"Olimpiyada suallarını elə bil əmək müəllimi hazırlayıb" - EKSPERT
Bizi izləyin

Elm və təhsil

"Olimpiyada suallarını elə bil əmək müəllimi hazırlayıb" - EKSPERT

"Dünəndən etibarən Təhsil Nazirliyi orta məktəb şagirdləri arasında fənn olimpiadasının rayon turuna başlayıb. Tarix fənni üzrə olimpiada sualları mənə çatdı. Başa düşdüm ki, ya bu sualları əmək müəllimi yazıb, ya da tarix elminin, şagirdlərin düşməni".

Publika.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov söyləyib. O bildirib ki, 10 ildir kurikulum standartları ilə dərs keçirilir, amma burada qeyd olunan suallardan heç biri kurikulum normalarına əsaslanmır:

"Ay bu sualı seçən, ay bu olimpiadaya rəhbərlik edən, burada bircə sualda yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi göstərin! Bütün suallar əzbərçi, hafizə yönümlüdür. Gəlsin o sualı seçən, ona 25 sual yazım verim, yarısını yaza bilsə, pul mükafatı verəcəm. Bu nə sualdır? Şagirdin nəyinə lazımdır o qədər özbək, uyğur şairinin adını yadında saxlasın və ya nə qədər pambıq, badımcan yığıldığını əzbərləsin? Sən özün onları bilirsən? Kitabı qabağına qoymaqla sual yazmaq olar, amma unutma ki, şagird o suala cavab yazanda qabağında kitab olmur. O suallara, sualı yazanlara, seçənlərə Neftçalanın dağ kəndində müəllimin dediyi kimi, yağlı bir “iki” düşür. Həmin sualları tərtib edən müəllimə deyin, həftəiçi mənim keçdiyim dərslərə gəlsinlər".

Məsələ ilə bağlı Publika.az-ın sorğusuna cavab olaraq, Təhsil Nazirliyindən bildirdilər ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 33 mindən çox şagird iştirak edib:

"Bakı şəhərində 14 müxtəlif mərkəzdə keçirilən olimpiadaya 6000-dən çox, Naxçıvan MR-dən isə 700-yə yaxın şagird qatılıb. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla, 8 fənn üzrə IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər, öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub".

Nazirlikdən verilən məlumata görə, olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib. Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi ölkənin bütün şəhər və rayonlarında eyni tarixdə, eyni saatda başlanıb və bitib. Nəticələr isə yoxlanıldıqdan sonra yekun nəticələr elan ediləcəkdir:

"Təhsil Nazirinin müvafiq əmri ilə təsdiq edilmiş fənlər üzrə bütün sualların tərtib olunması üçün xüsusi münsiflər heyəti fəaliyyət göstərir. Münsiflər heyətinin tərkibi AMEA və ali məktəblərin mütəxəssislərindən ibarətdir. Sualların səviyyəsinə gəldikdə, nəzərinizə çatdırmaq istəyirik ki, Respublika fənn olimpiadaları məktəb daxili monitorinq, KSQ, BSQ və ya qəbul imtahanı deyil. Burada şagirdlərə hər tipli sual və ya suallar təqdim edilə bilər".

Sualların əks olunduğu fotoları təqdim edirik.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm