Ankaranın yeni Suriya əməliyyatında iki əsas məqsədi var – Şərh
Bizi izləyin

Dünya

Ankaranın yeni Suriya əməliyyatında iki əsas məqsədi var – Şərh

Türkiyənin Suriyanın şimalında yeni, sayca beşinci əməliyyat keçirməsini vacib edən iki əsas səbəb var. Birincisi, bilavasitə Türkiyənin milli təhlükəsizliyi ilə bağlıdır.

Bunu Publika.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında başlamaq üzrə olduğu yeni hərbi əməliyyatı zəruri edən səbəbləri açıqlayan N.Miri qeyd edib ki, rəsmi Ankaranın əvvəldən də Suriyanın içərilərinə doğru 30 kilometrlik təhlükəsizlik zolağı yaratmaq planı mövcud olub. Onun sözlərinə görə, Türkiyənin bununla bağlı ABŞ və Rusiya ilə konkret anlaşması mövcud idi: “Çox maraqlıdır ki, nə ABŞ, nə də Rusiya bu anlaşmanı üzərlərinə götürdükləri öhdəliklər kontekstində yerinə yetirmədilər. Həmişəki kimi verdikləri vədin arxasında durmadılar. Nəticə etibarilə Suriyanın şimalı boyunca 30 kilometrlik sərhəd zolağı iki istiqamətdə bölünmüş oldu. Birincisi, Fərat çayının qərbində yerləşən və çox strateji əhəmiyyət daşıyan Mənbicdə PKK və YPG terrorçularını dəstəkləyən ABŞ ordusunun hərbi bazası var idi. Türkiyənin hərbi əməliyyatları fonunda ABŞ öz qoşunlarını Mənbicdən çıxaranda gözlənilirdi ki, Vaşinton onu NATO üzrə müttəfiqi Türkiyəyə təhvil verəcək. Ancaq ABŞ böyük riyakarlıq edib Mənbici Rusiya ilə sövdələşmə kontekstində PKK və YPG terrorçularını qorumaq adına Rusiyaya təhvil verdi. Digər yer isə Tel-Rifatdır ki, orada da Rusiya üzərinə götürdüyü öhdəliyi, yəni Tel-Rifatda olan terrorçuların 30 km-lik məsafəyə qədər Rusiya qoşunları tərəfindən çıxarılma öhdəliyini yerinə yetirmədi. Bu da nəticə etibarilə adı çəkilən iki bölgəyə zaman-zaman terrorçuların sızmasına və onların terror aktları törətməsinə imkan yaratdı. Həmin təhlükə bu gün də qalmaqdadır. Ona görə də bu əməliyyatda birinci hədəf Türkiyənin milli təhlükəsizliyinin təmin edilməsidir”.

Natiq Miri Türkiyənin yeni hərbi əməliyyatının ikinci məqsədinin nədən ibarət olduğunu açıqlayıb. O qeyd edib ki, Ankaranın ikinci məqsədi Suriyanın içərilərinə doğru 30 kilometr enində yeni təhlükəsizlik zolağı yaratmaqla qaçqın kimi Türkiyədə yaşayan milyonlarla suriyalını bu ərazilərə köçürməkdən ibarətdir: “Düşünürəm ki, bu beynəlxalq hüquqa tam uyğun davranışdır. Çünki Türkiyə öz milli təhlükəsizliyini əsas gətirərək hərbi əməliyyat aparır. Dünyanın terrorçu kimi tanıdığı ünsürlər Türkiyənin sərhədi boyunca yerləşib və çox maraqlıdır ki, Türkiyənin NATO üzrə dırnaqarası müttəfiqləri bütün anlamlarda bu terrorçuları bəsləyirlər. Həm maliyyə, həm də müasir silahlar cəhətdən bu terrorçulara dəstək verirlər. Ona görə də Türkiyənin belə bir əməliyyat keçirməsi qətiyyən təəccüblü deyil”.

Natiq Miri bildirib ki, Türkiyədə 4 milyondan çox suriyalı yerləşib. Onun sözlərinə görə, bu qədər qaçqının Türkiyədə yerləşməsinə rəğmən Qərb dünyası bu qaçqınlara sözün əsl mənasında ciddi maliyyə yardımı etmir: “Ona görə də Türkiyə bu suriyalılara məhz Suriya ərazisində yaşayış məskənləri yaratmaq, torpaq sahələrində əkin-biçinlə məşğul ola bilmələri üçün şərait yaradaraq 30 kilometr enində bütöv anlamda təhlükəsizlik zolağı yaratmaq istəyir”.

Müsahibimiz qeyd edib ki, Türkiyənin həyata keçirmək istədiyi beşinci əməliyyatın əsas hədəflərindən biri də Fərat çayı üzərində yerləşən böyük su anbarı ilə bağlıdır: “Bu su anbarı Türkiyə ordusunun nəzarətinə keçəndən sonra artıq o ərazilərdə olan əkin sahələri çox rahatlıqla suvarıla biləcək. Bu da ən azından Suriya ərazisinə köçürüləcək insanların yaşayışına şərait yaradacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm