Trampın planına sərt reaksiyalar: Netanyahu məcbur oldu, ağ bayraq qaldırdı - FOTOLAR
Bizi izləyin

Dünya

Trampın planına sərt reaksiyalar: Netanyahu məcbur oldu, ağ bayraq qaldırdı - FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında Vaşinqtonda görüş keçirilib. Ardınca Tramp birgə mətbuat konfransında Netanyahunun Qəzzada müharibəyə son qoymaq üçün 20 maddəlik sülh planı ilə razılaşdığını bəyan edib.

Publika.az xəbər verir ki, sözügedən görüş dünya mətbuatında geniş işıqlandırılıb.

İsrailin “News Israel” nəşri görüşü “Netanyahu Ağ Evdə tarixin ən böyük teatrını səhnələşdirdi” başlığı ilə dərc edib. "Hətta Şekspir də bu oyunu ondan yaxşı yaza bilməzdi. Bu adam heç kəsə bənzəməyən bir aktyordur", - deyə xəbərdə qeyd edilib.

İsrailin digər xəbər saytı “Kikar” Netanyahunun Qətərdən üzr istəməsi və Trampın Qəzza planını sərt şəkildə tənqid edilib. Bu görüşün Təl-Əviv üçün uğursuzluq olduğu bəyan edilib: "Ordumuzun bölgəni tərk etməsi absurddur. Netanyahunun ağ bayraq dalğalandırmaq səlahiyyəti yoxdur".

“Washington Post” görüşü “Netanyahu Trampın Qəzza planını qəbul edir, lakin HƏMAS sual işarəsi olaraq qalır” başlığı ilə işıqlandırıb. Xəbərdə bu planın Ağ Evin iki illik amansız müharibəyə son qoymaq səylərini əks etdirdiyi ifadə edilib. Vurğulanıb ki, sülhə gedən yol üçün HƏMAS-ın razılığı da lazımdır.

“Sky News” isə "Trampın Qəzza planı Netanyahu üçün sonun başlanğıcı ola bilər" başlığı ilə görüşün təhlilini dərc edib. Materialda Yaxın Şərq müxbiri Adams Parsonsun “Bu razılaşma ilə Təl-Əviv hökuməti daha ​​az stabil ola bilər” ifadələrinə istinad edilib. Qeyd edilib ki, insanların çoxu Netanyahu hökumətinin daxildən devriləcəyinə inanır.

Yunanıstanın “Topontiki” portalı görüşü “Netanyahu küncə sıxıldı: Tramp onu Qətərdən üzr istəməyə məcbur etdi” başlığı ilə işıqlandırıb. Xəbərdə Qətərin baş nazirinin Netanyahunun üzr istəməsinə cavab olaraq bölgənin təhlükəsizliyinə əhəmiyyətli töhfələr verməyə davam etməyə hazır olduğunu ifadə etdiyi bildirilib.

Fransız media orqanı “RFI” isə "Trampın planı fələstinlilər arasında qarışıq rəylər alır" başlıqlı hesabatında fələstinlilərin fikirlərinə yer verib. Fələstinlilərin planın açıqlanmasından sonra “Onlar heç nəyi dəyişdirə bilməyəcəklər, bunların hamısı uydurmadır” dedikləri qeyd edilib.

Britaniyanın “The Guardian” qəzeti, Tramp və Netanyahunun HƏMAS-a “Planı qəbul et, ya da nəticələri ilə üzləş” dediklərini yazıb. Xəbərdə Britaniyanın keçmiş baş naziri Toni Bleyrin Qəzzada müvəqqəti hökumətdə iştirakına diqqət çəkilib.

Yunan mətbuatı “iEidiseis” Trampın “Bu gün böyük bir gündür, bəlkə də sivilizasiya tarixinin ən böyük günlərindən biridir” sözlərini əsas gətirərək “Qəzza üçün bir ümid şüası” başlığı ilə görüşü işıqlandırıb. Həmçinin xəbərdə HƏMAS-ın hələ də plana cavab vermədiyinə diqqət çəkilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm