin qarşısını almışdı. Hadisə zamanı Elnura arxadan baş nahiyyəsinə zərbə endirilib, Elnur da dizi üstə yerə düşəndən sonra Emil onu bıçaqla vurub. Təqsirləndirilən şəxsə ağır cəza verilməklə oğlunun ölümündə hər hansı formada iştirak edən digər şəxslərin məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edirəm”.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesin yekununda Emil Məmmədov Cinayət Məcəlləsinin 120.1, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli müəssisədə çəkməsinə hökm edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm