Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?
Bizi izləyin

Dünya

Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?

Miqrant qalmaqalının pərdəarxası: Niyə İspaniyanın Afrikada torpaqları var?

Mərakeşdən İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutaya qısa müddətdə 70 mindən çox qanunsuz miqrantın keçməsi bölgədə humanitar böhran yaradıb.

Publika.az xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.

Bildirilib ki, vəziyyətin nəzarətdən çıxmasından sonra Madrid təhlükəsizliyi təmin etmək üçün bölgəyə ordu göndərib. Rəsmi məlumata görə, sonradan on minlərlə miqrant Mərakeşə geri qaytarılıb, hadisələr zamanı isə ən azı 88 nəfər həyatını itirib.

Bu hadisələr bir çoxlarının diqqətini İspaniyanın Afrikadakı torpaqlarına yönəldib. İspaniyanın Şimali Afrikada yerləşən Seuta və Melilya şəhərləri əsrlərdir ölkənin nəzarətindədir. Seuta 1415-ci ildə Portuqaliya tərəfindən ələ keçirilib, 1580-ci ildə isə Portuqaliya taxtının İspaniya ilə birləşməsindən sonra Madridin hakimiyyəti altına keçib. Melilya isə 1497-ci ildən İspaniyanın nəzarətindədir.

Mərakeş bu əraziləri öz torpaqları hesab edir və 1956-cı ildə müstəqillik əldə etdikdən bəri onların geri qaytarılmasını tələb edir. Lakin İspaniya Seuta və Melilyanı ölkəsinin ayrılmaz hissəsi sayır.

Seuta və Melilya coğrafi baxımdan Afrika materikində yerləşsə də, hüquqi baxımdan İspaniyanın tərkib hissəsi olduqları üçün Avropa İttifaqı ərazisi hesab edilir. Bu səbəbdən onlar Afrika materikində Avropa İttifaqına məxsus yeganə torpaqlar kimi tanınırlar.

Ekspertlərin fikrincə, son miqrasiya böhranına baxmayaraq, İspaniyanın bu ərazilərlə bağlı siyasətində ciddi dəyişiklik gözlənilmir. Dəyişə biləcək əsas məsələ sərhəd təhlükəsizliyi, miqrasiya siyasəti və Madridlə Rabat arasında əməkdaşlığın yeni mexanizmləri ola bilər.

Qeyd edək ki, Seuta və Melilya daha əvvəl də 2005, 2014 və 2021-ci illərdə kütləvi miqrasiya cəhdlərinin mərkəzində olub və bu bölgələr uzun illərdir İspaniya ilə Mərakeş arasında əsas mübahisə mövzularından biri olaraq qalır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm