Prezidentlərin sevdiyi səyahət brendi necə yarandı? - FOTO
Bizi izləyin

Dəb

Prezidentlərin sevdiyi səyahət brendi necə yarandı? - FOTO

Bu gün “The North Face” xüsusilə sağlam həyat tərzi sürən, idmanla məşğul olan, eyni zamanda geyimdə təbiilik və kefiyyətə üstünlük verən turistlərin qarderobunda əhəmiyyətli yerə malikdir. Brendin bir çox məhsulu və avadanlığı kult statusu qazanıb. Şübhəsiz ki, müştəri təlabatı və yüksək keyfiyyəti sayəsində “Nike” və ya “Adidas” kimi idman nəhəngləri ilə rəqabət apara bilən ən unikal brendlərdən biridir. Turizm seqmentinin məşhur brendlərindən sayılan “The North Face” bu sənayenin formalaşmasına və inkişafına da ciddi təsir göstərib. Şirkət bir çox cəhətinə görə qabaqcıldır və bütün digər istehsalçılar üçün bələdçi rolunu oynayır. Brend yüksək moda ilə əylənməkdən əlavə, həmişə qeyri-adi üslub və ən yaxşı texniki yeniliklərlə maraqlanan daha geniş alıcı auditoriyası ilə ağıllı ünsiyyət qurmağı da bilir.

Şirkətin yaranma hekayəsi xüsusilə maraq doğurur. Məsələn, çoxu heç bilmir ki, brendin qurucusu Duqlas Tompkin məktəbi bitirməyib, günlərini dağda xizək sürməklə keçirib.

Publika.az oxucuları “The North Face” brendinin yaranma hekayəsi ilə tanış edib.

Dosye

Duqlas Tompkins 1943-cü ildə Ohayo ştatının Konnekt şəhərində anadan olub. Gələcək sahibkarın atası antikvar satıcısı, anası isə dekorasiya ilə məşğul idi. Tompkins ailəsinin 3 dəfə şəhər dəyişməsi onun təlim-tərbiyəsinə təsirsiz ötüşmədi. Müxtəlif qanun pozuntularına görə orta məktəbdən xaric edilən Tompkins heç vaxt tam orta təhsil almayıb. Bu hadisədən sonra Duqlas özünü tamamilə alpinizmə həsr edir. 1960-1962-ci illərdə o, ABŞ, Avropa və Cənubi Amerikada da daxil olmaqla çoxlu səyahətlər edir, xizək sürmə və qayayadırmanma bacarıqlarını daha yaxşı inkişaf etdirir. Təcrübə qazanandan sonra Amerikaya qayıdan oğlan Kaliforniya silsilələri boyunca bələdçilər xidmətini açır. Avtostop səyahətlərini sevən Duqlas növbəti il onu Taho gölünə aparmağa razı olan kazino işçisi Süzi Russell ilə yolda tanış olur. Bu tanışlıq sonradan məhəbbətə çevrilir. 1964-cü ildə birlikdə San-Fransiskoya köçən cütlük elə həmin il evlənməyə qərar verir. Cütlük turizmi və açıq havada idmanı sevirdi. Buna görə də yeni qurulan ailə qərara gəlir ki, esktrimal səyahət həvəskarları üçün bir mağaza açsınlar. Yeri gəlmişkən, o illərdə turizm üçün xüsusi geyim növləri yox idi. Səfərə çıxan turistlər ya dözümlü gündəlik əşyalar, ya da Vyetnam müharibəsi fonunda hər küncdə satılan hərbi geyimlər alıb geyinirdi. Səyahət alətlərini adi geyimdən ayırmaq istəyi Tompkinsi 1966-cı ildə öz biznesini – “The North Face”i açmağa sövq edir.

Kreditlə başlayan biznes

Biznesə başlamaq üçün Duqlas Tompkins 5 min dollar kredit götürdü. Bu, turizm mallarının kataloqlar vasitəsilə satışına başlamaq üçün kifayət idi. Mağazaya “The North Face” adını verən təsisçilər bununla qayayadırmanma həvəslərini ifadə edirdilər. Bütün dağların şimal tərəfi daha soyuq, qarlı və şaxtalı olduğundan, yuxarı qalxmaq olduqca çətindir. Mağazanı “The North Face” adlandırmaqla Tompkins burada hətta ən ekstremal durumlar üçün də avadanlıq olacağını vurğulamaq istəyirdi. Beləliklə, 26 oktyabr 1966-cı ildə San-Fransiskonun Kolumb prospektində “The North Face” mağazasının açılışı oldu. 20-30 kvadratmetrlik kiçik bir otaqdan ibarət mağazanın interyeri sadə və zövqlü idi: divarlar boyunca malların düzüldüyü rəflər var idi, ən baxımlı yerlər təsisçilərin kumirlərinin portretləri ilə bəzədilmişdi.

“The North Face” mağazasının çeşidində müxtəlif turizm brendlərinin məhsulları təqdim olunmuşdu. Şirkət öz adı altında yalnız çadır yataqları istehsal edirdi. İşlər yaxşı getməyə başlayanda, Süzi gündəlik əşyaları tikmək üçün kiçik bir atelye açdı. Gələcəkdə bu atelye dünyaca məşhur geyim brendi olan “Esprit”ə çevriləcəkdi. “Patagonia” brendinin yaradıcısı ilə səyahətə çıxan Duqlas isə onunla birlikdə bütün Amerikanı gəzib, sörfinq, alpinizm və bütün bunlar haqqında öz filmini çəkir. Səfərin sonunda Tompkins yeni başlayan biznesini satmaq qərarına gəlir. Uyğun bir alıcı vaxtında peyda olur.

İkinci nəfəs

1968-ci ildə “The North Face” brendi altında artıq iki mağaza fəaliyyət göstərirdi. Əvvəlcə Tompkins ailə biznesini başqa bir səyahət brendinin keçmiş işçiləri alsa da, şirkət tez bir zamanda Stenford məzunu, gənc Hap Kloppa satılır. Məhz bu adam növbəti 20 il ərzində brendə rəhbərlik edəcək və “The North Face”i kiçik mağazalar şəbəkəsindən səyahət sənayesinin ən yaxşılarından biri edən qlobal şirkətə çevirəcəkdi.

Başqa bir acı fakt odur ki, Çiliyə ekspedisiyada olan “The North Face”in 72 yaşlı qurucusu - Duqlas Tompkins qayığın çayda çevrilməsi nəticəsində hipotermiyadan ölüb. Hətta “The North Face”-in avadanlığı da onun həyatını xilas edə bilməyib.

Klopp həvəsli səyahətçi deyildi, lakin uşaqlıqdan düşərgədə böyüdüyü üçün çadırı necə idarə etməyi və bel çantası yığmağı bacarırdı. Şirkəti alandan sonra mağazanı San-Fransisko yaxınlığındakı kiçik bir şəhərə - Berkliyə köçürür, eyni zamanda brendin fabrikini açır. Onda ABŞ-da hippi dövrü hökm sürürdü. Gənc səyyahların sayəsində turizm sənayesi sürətlə inkişaf etdi, yeni perspektivli bazar yarandı. Vyetnam müharibəsi səbəbindən fabriklər hərbi materiallarla - yüksək möhkəmliyə malik neylon və yırtılmaz parçalarla dolu idi. “The North Face” brendi altında ilk mallar onlardan hazırlanırdı və bütün dizaynerlər komandası məhsulun dizaynına cəlb edildi.

İlk qlobal uğur 1969-cu ildə buraxılan alpinistin bel çantası oldu ki, bu da rəqiblərin məhsulundan daha yüngül idi. Ağır dəmir elementlər alüminium konstruksiyalarla əvəz edildi ki, bu da alpinistlərin həyatını xeyli asanlaşdırır. Ümumiyyətlə, “North Face” dizaynerləri sənayedə klassik materiallar əvəzinə daha praktik alternativlərdən istifadə edən ilklər arasında gəlir. Məsələn, brezentdən imtina edərək neylondan, qaz tükü əvəzinə sintetik izolyasiyadan istifadə etməyə başladılar. Ən maraqlısı, Klopp məhsula ömürlük zəmanət təqdim edirdi, bu, ciddi nailiyyət idi, fəqət Kloppun ilk illərinin əsas zəfəri “The North Face”in loqosu idi. Klopp şirkətin məşhur olmasına kömək edəcək orijinal loqo yaratmaq istəyirdi. Dizayner Devid Alkorn iş adamına ideyalarını həyata keçirməyə kömək etdi. 1971-ci ildə Alkorn “The North Face” loqotipini ərsəyə gətirdi. Brendin adı və iki sətirlə bölünmüş yarımdairəni əks etdirən qrafik Yosemit Milli Parkındakı Yarım Ev dağı konturundan yaradılıb. Brendinq iki versiyada təqdim edildi - qara-ağ və qırmızı-ağ. Rənglər təsadüfən seçilməmişdi. Dizaynerin düşündüyü kimi, qırmızı cəsarət və ehtiras, qara isə mükəmməllik və zərifliyi simvollaşdırır. Loqo o qədər uğurlu oldu ki, bu günə qədər “The North Face” məhsullarını bəzəyir.

“The North Face” Yapon bazarına çıxan ilk idman brenddir. Bu, böyük nailiyyət idi, çünki adətən onların rəqibləri tələbkar yaponları keyfiyyətli məhsulları ilə heyran edə bilmirdilər. Daha sonra, hətta Yaponiya üçün “Purple Label” adlanan ayrıca bir bölmə yaradıldı. Bu geyim yalnız Yaponiyada istehsal olunur.

Korporativ üslub təsdiq edildikdən sonra brend mürəkkəb istehsal prosesinə qədəm qoymağa başladı. İnnovativ termal geyimlər və möhkəm materiallar, daxili tədqiqat laboratoriyaları, keyfiyyətin qiymətləndirilməsi sistemləri və texnoloji xüsusiyyətlər “The North Face” məhsullarında aparıcı rol oynayır. Şirkət tədqiqatlara böyük investisiya yatırır, hətta Amerika ordusunun laboratoriyalarını əməkdaşlığa cəlb edir.

1975-ci ildə brend bu gün də istehsalda olan “Cat's Meow” yuxu çantasını təqdim etdi. Bu yataq nadir dizaynı ilə seçilirdi. Əsl sensasiya yaradan bu yenilik bütün çadır sənayesinə təsir etmişdi.

1978-ci ildə brend ilk dəfə “Gore-Tex” membranından paltarlar yaradır. Bu gün həyatı bu texnologiyalarsız təsəvvür edə bilmirik, amma o zaman bu, əsl inqilab idi. İstehlakçıları mürəkkəb məhsullarla tanış etmək üçün brend onun üstünlüklərini əks etdirən kataloqlar hazırlamışdı.

Moda sənayesinə təsiri və yeri

Brend 1983-cü ildə Şotlandiyada fabrik açdı və burada növbəti onillikdə Avropa bazarı üçün məhsulların istehsalına başladı. Bir il sonra brendin məhsulları daha 22 ölkədə satışa çıxarıldı. 80-ci illərin sonunda “The North Face” istehsalı Asiya ölkələrinə köçürməyə başladı. Nailiyyətlərinin zirvəsində ikən Klopp brendi satmaq qərarına gəldi. 1988-ci ildə şirkət “Odyssey” holdinqi tərəfindən alındı.

90-cı illərdə brend rep musiqiçiləri, onların pərəstişkarları və izləyiciləri arasında populyarlaşır. Bu, “The North Face”in moda sənayesinə təsiri yolunda dönüş nöqtəsi idi. 2000-ci ildə “Odyssey” 2The North Face2 brendini “VF Corporation”a satdı, onun rəhbərliyi altında şirkət bu gün də fəaliyyətini davam etdirir.

Bu gün “The North Face” turizm və eksterimal hava fəaliyyəti üçün mallar bazarında şəriksiz liderdir. Şirkət səyahət məhsullarının tam çeşidini istehsal edir, gündəlik istifadə üçün klassikləri yenidən buraxır, eyni zamanda nüfuzlu dizaynerlər və brendlərlə məhdud sayda kolleksiyalar yaradır. Bu, 60 illik tarixə malik şirkətdir, onun “Never Stop Exploring” şüarı adilikdən kənara çıxmaq, yeni şeylər yaratmaq və kəşflər etmək istəyini əks etdirir. Brend son 2 ildə o qədər tələbatlı olub ki, bu yaxınlarda həm kişi, həm də qadın kateqoriyasında dünyanın ən populyar məhsullarının reytinqinə başçılıq edib. Brendin məhsulları prezidentlərin qarderobunda isə xüsusi yer tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm