Kriminal
Nərmin harda saxlanılıb və necə öldürülüb? - İSTİNTAQ ÖZÜ-ÖZÜNÜ TƏKZİB EDİR - VİDEO
XXX
QATİLLƏ QURBAN ARASINDA
Yazı silsiləsində ibtidai istintaq materialları, məhkəmə protokolları, şahid ifadələri və müşahidələr, təhlillər əsasında 11 yaşlı Nərminin qətlinin gizlinləri araşdırılır.
III yazı
Əvvəlki yazılar:
1. İlkin Nərmini niyə öldürdü? - İTTİHAM AKTINDA YAZILANLAR
https://publika.az/az/news/xususi/398402
2. İlkin Nərmini ata kimi öpürdü? - İTTİHAM AKTININ TƏHLİLİ
https://publika.az/az/news/tehlil/398569
11 yaşlı Nərminin oğurlanaraq qətlə yetirilməsi, heç şübhəsiz ki, son illərin ən səs-küylü cinayətidir. Bu adi bir cinayət deyildir, ictimai vicdanın qanayan yarasıdır. Eyni zamanda xalqın hüquq sisteminə olan etibarını test edən lakmus kağızıdır. Təəssüf ki, testin nəticələri acınacaqlıdır.
Bağlanma sübuta yetirilmir...
İş üzrə ən maraq doğuran məqamlardan biri də Nərmin Quliyevanın 47 gün ərzində harda saxlanılmasıdır. İttiham aktında bu barədə irəli sürülən versiyaların hamısı İlkin Süleymanovun sonradan imtina etdiyi ifadələrinə əsaslanır. Nə şahid ifadələrində, nə ekspertizanın verdiyi rəydə istintaqın Nərmin Quliyevanın evin ikinci mərtəbəsindəki meyvə qurudulan yerdə saxlanıldığını təsdiqləyən sübut təqdim edilmir.
İttiham aktında oxuyuruq: “İlkin Süleymanov Nərminin hər iki əlini yatağın dəmir başlığına, ayaqlarını isə eləcə bir-birinə bağlamış, bundan sonra Nərmini elə həmin otaqda saxlamağa başlamışdır”.
Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 02 mart 2020-ci il tarixli rəyi də ittiham aktına əlavə edilib. Ancaq rəy bağlanmanı sübut etmir: “Quliyeva Nərmin Şərif qızının meyiti yüksək hərarətin təsirinə kəskin məruz qaldığından onun yuxarı və aşağı ətraflarının hər hansı bir predmetlə (ip, məftil və s.) bağlamağa xarakterik zədə və ya izləri aşkar etmək mümkün olmadı”.
Doğrudur, Nərminin çarpayıya bağlanması sübuta yetirilmir, ancaq bağlanmadığı da sübuta yetirilmir. İstintaq aparan orqanın vəzifəsi isə irəli sürdüyü sübutları arqumentləşdirməkdir. Ancaq onlar imtina edilmiş bir ifadə ilə nəticəsiz bir rəyi birləşdirib ittiham irəli sürməklə işlərini bitmiş hesab edirlər.
Arayış üçün haşiyə
Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin III bəndi belədir: “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir”.
Bu, prokurorun vəzifəsidir. “Prokurorluq haqqında qanun”un 19-cu maddəsi isə bu cür tərtib edilib: “Ədalət məhkəməsinin həyata keçirilməsində ittihamı sübutetmə vəzifəsi prokurorunun üzərinə düşür”.
İstintaq evin xanımını necə güdürdü?
İttiham aktından iqtibaslara davam edək: “Qış vaxtı həmin otağa evdə yaşayanlardan kiminsə girməməsi səbəbindən Nərmini elə həmin yerdə saxlamışdır”.
Bu nüans üzrə irəli sürülən versiya elə ittiham aktında təkzib edilir. Şahid qismində dindirilən İlkin Süleymanovun anası Gülnaz Süleymanovanın həyətlərində olan ikimərtəbəli evin ikinci mərtəbəsinə 3-4 gündən bir meyvə götürmək üçün qalxdığını bildirib. Bundan əlavə, dekabr ayının birinci yarısında İlkinlə birlikdə həmin otaqda olmasından, yorğan-döşəkləri yerə tökdüyündən də bəhs edib.
İstintaq orqanı qış aylarında “həmin otağa evdə yaşayanlardan kimsənin girməməsi”ni hansı əsasla müəyyən edir? Əlbəttə ki, heç bir şahidin ifadəsi həqiqətin son instansiyası deyil. Ancaq istintaq Gülnaz Süleymanovanın - evin xanımının öz evinin bir otağına üç-dörd gündən bir girməsini təkzib edən hansı arqumentə malikdir? Həmin otağın altında evin mətbəxinin yerləşdiyini də qeyd etdikdə, arqumentasiya acınacaqlı formaya çevrilir.
Dəmir qabların dəyəri
Nərmin Quliyevanın həmin otaqda 47 gün ərzində saxlanılması versiyasının irəli sürülməsi avtomatik şəkildə iki məqamı da aktuallaşdırır: “Qidalanma və tualet”. İttiham altında bu barədə oxuyuruq: Nərmini orada saxladığı müddətdə onun tualetə çıxması üçün yanına hər gün işlənmiş dəmir boya qabı aparmış, bu vaxt onun əllərini açıb və ona qışqırmaması ilə bağlı hədə-qorxu gəlmişdir. Nərmin həmin boya qabına təbii ehtiyaclarını etdikdən sonra boya qabını aparıb küçədə zibilliyə atmışdır. Həmin zibillik evindən təxminən 50 metr aralıda olan dərə kimi yerdə yerləşmiş, bunu elə vaxtlar etmişdir ki, onu görən olmasın. Nərminin ancaq qatı təbii ehtiyacları yığılmış qabları həmin dərəyə atırmış, bu da onu saxladığı müddətdə təxminən 9-10 qutu olarmış”.
Üzərində İlkin Süleymanovun əl izi, içində isə Nərmin Quliyevanın nəcisi olan dəmir qab istintaq üçün əvəzsiz bir sübut olardı. Ancaq istintaq İlkin Süleymanovun evindən 50 metr uzaqda olan dərədəki 9-10 dəmir boya qabının nəinki birini əldə etmiş, hətta bu istiqamətdə heç bir tədbir də həyata keçirməmişdir.
Gülməli bir hissə
Ancaq əvəzində çox “mühüm” bir işlə məşğul olub. Nərmin Quliyevanın anası Aynurə İsmayılovanın ifadəsi ittiham aktında bu cür əks edilir: “Nərmin itməzdən təxminən 15 gün əvvəl o, Muradı işlədiyi “Çinar” restoranında görüb, ona maddi imkanı zəif olduğundan həmkəndlisi kimi ona yüz manat borc pul verməsini istəmiş, amma Murad üstündə pul olmadığını bəhanə gətirib və ona pul verməyib”.
Nərminin atası Şərif Quliyevin ifadəsinində də bu məqama yer verilir. Oxuyuruq: “Qızı Nərminin meyiti tapıldıqdan sonra arvadı Aynurə ilə aparılan söhbətlər zamanı sonuncu ona bildirir ki, 06 noyabr 2019-cu il tarixdə Aynurə Murad Sülyemanova müraciət edərək ondan borca pul istəmiş, lakin Murad pulun olmadığını bəhanə gətirərək, Aynurəyə pul verməmişdir”.
Hər birinizin beynində eyni sualın yarandığını düşünürəm: “Nə olsun?”. Ancaq prokurorluq bu sualı verməmiş, Murad Süleymanovu şahid qismində dindirərkən borc barədə ona sual ünvanlamış, Murad Süleymanovun cavabı isə ittiham aktında bu cür təsvir edilmişdir: “Nərminin itkin düşməsindən bir neçə gün əvvəl, dəqiq tarixi xatırlamadığı vaxtda Tovuz şəhərində yerləşən «Çinar» kafesində olarkən Aynurə İsmayılova ona yaxınlaşmış və borca 50 manat pul istəmiş, lakin imkanı olmadığından ona pul verə bilməmişdir”.
Hamımızın beynindəki suala yenidən qayıdıram: Bu borcun Nərminin oğurlanmasına və qətlinə nə aidiyyatı var? İstintaq qrupu İtaliyanın “Təmiz əllər” prosesinin prokuroru Falkonenin belə qibtə edəcəyi qətiyyət, ardıcıllıq və məqsədyönlülüklə Çinar kafesindəki borc əhvalatını tədqiq edib. Bu tədqiqat hansı ehtiyacdan hasil olmuşdu?
Üç ziddiyyət
Komik antraktdan sonra ciddi mövzulara qayıdaq. İlkin Süleymanovun imtina etdiyi etirafedici ifadələrlə ekspertiza rəyi arasında ziddiyyətlər də istintaq orqanı tərəfindən əsaslandırılmayıb. Söhbət üç ziddiyyətdən gedir:
1. Nərminin ölüm günü,
2. Ölüm səbəbi
3. Zərbələrin sayı
İttiham aktında Nərminin qətlə yetirilməsi bu cür təsvir edilir: “03 yanvar 2020-ci il tarixdə Nərminin səhhəti tamamilə pisləşib və ölümcül hala gələrək halsız vəziyyətə düşüb. 06 yanvar 2020-ci il tarixdə Nərminin nəfəsinin gəlmədiynə görə onun evdən çıxarılması qərarına gəlmiş, çünki meyitin evdə olması ona problem yaradacağıqını başa düşürdü. Həmin gün saat təxminən 18 radələrində birinci mərtəbədən ağ rəngli un kisəsini gətirərək Nərmini kisəyə salmış və sonra onu həyətdə, su hovuzunun yanındakı kartof damına qucağında gətirmiş və Nərminin tam ölməsi qənaətinə gəlmək üçün həyətdən bir daş götürərək yastı tərəfi ilə onun baş nahiyəsinə bir möhkəm zərbə vurmuşdur”.
Göründüyü kimi, istintaq Nərminin soyuqdan və pis qidalanmaqdan öldüyünü bildirir. Ancaq məhkəmə-tibbi ekspertizanın 02 mart 2020-ci il tarixində “kəllə əsasına keçən sol təpə və ənsə sümüklərinin xətti sınıqları dərəcələrinə görə canlı şəxslərdə həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞIR zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi vardır” rəyini vermişdir. Başqa sözlə desək, Nərmin Quliyevanın ölümünün məhz bu zərbələr nəticəsində baş verdiyi bildirilir.
Digər məqam zərbələrin sayı ilə bağlıdır. İttiham aktına görə, İlkin Süleymanov Nərmin Quliyevanın baş nahiyəsinə bir zərbə endirib. Halbuki məhkəmə tibbi-ekspertizası bu versiyanı təkzib edir: “Qeyd edilən xəsarətlər ən azı beş zərbənin təsiri nəticəsində əmələ gəlib”.
Sonuncu ziddiyyətli məqam isə qətlin vaxtı ilə bağlıdır. İstintaq qrupu İlkin Süleymanovun Nərmin Quluyevanın baş nahiyəsinə 6 yanvarda zərbə endirdiyi barədə iddianı mötəbər hesab edir. Ancaq məhkəmə tibbi-ekspertizası bu iddianı qəti şəkildə inkar edir: “Nərmin Quliyevanın ölümünə səbəb kəllə əsasına keçən təpə və ənsə sümüklərinin xətti sınıqları ilə müşayiət olunan baş-beyin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar olmuşdur. Meyitin tapıldığı şəraiti, onun ölümündən sonrakı yüksək hərarətin təsirinə (alovla yanmağa) məruz qaldığını, meyitdə inkişaf etmiş zəif çürümə dəyişikliyini nəzərə alaraq demək olar ki, ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-3 sutka əvvəl baş verə bilərdi”.
Göründüyü kimi, bir abzasda göstərilən üç məqam məhkəmə tibbi ekspertizası tərəfindən heç bir şübhəyə əsas verməyəcək şəkildə və birmənalı olaraq inkar edilmişdir.
İlkin Süleymanovun imtina etdiyi etirafedici ifadənin istintaqın yeganə “sübut”u olduğunu və bu ifadənin də məhkəmə tibbi ekspertizası tərəfindən birmənalı şəkildə təkzib edildiyi gün kimi aydındır. İstintaqın ittihamı sübutetmək vəzifəsindən yan keçib ittihamı təkzib etməklə məşğul olduğunu, başqa sözlə desək bu aktın ittiham aktı yox müdafiə aktı hazırladığı da gəldiyimiz ikinci mühüm nəticədir.
Davamı olacaq...
- Nərmin Quliyevanın 47 gün ərzində saxlanıldığı iddia edilən otaq
- İlkin Süleymanovun valideynləri və bacısıyla birgə yaşadığı ev
- Evin mətbəxi
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək