Bakıda 500 mindən çox evin niyə sənədi yoxdur? - Səbəbləri AÇIQLANDI
Bizi izləyin

Əmlak

Bakıda 500 mindən çox evin niyə sənədi yoxdur? - Səbəbləri AÇIQLANDI

Ölkəmizdə sənədsiz evlərlə bağlı problemlər zaman-zaman gündəmə gəlir. Bu problem gah məhkəmə predmeti, gah da mətbuatın hədəfi olsa da, son nəticəsi hər dəfə təxminən eyni olur. Bildirilir ki, məsələ tezliklə köklü şəkildə öz həllini tapacaq.

Publika.az
xəbər verir ki, bunu ekspert Elnur Fərzəliyev “Report”a bildirib.

O deyib ki, Bakıda 500 mindən çox "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsdən çıxarışı olmayan fərdi həyət evləri var:

“Belə evlərin olmasına səbəb bələdiyyə mülkiyyətinə verilən torpaq sahələridir ki, vətəndaşlar bu torpaqlar üçün çıxarış almaqda problemlə üzləşirlər”.

O qeyd edib ki, 2007-ci ildən sonra bələdiyyələrin torpaq satma hüququ onlardan alınıb:

“2007-ci ilə qədər verilmiş sərəncamlarla bağlı bu problemlər yaşanır. Sənədlərin bəziləri köklü, bəziləri isə köksüzdür. Vətəndaşlar bütün sənədlərini yığıb çıxarış üçün müraciət etdikdə, reyestrdə koordinatlar hər hansısa bir quruma, müəssisəyə aid olduğu və ya başqa təyinatlı torpaq kimi çıxdığı üçün əmlakı özəlləşdirə bilmirlər”, - deyə ekspert bildirib.

E.Fərzəliyev bildirib ki, problem bələdiyyələrə torpaqların verilməsi zamanı onların ərazi hüdudlarının xəritələrinin çəkilib müəyyənləşməməsidir.

“Bələdiyyə torpaqları ilə yanaşı Bakının köhnə yaşayış massivi olan Yasamalda da eyni problem yaşanır. 100 ildən artıq yaşı olan yaşayış massivində 10 minlərlə fərdi həyət evləri var. Hər kəs bilir ki, bu torpaqlar əkin, biçin, otlaq üçün nəzərdə tutulmayıb. Bakının mərkəzi ərazisində yerləşən yaşayış massividir. Amma yenədə bu ərazidə yerləşən əmlakların çıxarışları yoxdur. Vətəndaşlar burada sadəcə qeydiyyatla yaşayırlar. Belə olduğu halda həm dövlət büdcəsi itirir, həm də vətəndaşın hüquqları itmiş olur. Vətəndaş əmlakının mülkiyyət hüququnu tanıda bilmir, yanlız qeydiyyata düşə bilir, mənzil sahibi vəfat etdiyi zaman isə vərəsələr arasında problem yaranır. Çıxarış olmadığı halda əmlaklar üçün vəsiyyətnamə qəbul olunmur, boşanma zamanı məhkəmə predmetinə çevrilə bilmir və bu kimi çoxsayda problemlər yaşanır”, - E.Fərzəliyev bildirib.

Ekspert hesab edir ki, bu səbəbdən dövlət budcəsi əlavə gəlirdən məhrum qalıb, çünki, sözügedən ərazidəki evlərin çıxarışı olduğu halda onlar əmlak vergisi ödəməlidir:

“Ən çox satılan evlər həmin sənədsiz evlərdir. Onlar da bir-birlərinə hər hansı yolarla evi ötürürlər. Yalnız çıxarış olduğu halda evin satışı zamanı hər kvadratmetrə görə, dövlətə vergi ödəyirlər. Amma təxminən 500 mindən çox əmlakın çıxarışı olmadığı üçün dövlət bunlardan yararlana bilmir”.

“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov vətəndaşlara bələdiyyə əsaslı sənədlə torpaq almağı tövsiyə etmir.

“Bələdiyyə əsaslı torpaqların bəzi yerlərində torpaq sürüşmələri, bəzi yerlərdə isə torpaq uyğunsuzluğu var. Əmlak Məsələləri Dövlət Xidməti bunu aradan qaldırır. Amma bu gün fərdi həyət evlərinin bir çoxunun sənəd problemi qalmaqda davam edir. Bəzi hallarda isə sənədlər düzgün tərtib olunmur və nəticədə mübahisəli hallar yaşanır”, - E.Azadov əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm