Məşhurları "abıra salan" dizaynerin heyrətamiz hekayəsi - FOTO
Bizi izləyin

Dəb

Məşhurları "abıra salan" dizaynerin heyrətamiz hekayəsi - FOTO

Hanae Mori həm Şərqlə Qərbi fəth etdi, həm də onlar arasında dostluq körpüsü qurdu. O, ilk yapon dizaynerdir ki, geyimlərini Nyu York və Parisdə satışa çıxara bilib. Maurinin paltarlarına Qreys Kelli və Nensi Reyqan kimi ledilər də laqeyd qalmayıb.

Publika.az oxucuları istedadlı dizaynerin həyat və yaradıcılıq yolu ilə tanış edib.

Hanae 1926-cı ildə Şimane prefekturasında anadan olub. Onun atası cərrah, anası isə sıradan bir evdar qadın idi. Dizaynerin sözlərinə görə, anası geyinib-keçinməyi çox sevirdi və bu, sözsüz ki, Hanaenin onun gələcək həyatına öz təsirini göstməkdə idi.

Qızın on yaşı olanda Hanae Tokiodakı dövlət məktəbinə oxumağa göndərildi. Məktəbi bitirdikdən sonra Mori Yapon ədəbiyyatı ixtisası üzrə Xristian Qadınlar Universitetinə daxil oldu. Lakin İkinci Dünya Müharibəsi başladığından təhsilini dondurmalı oldu. O, diplomunu yalnız müharibə başa çatdıqdan sonra - 1947-ci ildə ala bildi.

Müharibədən sonra, Yaponiyanın ABŞ qoşunları tərəfindən işğalı zamanı Mori Amerika hərbçilərinin həyat yoldaşlarının geyim tərzini müşahidə etməyə başladı. Hanae Qərb modasının Yapon modasından nə qədər fərqli olduğunu gördü və buna heyran oldu. Mori başa düşdü ki, qərbdə geyimlər qəliblərə və bədən quruluşuna uyğun tikilir.

Sonra Hanae tikiş məktəbində təlim keçməyə qərar verdi. Qeyd etməliyik ki, qız həmin ərəfədə yenicə ailə qurmuşdu və onun həyat yoldaşı tekstil sənayeçisinin oğlu Ken Mori idi. Ken həm bu məsələdə, həm də digər mövzularda həyat yoldaşını dəstəkləyirdi. Odur ki, maliyyə məsələlərini öz üzərinə götürdü və Hanaeyə tam yaradıcılıq azadlığı verildi. 1951-ci ildə Mori ilk studiya-emalatxanasını açdı. Və elə həmin il oğlu dünyaya gəldi.

Hanae həm öz biznesini qurmağa çalışır, həm də əri və uşağının qeydinə qalırdı. Bu, o dövr üçün böyük bir yenilik idi. Bütün bu uğurları Hanae ondan axşam yeməyi tələb etməyən, əksinə, ona hər şeydə kömək edən ərinə borcludur. Əslində Ken Mori baş direktor vəzifəsini icra edirdi. Cütlüyün səyi ilə kiçik atelye Tokionun ən bahalı bölgələrindən biri olan Ginzada butikə çevrildi.

Hanae rejissorlarla əməkdaşlığa başladı: o, kino, teatr və opera üçün kostyumlar yaratdı. Morinin “filmoqrafiyasına” üç yüzdən çox film daxildir.

1961-ci ildə Hanae Parisə getdi. Fransada o, məşhur moda evlərini ziyarət etməyə başladı, lakin dizayner kimi deyil, varlı bir müştəri kimi. O, Yuber Jivanşi (Givenchy), Mark Boan (Dior), Pyer Kardin (Pierre Cardin) və Koko Şanelin (Chanel) yanına gəldi və onlara geyimlər sifariş etdi. Sonra onların necə işlədiyini və müştərilərlə münasibətlərini izlədi. Moridə xüsusilə Koko Şanel böyük təəssürat yaratmışdı. Hanaenin sözlərinə görə, digər kutyurelər nüfuzlu kişinin kontekstində qadınları qəbul edirdilər, Şaneli isə müştərinin ancaq özü maraqlandırırdı.

Vətəninə qayıdan Mori özünü tamamilə moda evinə köklədi və beynəlxalq moda arenasına çıxmağı qarşısına məqsəd qoydu. 1965-ci ildə onun məşhur "Şərq Qərblə görüşür" şousu keçirildi - lakin bu, Parisdə deyil, Nyu Yorkdakı otellərdən birində baş tutdu. Hanae mütərəqqi Qərb üslublarını ənənəvi Yapon motivləri ilə birləşdirdi. Zərif və axıcı atlas paltarlar Hanaenin sevimli simvolu - çiçəklər və əlbəttə ki, kəpənəklərlə bəzədilmişdi.

Şoudan sonra dizaynerin paltarları Amerikada satılmağa başladı, həm də Amerika “Vogue” səhifələrini bəzədi. Hanaenin işləri yağ kimi gedirdi.

1969-cu ildə Mori “Shiseido” ilə birlikdə ətir xəttini təqdim etdi və 1970-ci ildə ABŞ-da - Nyu Yorkdakı “Waldorf Astoria” otelində ilk butikini açdı. 1975-ci ilə qədər brend o qədər məşhurlaşdı ki, Monako şahzadəsi Qreys Kelli Hanaeni knyazlıqda şou göstərməyə dəvət etdi. Sonradan Qreys Morinin işinin sadiq pərəstişkarına çevrildi. Təxminən iki il sonra Hanae butiki öz qapılarını dünya moda xəritəsinin əsas nöqtələrindən birində - Parisin Montaigne prospektində açdı. Elə həmin il yapon dizayner Yüksək Moda Sindikatı tərəfindən tanındı və o, həmkarlarının bu istiqamətdə yolunu açdı.

1985-ci ildə Morinin karyerasında daha bir əlamətdar hadisə baş verdi: Hanae özünü La Skalada “Madama Kəpənək” operasında, sonra isə Parisdə Rudolf Nureyevin “Zoluşka”sında kostyum dizayneri kimi sınadı. Hanae kostyumların yaradılmasında əsasən detallara diqqətli olması ilə məşhur idi.

Mori dizayner kimi otuz beş illik fəaliyyətini Tokioda böyük bir sərgi ilə qeyd etdi. 1992-ci ildə Hanae Barselonada keçiriləcək Yay Olimpiya Oyunları üçün Yaponiya komandasının formasını hazırladı. Bir il sonra Hanae daha bir şərəfli işin öhdəliyini öz üzərinə götürdü. İmperator Masako Moriyə gəlinlik paltarını və kimonosunu əmanət etdi.

1990-cı illərdə Hanae diqqətini aksesuarlar, günəş eynəyi, tekstil və ətirlərə yönəltdi. Lakin əlverişsiz iqtisadi vəziyyət və şiddətli rəqabət brendin satış səviyyəsinin aşağı düşməsinə səbəb olub. 2002-ci ilin mart ayında Hanae Mori adının bütün hüquqlarını bir qrup investora satdı. Elə həmin il may ayının sonunda “Hanae Mori” şirkəti müflis olmaq üzrə idi, onun borcları 10 milyard yendən (80 milyon dollar) çox idi.

2004-cü ildə dizayner təqaüdə çıxmazdan əvvəl podiumda sonuncu kutyür kolleksiyasını təqdim etdi.

Hanae 97 yaşında Tokiodakı evində vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm