Dünya
İqlimi qədər reallığı da sərt olan ölkə: Azərbaycanlılar orada necə yaşayırlar?
Kanada immiqrantlar ölkəsidir. Hətta gəlmələr immiqrantlar arasında özlərini yerli kimi hiss edirlər. Şəhərlərdə bəzən özünü Hindistanda, bəzən Çində, bəzən Afrika ölkələrində, bəzən də Ukrayna və ya Cənubu Azərbaycanda hiss edirsən. Kanada millətlərin, irqlərin, dinlərin və mədəniyyətlərin bir-birinə qarışdığı ölkədir.
İmmiqrasiyanın ən asan yolu
Kanada iqtisadi baxımdan dünyanın ən inkişaf etmiş ölkələrindəndir. İmmiqrasiya imkanlarına görə də dünyanın top dövlətləri sırasına daxildir. Yerli hökumətlər uzun illər gənclərin, sosial narazıların, ambisiyalı mütəxəssislərin, sahibkarların, startapların ölkəyə gəlməsində maraqlı olub. Bu da ölkənin demoqrafik göstəricilərinə təsir edib. Kanada hökuməti mütəxəssislərin ölkənin əmək bazarına inteqrasiya olmasında bu gün də maraqlıdır. Bu, gəlmələrin Kanada cəmiyyətinə yumşaq inteqrasiyasına və adaptasiyasına da şərait yaradır.

Kanadaya köçməyin müxtəlif yolları var və bəzən də bu yollar mürəkkəbdir. Son illər federal hökumət tərəfindən təxminən 90 000 miqrantın qəbul edilməsi üçün müxtəlif proqramlar həyata keçirilir. Əyalətlər də sərbəst şəkildə miqrant qəbuletmə proqramlarını həyata keçirmək səlahiyyətinə malikdirlər. Məsələn, əyalətlərin kənd təsərrüfatı sahələrində çalışmaq üçün ayrıca proqramları mövcuddur. Bu proqramların peşə, dil, ixtisas, status baxımından fərqli tələbləri var.
Kanadanın miqrasiya sistemi iki əsas qrup - qaçqınlar və könüllü miqrantlar üçün formalaşıb. Ölkədə siyasi, müharibə, fəlakət səbəbi ilə sığınacaq alanların sayı az deyil.

Sərbəst peşə sahibləri mədəniyyət və ya idman sahəsində iş qurmalı və ölkəyə gəlir mənbəyi təmin etməlidirlər. Kanada vətəndaşı ilə ailə qurmaq da vətəndaşlıq və ya oturum izni almağın yollarından biridir. 800 min Kanada dollarından az olmayan biznes layihələrə investisiya qoyan sahibkarlara, biznes layihələrdə 300.000 dollarlıq təsisçilik edənlərə də şans verilir.

Bu Şimali Amerika ölkəsi Azərbaycandan gedən immiqrantlar arasında da xeyli populyardır. Xüsusən 2016-cı ildən sonra bu ölkəyə azərbaycanlıların axını başlayıb. Əgər 2000-ci illərdə Kanadada yaşayan azərbaycanlıların sayı təxminən 1000 nəfərə yaxın idisə, hazırkı dəqiq statistikasını bilən yoxdur. Bu ölkəyə təhsil üçün gedənlərin də əksəriyyəti geri qayıtmır.

İş tapmaq, qazanmaq o qədər də asan deyil
Sosial platformalarda tez-tez “Kanada vizasına bir həftəyə cavab gəldi”, “Ailəvi vizaya bir günə təsdiq”, “Kanadada iş imkanları” və s. kimi elanlara rast gəlinir. Bu tip elanları paylaşan şirkətlərin sayı günü-gündən çoxalır. Şirkətlər bu xidmətləri qeyri-leqal şəkildə, təxminən 7-10 min AZN dəyərində ödəniş müqabilində edirlər. Bəzən bu pulu toplayıb qaçan işbazları heç hüquq-mühafizə orqanları da ələ keçirə bilmirlər.

Kanadaya səyahətim zamanı yol yoldaşım olan gənc ailənin - ata-ana və iki kiçik uşağın lazımı əşyalarını çamadanlarına yığıb köçmələri bu istiqamətdə müşahidələrimə əsas verdi. Təbii ki, bu niyyətdə olanlar irəlidə xəyal qırıqlığına uğradan nüanslarla da qarşılaşırlar. “Kanadada həyat keyfiyyəti yüksək olsa da, qazanmaq o qədər də asan deyil. Məsələn, yaxşı santexnik, elektrik, bərbər, şirniyyatçı, dərzi, mebel ustası və ya İT-dən baş çıxaranların iş tapmaq şansları daha yüksəkdir. Çünki bu işlərə görə diplomunu tanıtmaq üçün uzun proseduralardan keçmək lazım gəlmir. Kanada başqa ölkələrin bütün diplomlarını tanımır və yeni təhsil imkanları təklif edir. Buna isə gələnlərin vaxtı, həvəsi və ya maliyyə imkanları mane olur”, - deyə Kanadada yaşayan soydaşlarımızdan biri bildirdi. O əlavə etdi ki, vəziyyəti daha yaxşı qiymətləndirənlər cəfa çəkib bir-iki illik kurslar keçir və ya magistr təhsili alır, kollecdə oxuyur, onlayn proqramlara baş vururlar: “Kanada onlayn iş imkanları və sahibkarlığa dəstək üçün bütün qapıları açıb. Qalanı bacarıqdan asılıdır. Dil bilgisi olmayanlar və ya zəif olanlar üçün kurslar təklif olunur. İngilis və fransız dilini bilənlərə imkanlar daha genişdir. Əmək bazarı geniş və çoxprofillidir. Bir çox sahələrdə mütəxəssis çatışmazlığı var. Vətəndaşlıq qazanmaq üçünsə davamlı olaraq beş il Kanadada yaşamaq lazımdır. Bəzən bu müddət 7-8 və ya 10 ilə kimi uzanır”.

Kanadaya köçmək üçün müxtəlif immiqrasiya proqramları mövcud olsa da, onlar bəzən bir neçə il gözləməyə məcbur edir. Buna görə də qarşılarına məqsəd qoyanlar müxtəlif yollara baş vurur, sərhədləri müxtəlif yollarla keçirlər. Tutulanlar da, deportasiya olunanlar da olur, bəxti gətirib qurtulanlar da…
İmmiqrantları Kanadada nə cəlb edir?
Kanadaya 2000-ci illərdə köç edən soydaşlarımızdan biri deyir ki, buranı cəlbedici edən karyera inkişafı, iş axtaranlar üçün proqramların müxtəlifliyidir: “Pulsuz tibbi xidmət yalnız vətəndaşlara deyil, oturum izni ilə yaşayan gəlmələrə də şamil edilir. Ölkədəki yüksək həyat şərtləri insanları cəlb edir. Kanada dünyanın 10 ən xoşbəxt ölkəsi siyahısındadır. Yerli əhali müxtəlif etnik azlıqlardan təşkil olunur. Bu da gəlmələrin cəmiyyətə inteqrasiyasına imkan yaradır”.

Kanadadakı soydaşlarımız qonşu ABŞ-də yaşam şərtlərinin daha əlverişli olduğunu deyirlər: “Yemək, kirayə xərcləri orada daha ucuzdur. Amma oturuşmuş adamlar üçün ABŞ-yə köçüb hər şeyi sıfırdan başlamaq o qədər də asan deyil”.
Problemlərdən da xali deyil
Kanada inkişaf etmiş ölkə olsa da, problemlərdən da xali deyil. Son illər iqtisadiyyatdakı çətinliklər, ABŞ-dən əsən “tarif yelləri” immiqrantların da yaşayışına təsir edir. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra burada qaçqın kimi məskunlaşan ukraynalıların sayı da çoxalıb. Bu da əmək bazarındakı rəqabəti bir az da gücləndirib.

İmmiqrantların çoxu Torontoda məskunlaşır. Bura sənaye şəhəri, ölkənin maliyyə və kommersiya mərkəzidir. Turistlər üçün təhlükəsiz məkan olsa da, son illər Ontario bölgəsində cinayət hadisələri - oğurluq, avtomobil qaçırılması, adamlara hücum kimi halların artdığı deyilir: “İmmiqrantların artması təhlükəsizliyə təsir edir. Artıq dövlət bu istiqamətdə ciddi düşünməyə başlayıb”.

Kanadada məskunlaşanlar burada xidmət səviyyəsinin bütün sahələrdə yüksək olmadığını da deyirlər. Adamlar həkimlərin uzun-uzadı növbələrindən şikayətlənirlər: “Tibb pulsuz olsa da, bəzən əməliyyat və müayinə üçün aylarla növbədə gözləməlisən. Nəqliyyat sistemində də axsamalar var. Uzaq məsafələrə nəqliyyat tapmaq çətinliyi olur, yolda qalacağından ehtiyat edirsən. Yolların asfalt örtüyü nimdaş və yamaqlıdır”.

Kanadada vergilər yüksəkdir. 4 nəfərlik ailənin aylıq xərcləri 7-8 min Kanada dolları arasında dəyişir. Bir nəfər üçün bu xərc kirayədə qalacağı təqdirdə 3000-3500 dollar olur. Pulun varsa oturum izni olmadan da ev və torpaq ala bilərsən, amma bu, sənə vətəndaşlıq və daimi yaşayış hüququ vermir.
Narahatlıq yaradan məqamlardan biri də Kanadada marixuananın açıq satışda olmasıdır. Yaşlı nəsil buna birmənalı yanaşmır. Evdə uşaq böyüdən valideynlər də ciddi narahatlıq keçirirlər.

Evlərin fantastik qiymətləri
Kanadada ən problemli məsələlərdən biri də evlərin baha olmasıdır. Xüsusən Toronto kimi meqapolisdə evlərin qiyməti çox bahadır. Burada evlərin qiyməti 400-500 min - bir milyon intervalında dəyişir. Bu, tək immiqrantlar üçün deyil, yerlilər üçün də problemdir. Bu səbəbdən yerlilər arasında da çoxlu evsiz var. İpoteka şərtləri insanları illərlə, bəzən ömür boyu kirayələrdə və ya banklardan asılı yaşamağa məcbur edir. İnsanlar çox vaxt işlədikləri yerlərdən çox kənara, qiymətlərin nisbətən ucuz olduğu ərazilərə üz tuturlar.

Kirayə evlərin qiyməti 2500-4000 Kanada dolları arasında dəyişir. Gənclər özlərinin, ailələr övladlarının yaxşı təhsil alması və rahat həyat qurması üçün hər bir çətinliyə dözürlər. Bununla belə, azərbaycanlılar da daxil bəzi immiqrantlar yaşam şərtlərinə və ya sərt iqlimə dözməyərək, yaxud doğmaları üçün darıxdıqlarından, inteqrasiya edə bilmədiklərindən yerlərini dəyişir və ya vətənlərinə geri dönürlər. Təkcə 2024-cü ildə 110 minə yaxın, bu ilin altı ayında isə 53 min insanın Kanadadan köç etdiyi deyilir.
Düzdür, Kanada fürsətlər ölkəsidir. Amma hamıya sürprizlər hazırlamasına ümid eləmək olmaz. Reallıq buranın iqlimi qədər sərtdir… ("Kasp" qəzeti)
-
Region15:10Pezeşkian: "İnqilabdan əvvəl hicabsız qızlar çox ləyaqətli idilər"
-
Magazin114:40Müğənni Günel: "Evli olduğunu bilirdim, dəfələrlə qaçıb gizləndim"
-
İdman14:20Çempion sinə böyütmə əməliyyatından danışdı: Çox ağrılı idi! - FOTO
-
Hadisə13:30Yanan binanın sakini: "Üç gün əvvəl ustanı döyüblər"
-
Digər13:20Maduro mühafizəsini gücləndirdi-ABŞ sui-qəsd planı hazırlayıb?
-
Avropa13:06Keçmiş prezident həbsxana təcrübəsi haqqında kitab yazacaq
-
Hadisə12:35Yasamaldakı dəhşətli yanğın elektrik şaxtasından olub?
-
Region12:06Gürcüstan və Türkiyə təyyarə qəzasını müzakirə etdi







.jpg)
















.png)








_(3).jpg)
