ABŞ ilə İran arasında müharibə bitdi? - Brayza Minsk Qrupunu nümunə gətirdi
Bizi izləyin

Dünya

ABŞ ilə İran arasında müharibə bitdi? - Brayza Minsk Qrupunu nümunə gətirdi

ABŞ ilə İran arasında müharibə bitdi? - Brayza Minsk Qrupunu nümunə gətirdi

ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian tərəfindən elektron şəkildə imzalanmış Anlaşma Memorandumu sülh sazişinin özü deyil, yalnız onun üçün hüquqi və siyasi çərçivə yaradan ilkin sənəddir.

Bunu Publika.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə ABŞ ilə İran arasında müharibənin real şəkildə bitdiyini demək çətindir, çünki hələ bir çox texniki məsələlər həll edilməlidir.

Minsk Qrupu məntiqi

M.Brayza bu yanaşmanı ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında illərlə aparılan danışıqlara bənzədib: “Həmin proses 2007-ci ilin noyabrında Madriddə təqdim olunan “Əsas Prinsiplər” ilə başlamış, daha sonra 2009-cu ildə Sürixdə Prezident İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən ilkin razılaşdırılmışdı. Lakin bu prinsiplər rəsmi sülh sazişinə çevrilmədiyi üçün İkinci Qarabağ müharibəsinin qarşısını tam şəkildə ala bilməmişdi.

Eyni məntiq burada da tətbiq olunur: Memorandum sülhün mahiyyətini müəyyən edən əsas prinsipləri formalaşdırır, lakin yekun razılaşma deyil. Bu sənəd daha mürəkkəb və texniki məsələlərin müzakirə olunacağı 60 günlük danışıqlar mərhələsinə keçid üçün zəmin yaradır”.

“Əsas prinsiplər” modeli

Keçmiş səfir bu prosesdə müzakirə ediləcək əsas mövzulara toxunub. Onun sözlərinə görə, bu mövzulardan biri İranın nüvə proqramı, xüsusilə uranın zənginləşdirilməsi məsələsidir:

“ABŞ-ın əsas strateji məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır və Memorandumda Tehran tərəfindən nüvə silahı istehsal etməyəcəyinə dair öhdəlik bir daha təsdiqlənir. Bu öhdəlik əvvəllər 2015-ci ildə imzalanmış JCPOA razılaşmasında da yer almışdı və həmin razılaşma Avropa İttifaqı, Çin və Rusiya tərəfindən də dəstəklənmişdi. Görünür, hazırda ABŞ lideri Donald Tramp müharibəni bitirmək və Birləşmiş Ştatları münaqişədən çıxarmaq istədiyi üçün bu mərhələdə detallarda israr etmir”.

İsrailin mövqeyi

M.Brayza bu prosesdə İsrailin hansı yanaşma sərgiləyəcəyini də nəzərə çatdırıb:

“Bununla yanaşı, sənəddə ABŞ-ın əvvəlki mövqelərində yer alan bəzi mühüm məsələlər - İranın ballistik raket proqramının məhdudlaşdırılması və Yaxın Şərqdə fəaliyyət göstərən proksi qruplara (HƏMAS, Hizbullah və husilər) dəstəyin dayandırılması açıq şəkildə əks olunmur. Lakin Livandakı hərbi gərginliyin dayandırılması məsələsi sənəddə yer alsa da, İsrail bu istiqamətdə əməliyyatları davam etdirməkdə israrlıdır.

Bu vəziyyət ABŞ-İsrail münasibətlərində gərginlik yaradaraq, prezident Trampın İsrail baş naziri Benyamin Netanyahuya qarşı daha tənqidi mövqe sərgiləməsinə səbəb olub. Mövcud dinamika, Memorandumun praktik icrasını da sual altında qoyur, çünki İsrailin hərbi əməliyyatları davam etdirməsi prosesin irəliləməsinə mane ola bilər”.

Sanksiyalar, təşviqlər və qeyri-müəyyənlik

Ekspertin sözlərinə görə, hazırkı mərhələdə Memorandumun ABŞ və İran arasında münaqişənin real şəkildə sona çatdırıb-çatdırmayacağı hələlik qeyri-müəyyəndir:

“ABŞ sanksiyaların yumşaldılması, dondurulmuş aktivlərin azad edilməsi və hətta investisiya fondunun yaradılması kimi təşviqedici addımlar təklif edir. Lakin bu təşəbbüslərin həyata keçirilib-keçirilməyəcəyi 60 günlük danışıqların nəticəsindən asılıdır və proses hələ çox qeyri-sabitdir”.

ABŞ və İran eyni mövqedə

Brayza hazırkı prosesin müsbət tərəflərinə də diqqət yetirib. O vurğulayıb ki, həm Tehran, həm də Vaşinqtonun açıq şəkildə hərbi eskalasiyanın davam etməsində maraqlı olmadıqlarını göstərmələri müsbət haldır:

“Bununla belə, yaxın həftələrdə baş verə biləcək siyasi və hərbi hadisələr razılaşmanın icrasını poza bilər. Xüsusilə ABŞ-İsrail münasibətlərinin necə inkişaf edəcəyi və Tramp administrasiyasının Netanyahu hökumətinə hansı dərəcədə təzyiq göstərəcəyi prosesin taleyi üçün həlledici olacaq. Əgər danışıqlar İranın nüvə proqramı ilə bağlı irəliləyişə səbəb olsa, lakin eyni zamanda İsrailin istədiyi rejim dəyişikliyi və ya raket proqramına məhdudiyyətlər gündəmə gəlməsə, bu, Netanyahu üçün siyasi məğlubiyyət ola bilər”.

Trampın ziddiyətli siyasi mövqeyi

M.Brayza ABŞ prezidenti Donald Trampın son günlər sərgilədiyi ziddiyətli mövqeyi də qeyd edib:

“Son vaxtlar Donald Trampın açıqlamaları ziddiyyətli xarakter daşıyır. O, İranın yeni hökumətini daha praqmatik və əməkdaşlığa açıq kimi təqdim edir, halbuki əvvəlki mövqeyində bu rejimi sərt şəkildə tənqid edirdi. Eyni zamanda, İranın digər Körfəz ölkələri kimi ballistik raketlərə sahib ola biləcəyini də istisna etmir ki, bu da əvvəlki mövqelərlə ziddiyyət təşkil edir.

Ümumilikdə, proses hələlik çox dəyişkən və qeyri-müəyyəndir. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi yaxın həftələrdə aparılacaq danışıqlar və regional güclərin mövqeyindən asılı olacaq”.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai ABŞ və İran arasında anlaşma memorandumunun imzalandığını açıqlayıb. Onun sözlərinə görə, bu ana qədər danışıqlar qruplarının Cenevrədə iştirak proqramı qüvvədə qalır, lakin memorandum rəqəmsal qaydada imzalanıb və İsveçrədə hər hansı imzalama mərasimi keçirilməyəcək.

Müəllif: Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm