"Bu ölkədə bir adamla işləmişəm, bundan sonra da..." - Rasim Məmmədov
Bizi izləyin

Kriminal

"Bu ölkədə bir adamla işləmişəm, bundan sonra da..." - Rasim Məmmədov

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.

İddiaya görə iş üzrə 185 milyon manatlıq yeyintinin bir qismi qeyri-rəsmi şəkildə Rasim Məmmədova məxsus "Azeri Steel-2009" şirkəti ilə bağlıdır. O, "Baku Steel Company"nin istehsal etdiyi armaturları sözügedən şirkətə maya dəyərindən aşağı qiymətə satışına şərait yaradıb.

Bugünkü iclasda ifadə verən "Azeri Steel-2009" un təsisçisi Əliməmməd Hüseynovun dediyinə görə, onun sadəcə adı təsisçi olub, özünün isə quruma ümumiyyətlə aidiyyəti olmayıb: "Baku Steel Company"nin maliyyə direktoru Mübariz Səmədov dedi ki, gəl adına bir şirkət açaq, sənə də ayda 500 manat pul verək. Pula ehtiyacım olduğu üçün razılaşdım. Mənə Rasim Məmmədovun şirkəti olduğunu demişdilər".

Rasim Məmmədov şahidin sözləri ilə razılaşmayaraq, "Azeri Steel-2009"un ona aid olmadığını deyib: "O, şirkət mənə deyil, başqa bir nəfərə məxsusdur. Mənim olsaydı, öz adamımı təyin edərdim".

Rasim Məmmədova məxsus "Wortex" şirkətində satış meneceri işləmiş Samir Məmmədov isə ifadəsində "Azeri Steel-2009" şirkətində "Baku Steel Company"nin armaturlarını saydığını, həmçinin "Azeri Steel -2009"da kassa məsələlərinə baxdığını bildirib: "Azeri Steel-2009" dan bir neçə dəfə Rasim Məmmədova pul aparıb çatdırmışam. 100 min manat olurdu, 200 min olurdu".

Şahid istintaq zamanı isə fərqli ifadə verib. O, əvvəlki ifadəsində deyib ki, "Azeri Steel-2009" şirkətinin kassasında 39 milyon manat çatışmazlıq olub. Onun bildirdiyinə görə, həmin vəsaitin bir hissəsi Rasim Məmmədovun xərclərinə sərf olunub.

Rasim Məmmədov bu şahidin də dediklərinin yalan olduğunu bildirib: "Mən bu ölkədə bir adamla işləmişəm, bundan sonra da işləyəcəm. Heç kim mənə göstəriş verə bilməzdi".

Zaur İmanov "Baku Steel"də metal qəbulu işlərinə baxıb, Bəxtiyar Kələşov metal qəbuluyla məşğul olduğunu söyləyib. Onun ifadəsi elan olunub. İstintaqa verdiyi ifadəsində göstərib ki, zavodun 3 milyon 400 min manat kəsiri olub. Ancaq məhkəmədə bildirib ki, istintaqa verdiyi ifadəsində belə söz deməyib: “Müstəntiq özü mənə dedi ki, sənədlərdə belə bir şey var. Ancaq mən özüm belə bir şey deməmişəm”.

Şahid bildirib ki, ibtidai istintaqda ifadə verərkən otaqda müstəntiqdən başqa auditor və vəzifəsini bilmədiyi başqa iki nəfər də olub.

Rasim Məmmədov deyib ki, bu şəxs zavodda metal işinə baxıb, kimin zavoda nə göndərməsindən xəbəri olmayıb: “Haradan bilsin ki, Rövnəq Abdullayev, Ziya Məmmədov, Cavid Qurbanov zavoda nə qədər metal göndərib. Səlahiyyətsiz bir işçi olub”.

Rasim Məmmədovun vəkili Zibeydə Sadıqova bu yerdə şahidin ifadəsinə aydınlıq gətirilməsi məqsədilə müstəntiq Samir Həsənovun məhkəmədə dindirilməsinə dair vəsatət verib. Hakim bildirib ki, vəsatətə şahidlərin dindirilməsi başa çatdıqdan sonra baxılacaq.

Sonra Mübariz Səmədov ifadə verib. O, ifadəsində göstərib ki, Rasim Məmmədov həbs olunmamışdan iki ay əvvəl onu DTX-ya çağırıblar: “Azeri Steel-ə getdim, Rasim Məmmədov, Çingiz Həsənov, Yusif Əhmədzadə otaqdaydı. Dedim ki, məni DTX-ya çağırıblar, bu “Azeri Steel” kimindir, orada nə deyəcəm? Hamısı bir-birinin üzünə baxdı, heç kimdən səs çıxmadı”.

İfadənin bu yerində Rasim Məmmədov dillənib: “Qorxduq da deməyə...”

Şahid ifadəsinə davam edərək bunları deyib: “DTX-dan çıxandan sonra gəldim “Azeri Steel”ə, şirkətin 10 illik hesabatı ilə bağlı məlumatları iki flaşkarta yığdım, özümdə saxladım. Rasim Məmmədov tutulan ərəfədə məni yenə DTX-ya apardılar. Həmin gün Rasim Məmmədova yaxın olan adamları gecəyarı buraxsalar da, məni səhərədək saxladılar. Dedilər ki, öz ərizənlə razılıq ver ki, evində axtarış aparaq, yoxsa məhkəmə qərarıyla özümüz gedəcəyik. Mənə orada təzyiqlər göstərdiklərinə görə razılıq verdim. Birlikdə evimizə getdik, qapıya çatanda dedilər evin altını-üstünə çevirib özümüz tapaq, yoxsa öz xoşunla verirsən? Mən də həmin flaşkartları onlara verdim. Həmin flaşkartda 10 ildə 92 milyon manatın nəyə sərf olunduğu qeyd olunmuşdu. O 92 milyon manatdan işçilərin maaşları və zavodun digər xərcləri çıxılıb, 85 milyon gəlir qalıb. O 85 milyon manatdansa kod adları altında kimə nə qədər verilib, hamısı vardı. Məsələn, şirkətin bəzi işçilərinin Dubayda istirahəti üçün xərclənən pullar, yuxarı-1, yuxarı-2, o yuxarı (bu yerdə Rasim Məmmədov dillənir ki, “o yuxarı mən olmuşam).

Şahid tərəflərin suallarını cavablandırdıqdan sonra hakim növbəti məhkəmə iclasını oktyabrın 3-nə təyin edib.

Qeyd edək ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.
Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.
Eyni zamanda, onun bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.

Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir.

İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” MMC tanınıb. (Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm