Enerji
Qlobal neft bazarında qeyri-müəyyən vəziyyət: Azərbaycanı nə gözləyir?
ABŞ prezidenti Donald Tramp ölkəsində enerji hasilatını maksimuma çatdırmaq niyyətindədir. Dünyada neft qiymətlərinin aşağı salınması üçün irəli sürülən bu fikir istiqamətində artıq müəyyən qərarlar da qəbul edilib. Trampdan öncəki prezident Co Bayden də getməzdən əvvəl OPEK-ə (Neft İxrac Edən Ölkələr Birliyi) tədarükləri artırmaq üçün təzyiq göstərirdi. Rusiya da öz növbəsində Çin və Hindistandan alışların azalması problemi ilə üzləşir ki, bu da qiymətlərə təsir edə bilər. İxracatçı ölkələrin bu gedişata verəcəyi reaksiya və qiymətlərin necə olacağı isə maraq doğurur.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevin fikrincə, sanksiyalar, ticarət müharibələri, tariflər, həm də ayrı-ayrı ölkələrin yürütdükləri pul siyasəti neft ixracatı ilə bağlı bitkin bir fikir söyləməyi çətinləşdirir:
“Bunlara baxmayaraq, ortada olan proqnozlara əsasən cari və gələn il neftə olan tələbatda artım müşahidə olunacaq. 2024-cü ildə gündəlik qlobal neft tələbatı təxminən 75 milyon barel idisə, bu ilin proqnozlarına görə, gündəlik 105.2 milyon barel olacaq. 2026-cı ildə isə bu rəqəm 106.7 milyona çatacaq.

Bazarın tənzimlənməsi məsələsində OPEK və mütəffiq dövlətlərin tutduqları mövqe tamamilə doğrudur. Çünki onların gündəlik hasilat siyasəti bazar tarazılığının saxlanmasına hesablanıb. ABŞ prezidenti Donald Trampın ixracatın artırılması ilə bağlı iddiası isə bazar tələblərinə ziddir.
Hətta ABŞ prezident administrasiyasının neft ixracatının artırılması ilə bağlı fikri yerli neft hasilatı şirkətləri tərəfindən qəbul edilməyəcək. Çünki ABŞ-ın aktivində olan neftin 86%-dən çoxu yüngül neftdir. Həmçinin bu neft aşağı oktan ədədlidir. Bu neftin də qlobal emal güclərində tələbi elə də yüksək deyil. Çünki həmin yüngül neft alınarsa, o orta və ağır neft ilə qarışdırılmalı, yenidən emal edilməlidir”.
Ekspert qeyd etdi ki, dünyada mövcud olan emal güclərinin 80%-i mürəkkəb konfiqurasiyalı neft emalı zavodlarıdır:

“Bu zavodlar yüngül neftlə işləmir. Həmin zavodlar benzin, avia kerosin, orta distilatlar olan dizel yanacağı və ağır distilatlar olan yanacaq mazotu və müxtəlif yağ fraksiyaları emal etməlidirlər. Yüngül neftdən isə bu məsulların hamısını almaq mümkün deyil. Bu baxımdan, ABŞ-ın aktivində olan neft yataqlarından, hasil edilən neft tələbat xaricində beynəlxalq müştəri bazarlarında qəbul edilməyəcək.
Hasilatın artırılması ilə bağlı iddialar isə qlobal enerji təhlükəsizliyinə və eyni zamanda qlobal neft təchizatında çox ciddi problemlər yarada bilər.
Məsələn, sanksiyalar sərtləşərsə Çindəki emal güclərinin bir hissəsi müəyyən bir faizdə fəaliyyət göstərəcək və ya emal icrası aşağı düşdüyünə görə ümumiyyətlə fəaliyyəti dayandırılacaq. Çünki Çin Xalq Respublikasındakı mövcud emal güclərinin dövlətə bağlılıqları yoxdur. Çinin müstəqil neft emalı zavodları əsasən Şandun əyalətində yerləşir və əsasən sanksiya altına alınmış neft həcmləri emal edirlər.

Həmçinin Çindəki emal güclərinin müstəqil neft emalı zavodlarının böyük əksəriyyəti Rusiya, İran və Venesueladan idxal etdikləri neft həcmləri ilə fəaliyyət göstərirlər. Hər üçü sanksiyalar altında olan ölkələrdir. Ona görə də əgər bu ölkələrin ixrac imkanları qarşıdakı aylarda məhdudlaşarsa, onda Çindəki neft emalı zavodlarının da normal fəaliyyəti təhlükə altına düşəcək.
Həmçinin Hindistandakı emal gücləri də ABŞ-ın sanksiyaları qarşısında Rusiya, İran və ya Venesuela neftindən imtina edərsə, onda bazarda kifayət qədər xoşagəlməz vəziyyət yaranacaq. Əgər neft qiymətləri kəskin ucuzlaşarsa, onda neft emalı zavodları da normal fəaliyyət göstərməyəcəklər. Çünki bazarda kifayət qədər neft tənzimləmələri formalaşacaq və xaos yaranacaq”.

Z.Vəliyev bildirdi ki, Azərbaycanın satış imkanları cari və qarşıdakı illərdə çox geniş perspektivdədir:
“Hazırda Rusiya və Qazaxıstanın həm Qaradəniz, həm də Baltik Dənizi üzərindən ixrac imkanları məhduddur. Əgər Rusiyaya qarşı sanksiyalar bundan sonra kəskinləşərsə, Qazaxıstanda da vəziyyət gərginləşəcək. Çünki Qazaxıstanın beynəlxalq ixrac qabiliyyətinin 80%-i Novorossiysk limanı üzərindən gerçəkləşir. Bu problemlər yaşanarsa, Azərbaycan neftinin həm Qaradəniz regionunda, həm də Aralıq Dənizinin enerji bazarlarında satış imkanları yüksək olacaq. Beləliklə qlobal bazarlardakı qeyri-müəyyən vəziyyət Azərbaycan neftinin satış imkanlarını genişləndirəcək”.
Roza Şəfiyeva
-
Magazin106:16"Nəvəmin adı "Məleykə" olsun istəyirəm"
-
Region00:15Hücumlar nəticəsində İranda ölənlərin sayı məlum oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI
-
Region18 Aprel 23:48"Mələy"in əri evə girən oğrunu silaha yaxaladı
-
Magazin118 Aprel 23:12Vado Korovinin qızının toyudur - VİDEO
-
Sosial18 Aprel 22:24Sumqayıtda FACİƏ - Futbol oynayarkən halı pisləşən gənc öldü
-
İdman18 Aprel 21:12Messi o ulduz futbolçunun yalanını belə gerçəyə çevirdi
-
Magazin118 Aprel 20:36"17 yaşımda verdiyim qərarın doğru olduğunu anladım"






































