Dünya
Məhsulu aeroportda qalıb, sata bilmir: Afrika ölkəsi Fransa ilə müharibəyə hazırlaşır
Afrika qlobal oyunçular arasında səssiz müharibə meydanına çevrilir. Fransanın keçmiş müstəmləkələri, xüsusilə Nigerlə münasibətləri müharibə həddinə çatıb. Ölkənin ən nüfuzlu hərbçilərindən biri, general Amadu İbro Parisi Nigerdə sabitliyi pozmağa cəhd göstərməkdə ittiham edib və əhalini Fransa ilə müharibəyə hazırlaşmağa çağırıb. Afrika ölkəsinin generalları milli təhlükəsizliyə qarşı təhdidi neytrallaşdırmaq üçün Fransa ilə müharibəyə hazır olduqlarını bəyan ediblər.
"Bilin ki, biz Fransa ilə müharibə edəcəyik”
Fransız dilində söylədiyi və alqışlarla qarşılanan çıxışında İbro vurğulayıb ki, əvvəlki diplomatik sürtünmələrdən fərqli olaraq, bu gün vəziyyət hərbi-siyasi müstəviyə keçib. Onun çıxışının ən rezonans doğuran hissəsi belədir: "Bilin ki, biz Fransa ilə müharibə edəcəyik. Əgər əvvəllər açıq münaqişə vəziyyətində deyildiksə, indi ona qədəm qoyuruq. Səfərbərlik sadəcə hazırlıq deyil, dövlətimizə yönəlmiş müstəmləkə müdaxiləsinə qarşı müdafiə tədbiridir".

2026-cı il yanvarın sonunda ekstremistlərin Niamey beynəlxalq hava limanına hücumundan sonra general Tçiani Fransa Prezidenti Emmanuel Makrona qarşı tənqidlə çıxış etdi. Tçianinin sözlərinə görə, Paris öz regional peykləri olan Benin və Kot-d'İvuar vasitəsilə terror qruplaşmalarına logistik və maliyyə dəstəyi təmin edərək Nigerdə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir. O bildirib ki, Fransa ölkənin uran ehtiyatlarını ələ keçirmək üçün təhdid və şantaj yolu seçib: “Paris Niger hakimiyyətini uran ixrac edərsə, karvanlara hücum etmək üçün muzdlulardan istifadə etməklə hədələyib”. General əlavə edib ki, Makron ölkənin suverenliyini qorumaq üçün atdığı cəsarətli addımlara görə Niger hökumətini devirməyə hazırdır. Yanvarda Niamey hava limanına edilən hücum və Niger çayının sağ sahilindən muzdlulara pul, silah və avadanlıq verilməsi Parisin Nigerdə sabitliyi pozmaq səylərinin bir hissəsidir. Niger iddia edir ki, bu hücumun təfərrüatları ötən il iyulun 15-də Cəblədə fransız agentlərinin iştirakı ilə keçirilən gizli görüşdə müzakirə olunub.

Niger istehsal etdiyi uranı sata bilmir
“Financial Times” qəzetinin məlumatına görə, Niger hökuməti paytaxt Niamey hava limanı ərazisində saxlanılan uranın satışı ilə bağlı Rusiya, Çin və ABŞ ilə müzakirələr aparır. Mədənlərdən hava limanına təxminən 240 milyon dollar dəyərində 1000 ton uran çatdırılıb.
2023-cü il hərbi çevrilişindən əvvəl Niger Avropa nüvə elektrik stansiyalarının ehtiyac duyduğu uranın dörddə birinə qədərini ölkə ərazisində fəaliyyət göstərən Fransaya məxsus “Orano” şirkəti vasitəsilə təmin edirdi. Daha sonra nüvə yanacağı istehsalçısının aktivləri milliləşdirilib. Bundan sonra “Orano” potensial uran satışının qarşısını almaq üçün məhkəmə prosesi başladıb. Adı çəkilməyən bir fransız diplomatı nəşrə bildirib ki, Paris Niger hakimiyyətini uranı satmaqdan və ya daşımaqdan çəkinməyə çağırıb.

Nigerdə Fransanı iqtisadiyyatı sarsıtmaq və suveren dövlətin təbii ehtiyatları üzərində nəzarəti qanunsuz saxlamaq cəhdlərində ittiham edirlər. Müqavimətində Niger tək deyil. Mali və Burkina-Fasonun da daxil olduğu Sahel Dövlətləri Alyansı (AES) fransız təsirinin tamamilə zərərsizləşdirilməsini qarşısına məqsəd qoyub.
Fransa müxalifəti dəstəkləməklə məqsədinə çatmaq istəyir
Fransa Nigerdə hakimiyyəti dəstəklədiyi yerli qrupların əli ilə sarsıda bilər. Qərbyönümlü ekspert Sergey Fyodorov da Parisi xüsusi xidmətlər vasitəsilə Niger müxalifətini dəstəkləməkdə ittiham edib. “Əvvəllər Nigerdə Fransa təsiri var idi, orada onların hərbi bazası yerləşirdi. Bir neçə il əvvəl Parisdən ölkədən çıxmağı xahiş etdilər. Bu, fransızların xoşuna gəlmədi. Nigerin Fransaya müharibə elan etməsi bəyanatı nə deməkdir? Paris, ola bilsin ki, bu Afrika ölkəsində bu və ya digər qrupları dəstəkləyərək siyasi vəziyyəti özü üçün uyğunlaşdırmağa çalışır. Ola bilsin, bundan sonra Niger hakimiyyəti müharibə haqqında danışmağa başlayıb. Amma Fransanın Nigerlə ümumi sərhədləri olmadığından onların necə döyüşəcəklər, tam aydın deyil. Mənim fikrimcə, bu bəyanat onun elanıdır ki, Nigerin indiki hakimiyyəti Fransanın yerli müxalifətə yardımını qəzəblə qarşılayıb. Müxalifət qüvvələri indi Nigerdə hakimiyyəti ələ keçirməyə və ya hansısa fəaliyyətlərə başlamağa çalışırlar”, - deyə Fyodorov bildirib. O əlavə edib ki, Fransa hakimiyyəti öz hərbi kontingentini Afrikaya göndərməyəcək. Fransa əvvəllər Saheldə hərbi əməliyyatlarda uğursuzluğa düçar olublar və regiondan ciddi nüfuz itkisi ilə çıxıblar. “Çətin ki, Paris indi Nigerdə təkbaşına genişmiqyaslı hərbi əməliyyata qərar versin”, - Fyodorov fikrini yekunlaşdırıb.

Hərbi, siyasi və humanitar siyasətin iflas göstəricisi
Xatırladaq ki, Niger 1898-ci ildən etibarən Fransa tərəfindən işğal olunub, daha sonra isə Fransız Qərbi Afrikasının tərkibində müstəmləkə kimi idarə edilib. 1960-cı ildə rəsmən müstəqillik əldə olunsa da, ölkə uzun müddət Fransa ilə sıx siyasi, iqtisadi və hərbi əlaqələrdə olub. Bu münasibətlər xüsusilə Nigerin zəngin uran ehtiyatları fonunda daha da strateji xarakter alıb. Uran Fransanın atom elektrik stansiyaları üçün əsas xammallardan biri olduğuna görə Niger Paris üçün mühüm tərəfdaş sayılıb. İndi Nigerdə baş verənlər Yelisey sarayının bölgədə apardığı hərbi, siyasi və humanitar siyasətin iflasının göstəricisi kimi qəbul edilir.("Kaspi" qəzeti)
-
Hadisə12:35Bu vəzifəli şəxsin həbs müddəti uzadıldı
-
Sosial12:14Kiçik flakonda böyük risk: Qramla satılan ətirlərin yaratdığı təhlükə
-
Sosial10:46Yanacaq xərcləri niyə azalmır? - Səbəb bu avtomobillərdir
-
Region10:23Ermənistanda dəhşət - 5 silahlı dayanacağa hücum etdi
-
Maraq dünyası09:20Ürəyin “sığınacaq” tapdığı şəhər: Cəmi 508 nəfər əhalisi var - Fotolar
-
İdman09:10Hamı Ronaldonun oruc tutmasından danışır
-
Dünya09:00ABŞ hərbi gəmilərinin dörddə birini Yaxın Şərqə yönəltdi - Müharibəyə günlər qaldı
-
Region08:30Türkiyədə zəlzələ oldu






















.jpg)











