Sosial
Vətəndaşlar həyətdəki su quyularına görə pul ödəyəcəklər? - RƏSMİ
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqi ilə bağlı yayılan məlumatlardan sonra vətəndaşlar arasında bir sıra suallar yaranıb.
Publika.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətindən Oxu.Az-a açıqlama verilib.
Bildirilib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə dedikdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar suyun götürülməsi, tullantı sularının su obyektlərinə axıdılması və ya su akvatoriyasından istifadə nəzərdə tutulur. Bu fəaliyyətlər hidrotexniki qurğular, nasoslar, artezian və subartezian quyuları, kanallar, borular və digər xüsusi texniki vasitələrdən istifadə edilməklə həyata keçirilir.
Qurum vurğulayıb ki, xüsusi məqsədlər üçün istifadə ilə bağlı icazə yalnız hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün tələb olunur.
Açıqlamaya görə, vətəndaşlar çimərlikdən istifadə etmək, qayıqla gəzmək, idmanla məşğul olmaq, həvəskar balıq ovu aparmaq, mal-qaranı suvarmaq və digər şəxsi ehtiyaclarını ödəmək üçün su obyektlərindən ödənişsiz istifadə edə bilərlər.
Həmçinin mərkəzləşdirilmiş su təchizatı olmayan ərazilərdə torpaq sahibləri öz ehtiyaclarını təmin etmək məqsədilə torpaq sahələrinin hüdudlarında birinci təzyiqsiz sulu horizontdan istifadə etmək üçün quyu qaza və istismar edə bilərlər.
"Vətəndaş həyətində qazdığı quyudan içməli və ya suvarma məqsədilə istifadə edirsə, yaxud çay və digər su obyektlərindən şəxsi təsərrüfatı üçün su götürürsə, bunun üçün icazə almasına və hər hansı ödəniş etməsinə ehtiyac yoxdur", - məlumatda qeyd olunub.
Qurum tullantı sularının su obyektlərinə axıdılması qaydalarına da aydınlıq gətirib. Bildirilib ki, sahibkarlar yalnız tərkibindəki çirkləndirici maddələrin miqdarı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan tullantı sularını su obyektlərinə axıda bilərlər. Normativlərə uyğun olmayan tullantı suları isə əvvəlcədən xüsusi təmizləyici qurğularda təmizlənməlidir.
ADSEA-nın məlumatına görə, Xəzər dənizində kiçikhəcmli gəmilərin saxlanılması üçün su akvatoriyasından istifadə edənlər, çaylarda qəfəs balıqçılığı ilə məşğul olanlar, həmçinin artezian və ya subartezian quyularının suyundan istehsalat və ya qablaşdırma məqsədilə istifadə edən sahibkarlar xüsusi məqsədlər üçün istifadə icazəsi almalıdırlar.
Qeyd olunub ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli, 99 nömrəli qərarı ilə təsdiqlənib və istifadə olunan su mənbəyindən, eləcə də fəaliyyət növündən asılı olaraq dəyişir.
Xatırladaq ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə 2026-cı il sentyabrın 1-dən başlanılacaq.
Sənaye məqsədilə Xəzər dənizindən götürülən hər 100 kubmetr suya görə 0.4 manat, çay və göllərdən götürülən hər 100 kubmetr suya görə 4 manat, yeraltı sulardan götürülən hər 100 kubmetr suya görə isə 40 manat ödəniş müəyyənləşdirilib.
Eyni zamanda, Xəzər dənizinə axıdılan hər 100 kubmetr tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan hər 100 kubmetr tullantı suyu üçün isə 4 manat ödəniş nəzərdə tutulur.
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA






















.webp)









.jpg)

.jpg)