Ekologiya
30 milyon illik sirr açıldı - Bu, dəvə deyilmiş
Miçiqan Universitetinin paleontoloqları tarixdən əvvəl yaşamış itkimilər fəsiləsinə aid heyvanın ilk dəfə demək olar ki, tam skeletini təsvir ediblər. Bu heyvan uzun məsafələrə qaçmağa uyğunlaşmamışdı və ovunu pusqu quraraq tutmağa üstünlük verirdi.
Beynəlxalq paleontoloqlar qrupu 1980-ci illərdə ABŞ-nin Oreqon ştatında aşkar edilmiş unikal fosil üzərində uzun illər davam edən tədqiqatı başa çatdırıb. Qalıqlar əvvəlcə cütdırnaqlılara aid edilsə də, yeni analiz skeletin 30 milyon il əvvəl yaşamış qədim itkimilər nəslinin nümayəndəsi olan Mesocyon coryphaeus-a məxsus olduğunu göstərib.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Paleontology” jurnalında dərc olunub.
Fosil təxminən 30 il ərzində muzey kolleksiyasında saxlanılıb və bu müddət ərzində alimlər onun qoyun, dəvə və ya donuzların qədim qohumlarından birinə aid olduğunu düşünüblər. Yalnız indi məlum olub ki, bu, Şimali Amerikada indiyədək tapılmış tarixdən əvvəlki itlərə aid ən tam skeletlərdən biridir.
Mesocyon coryphaeus növü hələ 1879-cu ildə təsvir edilsə də, indiyədək paleontoloqların əlində yalnız kəllə sümüyünün fraqmentləri və ayrı-ayrı dişlər olub. Yeni araşdırmada isə ilk dəfə kəllə sümüyü, onurğa sütununun demək olar ki, tam hissəsi, bütün uzun ətraf sümükləri, əl və ayaq sümüklərinin elementləri, eləcə də penis sümüyü (bakulum) daxil olan skelet nümunəsi öyrənilib. Sonuncu detal alimlərə bu fərdin erkək olduğunu dəqiq müəyyən etməyə imkan verib.

"Tədqiqat boyu üzərində işlədiyimiz ən maraqlı və ən qeyri-adi layihə məhz bu idi", – deyə Miçiqan Universitetinin əməkdaşı və araşdırmanın həmmüəllifi Enn Kort bildirib.
Alimlər Mesocyonun anatomiyasını digər qədim itkimilərlə müqayisə edərək belə nəticəyə gəliblər ki, koyot ölçüsündə olan bu yırtıcı müasir canavarlar, tülkülər və ev itləri kimi sürətlə qaça bilmirdi. Qısa və güclü ətrafları, yığcam bədən quruluşu və hərəkətli dirsək oynağı onun budaqlardan yapışaraq ağaclara dırmaşa bildiyini göstərir.
Bundan başqa, bu qədim it hərəkət edərkən dabanına söykənirdi, halbuki müasir itkimilər barmaqları üzərində yeriyirlər. Bu xüsusiyyətlərinə görə Mesocyon indiki itlərdən daha çox iri gəlincikkimilərə bənzəyirdi. Alimlərin fikrincə, onun əsas ov üsulu pusqu qurmaq olub, əsas qidasını isə xırda cütdırnaqlılar təşkil edib.
İlk itkimilər təxminən 40 milyon il əvvəl Şimali Amerikada meydana çıxıblar. Bunlar sıx meşələrdə yaşayan və ağaclara yaxşı dırmaşan Hesperocyon cinsinə aid kiçik heyvanlar idi. Mesocyon isə təxminən 10 milyon il sonra, qlobal iqlim soyuması dövründə, meşələrin yerini seyrək meşəliklər və kolluq ərazilərin tutduğu vaxt yaranıb.
Mesocyonun təkamül xətti təxminən 21 milyon il əvvəl tamamilə kəsilib və onun müasir itkimilər arasında birbaşa varisləri yoxdur.
Tədqiqat yalnız Mesocyon coryphaeusun görünüşünü daha dəqiq müəyyənləşdirmir, həm də itkimilərin ağaclarda və yerdə yaşayan həyat tərzindən sonradan onların nəslinin Antarktidadan başqa bütün qitələrə yayılmasına imkan verən ixtisaslaşmış qaçış qabiliyyətinə necə keçdiyini anlamaqda mühüm boşluğu doldurur.
Hüseyn İbadlı
-
Avropa04:44Xanım prezident yol qəzasına düşdü - Vəziyyəti necədir?
-
Kriminal03:1315 yaşlı qız içki məclisində rəfiqələrini bıçaqladı
-
Magazin202:12"Klan Soprano"nun ulduzu evində ölü tapıldı
-
Dünya01:11Daha bir dəhşətli təyyarə qəzası - 13 nəfər həlak oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Diqqət mərkəzində olmaqdan zövq alacaqsınız
-
ABŞ1 Avqust 23:00Trampın 5 milyon dollarlıq “qızıl atları” ABŞ-ı QARIŞDIRDI
-
İdman1 Avqust 22:48Azyaşlı futbolçu faciəvi şəkildə öldü - FOTO
-
MDB1 Avqust 22:12Moskvanın mərkəzində GÜCLÜ PARTLAYIŞ: 3 nəfər öldü, çox sayda yaralı var - VİDEO




























.jpg)








