Dünya
Bəlalı Durand xətti: İki əsrdir həllini tapmayan münaqişə

Pakistanla Əfqanıstan arasında illərdir həllini tapmayan sərhəd problemi hərbi münaqişə həddinə yüksəlib. Əfqanıstanda “Taliban”ın idarə etdiyi hökumətin öz ərazisində “Təhrik-i Taliban Pakistan” (TTP) adlı terror təşkilatına dəstək verməsi sərhəd müharibəsinə gətirib çıxarıb.
TTP Pakistanda puştun icmasını təmsil etdiyini iddia edir və ölkədə hakimiyyətə gəlmək uğrunda mübarizə aparır. Oktyabrın 9-da Pakistanın Əfqanıstanın Paktika vilayətinin Barmal qəzasında bazara hava zərbəsi və terrorçu təşkilatın liderlərini daşıyan zirehli avtomobilin pilotsuz təyyarə ilə məhv edilməsi ilə gərginlik güclənib. Ardınca da Kabil hava hücumuna görə məsuliyyəti İslamabadın üzərinə yükləyib və cavab addımları atıb. Daha sonra 11 oktyabr axşam saatlarından Əfqanıstan və Pakistan sərhədində silahlı toqquşmalar başlayıb. Artıq Pakistan Əfqanıstanın 19 sərhəd məntəqəsinin ələ keçirib.

İslamabaddan Kabilə sərt xəbərdarlıq
Əfqanıstanın hərəkətlərini tənqid edib onu təxribatda günahlandıran Baş nazir Şahbaz Şərif Kabili Pakistan ərazisində fəaliyyət göstərən terrorçu təşkilatları dəstəkləməkdə günahlandırıb. Bildirib ki, İslamabad Əfqanıstana dəfələrlə terrorçu elementlər haqqında məlumat verib. Bildirib ki, onlar Pakistana hücumlar üçün Əfqanıstan ərazisindən istifadə edirlər. "Əfqanıstan odla oynayır. Pakistan xalqı öz cəsur silahlı qüvvələri ilə birlikdə dəmir divar kimi dayanır. Əfqanıstan da Hindistana verilən cavab kimi layiqli cavab alacaq ki, Pakistana pis niyyətlə baxmağa daha cəsarət etməsin", - deyə Pakistan Daxili İşlər Nazirliyi bəyan edib.

İslamabad rəsmən bəyan edib ki, Əfqanıstan tərəfinin hücumu nəticəsində 23 hərbçisi həlak olub, 29 nəfər isə yaralanıb. Nazirlik qarşı tərəfin itkilərinin sayının 200-dən çox olduğunu açıqlayıb. Bundan başqa, 21 mövqedə müvəqqəti nəzarətin təmin olunduğu bildirilib. Son duruma gəldikdə, hazırda Səudiyyə Ərəbistanı və Qətərin çağırışları fonunda bölgədə sabitlik yaranıb. Pakistan sərhəddə fövqəladə vəziyyət rejimini saxlayır.

Başı bəlalı Durand xətti
Məlumat üçün qeyd edək ki, “Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Pakistanla münasibətlərdə gərginlik yaşanır. Halbuki, vaxtilə “Taliban”ın yaranmasında məhz Pakistanın rolu olub. Məlumat üçün bildirək ki, 1947-ci ildən, müstəqil Pakistan yarandıqdan sonra Kabil iki ölkə arasındakı sərhəd xəttini tanımır. Bundan əvvəl “Taliban” hərəkatının yaratdığı müvəqqəti Əfqanıstan hökumətində xarici işlər nazirinin müavini olan Şer Məhəmməd Abbas Stanikzayi bəyan etmişdi ki, Əfqanıstan və Pakistan arasında 1893-cü il Durand xətti əsasında çəkilmiş sərhəd “xəyali xətt”dir. “Biz heç bir halda xəyali Durand xəttini rəsmi sərhəd hesab etmirik və keçmişdə heç bir əfqan onu sərhəd hesab etməyib”, - deyə nazir müavini bildirmişdi. Durand xətti boyunca tez-tez silahlı insidentlər, qaçaqmalçılıq və nəzarət uğrunda qarşıdurmalar yaşanır. 2005-ci ilin sentyabrında pakistanlılar bildirdilər ki, mücahidlərin və narkotik alverçilərinin qanunsuz keçidinin qarşısını almaq üçün Əfqanıstanla sərhəd boyunca 2400 kilometr baryer tikməyə başlayacaqlar. Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf isə sərhədi minalamağı təklif etmişdi. 2009-cu ildə pakistanlılar yenidən bu baryeri tikmək üçün işə başlamağa qərar verdilər. Amma maliyyələşmə olmadığına görə sərhəd məntəqəsinin yalnız 35 kilometrini hasarlamağı bacardılar.
Bütövlükdə Əfqanıstanla Pakistan arasında lokal silahlı toqquşmalar böyük müharibəyə səbəb olmasa da, bölgədə gərginlik ocağı yaradır. Əslində isə baş verənlər böyük güclər arasında geosiyasi mübarizənin təzahürü kimi qiymətləndirilir.

Gərginlikdə Çin və Hindistan amili
Pakistan-Əfqanıstan (Taliban) gərginliyi ən çox Çini narahat edir. Çünki Çinin həm Pakistana, həm də Əfqanıstana yatırımları mövcuddur. Gərginlik bu iki ölkəni əhatə edən müxtəlif regional layihələrə də təhlükə yaradır. Pakistanın əsas müttəfiqi, eyni zamanda Əfqanıstanda əhəmiyyətli maraqları olan Pekin sülhməramlı rolunu oynamağa çalışır. Çin dəfələrlə hücuma məruz qalmış qabaqcıl layihəsi olan Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) təhlükəsizliyində son dərəcə maraqlıdır. Lakin üçtərəfli görüşlərə baxmayaraq, Pekinin vəziyyətə əhəmiyyətli təsir göstərmək imkanları məhdud olaraq qalır.
Pekin Əfqanıstandakı zəngin yeraltı filiz yataqlarının işlənməsində maraqlıdır və artıq bu istiqamətdə bir sıra layihələrə də start verib. Pakistanın həm Çin, həm də ABŞ ilə əlaqələri yüksək səviyyədədir. İslamabad bir çox hallarda öz müstəqil xarici siyasət kursunu qorumağa çalışır.

Hindistanın roluna gəldikdə, münaqişə günlərində "Taliban"ın xarici işlər naziri Əmir Xan Muttaki Delhidə səfərdə olub. Hindistanda Əfqanıstanın səfirliyin fəaliyyəti bərpa edilib. Səfər altı gün davam edib və nazir burada bəzi iddialarla çıxış edib. Bildirib ki, İslamabadla sülhün tərəfdarıdırlar, lakin lazım gələrsə, öz təhlükəsizliklərini qorumağa hazırdırlar: "Biz Pakistanla sıfır gərginlik və sülh münasibətləri istəyirik. Amma münasibətlər düzgün qurulmayıbsa, biz təhlükəsizliyin necə təmin olunacağını da bilirik".

Tramp tərəflərə gözləməyi məsləhət görüb
Beynəlxalq ictimaiyyətin reaksiyasına gəldikdə, İran Əfqanıstan və Pakistanı təmkinli olmağa çağırıb və iki ölkə arasında sabitliyin bütün region üçün vacib olduğunu vurğulayıb. Bu yaxınlarda Pakistanla qarşılıqlı müdafiə müqaviləsi imzalayan Səudiyyə Ərəbistanı da tərəfləri dialoqa çağırıb.

“Eşitdim ki, hazırda Pakistan və Əfqanıstan arasında müharibə gedir. Mən dedim ki, onlar bir az gözləsinlər, hələ ki, onlarla məşğul ola bilmirəm”, - bu sözləri isə ABŞ Prezidenti Donald Tramp deyib. ("Kaspi" qəzeti)
-
Nida Xəbər 16:20
Türkiyə-Ermənistan münasibətləri ilə bağlı Ankara İrəvana nə deyib? – Mirzoyan açıqladı
-
Maraq dünyası15:22
"Poverbank" sərnişin dolu təyyarəni necə məhv edə bilər? - VİDEO
-
MDB14:02
Rusiyanın aparıcı ideoloqlarından olan məşhur Kara-Murza vəfat etdi
-
MDB10:25
Putini Macarıstan səmasında belə qoruyacaqlar: General detalları açıqladı
-
Avto10:13
Məşhur şirkət 700 min avtomobilini geri çağırdı
-
MDB09:52
Zelenski: "Putin mənə nifrət edir!"
-
Ekologiya09:34
Bəzi ərazilərə leysan, Şahdağa qar yağdı
-
ABŞ09:00
Bu ölkədəki ABŞ səfirliyinə oxlarla hücum etdilər - 4 polis yaralandı