“İran Çinin sınaq meydançasına çevrilib”
Bizi izləyin

Dünya

“İran Çinin sınaq meydançasına çevrilib”

Amerikalı analitik Brendon Viker hazırda İslam Respublikasının ərazisində perspektivli raket komplekslərinin sınaqdan keçirilməsi ilə məşğul olan Çin hərbi mütəxəssislərinin olduğu barədə fikir bildirib.

Publika.az xəbər verir ki, ekspert bu mövqeyi Taker Karlsonun videobloquna verdiyi müsahibə zamanı səsləndirib və materialı isə "PolitNaviqator" təqdim edib.

Vikerin qiymətləndirməsinə görə, İran rəsmi Pekin üçün hərbi texnikanın sınaqdan keçirildiyi bir meydana çevrilib; analoji olaraq, ABŞ da öz texnologiyalarını real döyüş şəraitində yoxlamaq üçün Ukraynadan istifadə edir.

Ekspert iddia edib ki, hazırda İranda İranın hipersəs raket sistemlərinin modernləşdirilməsi və onlara xidmət göstərilməsi ilə məşğul olan bir qrup Çin zabiti və ya yüksəkixtisaslı texniki mütəxəssis var.

Analitik deyib ki, Tehran ardıcıl olaraq bu sahədəki potensialını artırır, Pekin isə ABŞ ilə ehtimal edilən hərbi toqquşma halı üçün bu silahların yoxlanılmasında maraqlıdır.

Viker belə bir ssenarinin reallaşmayacağına ümid etdiyini bildirsə də, Çinin mümkün strategiyasını təsvir edir. Onun sözlərinə görə, bu strategiya Amerikanın peyklərinin sıradan çıxarılmasını və ABŞ-ın elektromaqnit tezliklərinin işinin pozulmasını nəzərdə tutur. Bundan sonra, süni adalarda yerləşdirilmiş minlərlə raketdən müdafiə kompleksi ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı qruplarını saxlamaq, təyyarələrin göyərtədən qalxma imkanlarını məhdudlaşdırmaq və ya uçuş-eniş zolaqlarını məhv edib zədələmək üçün işə salına bilər.

Sonda Viker İran və Ukraynadakı vəziyyət arasında paralellər apararaq, Ukraynanın Vaşinqton üçün Rusiya texnologiyalarına qarşı silahların effektivliyini yoxlamaq vasitəsi olduğu kimi, İslam Respublikasının da Çin üçün bir sınaq poliqonu rolunu oynadığını qeyd edib. Ekspert həmçinin əlavə edib ki, İranın bu sinifdən olan raket sistemləri yeraltı buraxılış şaxtalarında yerləşdirilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm