İqtisadi gündəm
Ermənistanda qazın qiymətinin artmasının yaradacağı problemlər - TƏHLİL
Son dövrlərdə pandemiya ilə əlaqədar olaraq yaranan iqtisadi problemlər və daxili bazarda qazın qiymətinin artırılması ilə bağlı irəli sürülən təkliflər Ermənistanı Rusiya qazının qiymətindən narazı salır. Çünki qazın yüksək qiyməti iqtisadi problemlərin yaranmasına və sosial narazılığın artmasına yol açır. Buna görə də Ermənistan hökuməti qazın qiymətinin azalması istiqamətində Rusiya ilə danışıqlar aparmağa və müsbət nəticələr əldə etməyə çalışır. Lakin, bununla bağlı Rusiya fərqli münasibət göstərir və Ermənistan ilə əldə edilmiş razılığa əsasən qazı beynəlxalq bazarlarda formalaşan qiymətlər əsasında deyil siyasi qərara əsasında müəyyən edilmiş tarif əsasında satmaqda maraqlıdır. Ona görə də bu narazılığın formalaşma səbəblərini və mümkün nəticələrini nəzərdən keçirmək əhəmiyyətlidir.
2019-cu ilin yanvar ayında Rusiya Ermənistana satdığı təbii qazın topdan satış qiymətini 10% artıraraq hər min kubmetr üçün 150 ABŞ dollarından (bundan sonra dollar) 165 dollara qaldırdı. Halbuki qiymət artımından öncə Ermənistan hökuməti qiymətin azaldılması ilə bağlı danışıqların getdiyini bəyan edərək qiymətin azaldılacağına ümid edirdi. Lakin, tam əksi baş verdi. Bundan sonra 2019-cu ilin sonunda Rusiyanın enerji şirkəti “Qazprom” Ermənistana satılan qazın qiymətini 2020-ci ilin sonuna qədər artırmayacağını elan etdi. Qiymətin artdığını görən Paşinyan bəyan etdi ki, ölkə daxilində qaz siyasətinə edilən dəyişikliklər əhali üçün qazın qiymətinin artmasına imkan verməyəcəkdir. Bundan sonra qiymətin qalxmasına baxmayaraq “Qazprom”-Ermənistan (“Qazprom”un Ermənistandakı törəmə şirkəti) istehlak bazarı üçün qazın qiymətini dəyişməz saxladı.
Bu isə onun xərclərinin artmasına və maliyyə problemlərinin yaranmasına gətirib çıxardı. Nəticədə, 2020-ci ilin əvvəlindən etibarən daxili bazarda qazın qiymətinin artırılması ilə bağlı müzakirələrin aparılmağa başladı və Aprel ayının 1-də “Qazprom”-Ermənistan elan etdi ki, o daxili bazarda hüquqi və fiziki şəxslər üçün qaz tariflərinin dəyişdirilməsi üçün Ermənistanın Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasına (EDXTK) müraciət edəcəkdir və dəyişikliklərin iyulun 1-dən etibarən qüvvəyə minməsi təklifini irəli sürəcəkdir (istilik elektrik stansiyaları üçün isə avqustun 1-dən).
Bu isə bir il öncə Paşinyanın qiymətin artmayacağı ilə bağlı verdiyi vədin üzərində dura bilməməsi anlamına gəldi. “Qazprom”-Ermənistanın müraciətindən sonra EDXTK elan etdi ki, hazırda təklif nəzərdən keçirilir və iyunun 19-na qədər təklifin qəbul edilməsi və ya rədd edilməsi haqqında qərar verəcəkdir. Əgər EDXTK qiymət artımını təsdiqləməli olarsa bu Ermənistanda qazın qiymətinin orta hesabla 11% artması deməkdir. Bu isə onsuzda virusla əlaqədar olaraq əhali üçün yaranmış çətin iqtisadi vəziyyətin daha da pisləşməsinə səbəb olacaqdır. Bu məsələ ilə bağlı verdiyi müsahibədə Paşinyan qeyd etdi ki, pandemiyanın mövcud olduğu bir durumda “Qazprom”un qazın qiymətini artırmaq istəyi qəbuledilməzdir və o inanır ki, bu məsələdə Putin ona dəstək verəcəkdir. TƏHLİL 2 2 “Qazprom”-Ermənistan tərəfindən qaz qiymətlərinə dəyişiklik ilə bağlı irəli sürülən təkliflərdə əhalinin sosial baxımdan daha həssas olan və daha az həcmdə qaz istifadə edən (ildə 600 kubmetr) təbəqəsi üçün tətbiq edilən güzəştlərin aradan qaldırılması və bununla da onlar üçün qazın qiymətinin 35% artırılması (min kubmetr üçün qiymətin 200 dollardan 270 dollara qaldırılması) nəzərdə tutulmuşdur. Daha böyük həcmdə (ayda 10 min kubmetrdən çox) qaz istifadə edən istifadəçilər üçün isə qazın qiymətinin 2.2% azaldılması nəzərdə tutulur (bura daha çox istixana şirkətləri və emal sənayesində fəaliyyət göstərən şirkətlər aiddir). Ona görə də qaz qiymətində edilən dəyişikliklər daha çox böyük şirkətlər üçün faydalı olacaqdır və az gəlirli təbəqənin xərclərinin artmasına imkan yaradacaqdır.
Ümumiyyətlə, Ermənistanın enerji sektorunda və iqtisadiyyatında qaz istehlakı böyük paya sahibdir. Belə ki, Ermənistanda istehsal edilən elektrik enerjisinin 35%-i istilik elektrik stansiyalarında istehsal edilir ki, bu stansiyalar da qaz ilə fəaliyyət göstərir. Bundan başqa Ermənistanda avtomobillərin 80%-ə qədəri qazdan istifadə edir. Qaz qiyməti ilə bağlı təklif edilən dəyişikliklər həyata keçərsə, bu Ermənistan iqtisadiyyatına birbaşa təsir edərək onun rəqabətliliyinin azalmasına yol açacaqdır. Ən əsası isə pandemiya dövründə çətin iqtisadi duruma düşmüş sosial baxımdan həssas təbəqənin narazılığının artmasına səbəb olacaqdır.
Bunları nəzərə alaraq Ermənistan hökuməti “Qazprom” tərəfindən satılan qazın qiymətinin azaldılması istiqamətində fəaliyyətə başladı və bununla daxili bazarda qazın qiymətinin artmasının qarşısını almağa çalışır. Bu məqsədlə 2020-ci il martın 31-də Ermənistan hökuməti “Qazprom”a Ermənistan üçün müəyyən edilən qaz tariflərinin aşağı salınması ilə bağlı məktub göndərdi. Məktubda qeyd edilmişdir ki, hazırda dünya bazarlarında neftin qiyməti aşağı olduğundan onun qiyməti ilə birbaşa bağlı olan qazın qiyməti də aşağı düşmüşdür və bu da Ermənistana satılan qazın qiymətinin də aşağı salınmasına imkan yaratmalıdır. Qiymətin azaldılması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən digər arqument isə ondan ibarətdir ki, koronavirusun yaratdığı iqtisadi geriləmə Ermənistanda qaza olan tələbin azalmasına səbəb olmuşdur ki, bu da qaz satışının azalmasına yol açmışdır. Yalnız qiymətlərin azaldılması satış həcmlərinin bərpa edilməsinə imkan yarada bilər. Məktuba cavabda isə “Qazprom” bildirmişdir ki, onlar bu məsələni diqqətdə saxlaycaqdır və probelemin həlli ilə bağlı növbəti danışıqlar hökumətlər səviyyəsində aparılacaqdır. Bundan bir həftə sonra 6 aprel tarixində Ermənistanın baş naziri Paşinyan Rusiya Prezidenti Putinə zəng etdi. Ermənistan hökumətinin məlumatına əsasən telefon danışığında iki ölkənin rəhbərləri koronavirusun yayılması ilə bağlı yaranan iqtisadi vəziyyətlə əlaqədar olaraq Ermənistana dəstək verilməsi üçün qazın qiymətinin aşağı salınması məsələsini müzakirə etmişdir. Rusiya tərəfinin telefon danışığı ilə bağlı verdiyi rəsmi məlumatda isə qeyd edilir ki, iki ölkə rəhbəri arasında ölkələrin virusla mübarizə istiqamətində atdığı addımlar müzakirə edilmiş və Paşinyan Putinə virusla mübarizə üçün Rusiyanın verdiyi dəstəyə görə təşəkkür etmişdir. Qaz probleminin müzakirəsi ilə bağlı isə demək olar ki, məlumat verilməmişdir. Rusiya bu şəkildə rəsmi münasibət bildirməklə qazın qiymətində Ermənistana güzəştə getmək fikrində olmadıqlarına işarə etmiş oldu.
Rusiyanın qazı Ermənistana müəyyən edilmiş sabit tarif əsasında satmasının nəticəsidir ki, hazırda Rusiya Avropaya hər min kubmetr təbii qazı 60 dollar ətrafında satdığı halda Ermənistana 165 dollara satır. “Qazprom”-Ermənistan isə daxili bazarda hər kub metr qazı orta hesabla 290 dollar ətrafında satır. Buna görə də Ermənistanda Rusiyadan qaz alışı ilə bağlı əldə edilmiş razılaşmaya dəyişikliyin edilməsi və sabit qiymət mexanizmindən bazar qiyməti mexanizminə keçid müzakirə edilməkdədir. Lakin, nəzərə almaq lazımdır ki, hazırda pandemiyanın təsiri ilə qazın qiymətinin aşağı olmasına baxmayaraq sonradan onun qiymətinin əsaslı 3 3 formada artması və 165 dolları ötməsi də mümkündür. Lakin, post-pandemiya dövründə yaranacaq iqtisadi problemlər qazın qiymətinin kəskin artması üçün şərait yaratmayacaqdır. Bu baxımdan bazar qiyməti mexanizminə keçid yaxın illərdə Paşinyan hökuməti üçün faydalı ola bilər. Bundan başqa Ermənistan valyuta məzənnələrində baş verən dəyişikliyin qazın qiymətinə təsirini azaltmaq üçün Rusiyaya qazla bağlı ödənişləri milli valyutada və ya rus valyutasında etmək istəyir. Post-pandemiya dövründə valyutalarda dalğalanmaların uzun müddət davam edəcəyini nəzərə alsaq o zaman bu ödənişlərin Ermənistan tərəfindən təklif edilən formada ödənilməsi Ermənistan üçün faydalı olar. Ermənistan tərəfindən bu fikirlərin səsləndirilməsinə baxmayaraq “Qazprom” hələ ki, heç bir reaksiya verməyib.
Bu məsələ ilə bağlı mütəxəssislər tərəfindən belə fikir səsləndirilir ki, əgər Rusiya ilə Ermənistan bazar qiyməti mexanizminə keçid üçün razılıq əldə edərsə “Qazprom” qiymətin azalmasına razı ola bilər. Belə bir fikrin səsləndirilməsinə və Ermənistanın bu istiqamətdə etdiyi cəhdlərə baxmayaraq Rusiyanın bu təklifi qəbul etməsi inandırıcı deyil. Çünki bu Rusiyanın strateji maraqlarına xidmət etmir. Səsləndirilən digər fikir isə ondan ibarətdir ki, Avrasiya İqtisadi Birliyi çərçivəsində Rusiyadan daha ucuz qazın alınmasına çalışan üç ölkə Belarusiya, Ermənistan və Qırğızıstan birlikdə fəaliyyət göstərərsə o zaman qiymətin azaldılmasına nail ola bilərlər. Lakin, burada da Rusiyanın siyasi maraqları ön plana keçir və Rusiya hər bir ölkəyə öz maraqları çərçivəsində yanaşaraq qaz siyasətini aparır. Məsələn, Rusiya Belarus və Ermənistan ilə siyasi problemlər yaşadığından onlara qaz qiymətində güzəşt etmək istəmədiyi halda öz təsirini artırmağa çalışdığı Gürcüstana qazın 15% daha ucuz satılmasına razılaşmışdır.
Təsadüfi deyildir ki, qaz məsələsi Avrasiya İqtisadi Birliyinin (AİB) Ali Şurasının may ayında keçirilən virtual iclasında da müzakirə edilmişdir. İclasda “2025-ci ilə qədər Avrasiyada İqtisadi İnteqrasiyanın İnkişafı Proqramı”-nın qəbul edilməməsində Belarusiya və Ermənistanın qaz tarifləri ilə bağlı təklif edilən formulanı qəbul etməməsi də əsaslı rol oynamışdır. Ermənistan və Belarus ittifaq daxilində qazın nəqliyyatı və tranzit xidmətləri ilə bağlı vahid tarifin tətbiq edilməsinin tərəfdarı olsalar da bu Rusiya tərəfindən qəbul edilməmişdir. Bu barədə danışan Putin qeyd etmişdir ki, bunun üçün ittifaq daxilində vahid gömrük və büdcə sistemlərinin formalaşdırılmasına ehtiyac vardır. Hələlik belə dərin inteqrasiya əldə edilmədiyindən bu təklifin həyata keçirilməsi qeyri-mümkündür. Bundan əlavə Putin qeyd etmişdir ki, əgər bu baxımdan Ermənistan və Belarus öz mövqelərini dəyişməsələr bununla bağlı bəndin proqramdan çıxarılması daha düzgün olar. Bununla da Rusiya göstərmişdir ki, o qaz qiymətləri ilə bağlı güzəştə getmək fikrində deyil.
Hazırda Ermənistan üçün Rusiya qazına alternativ mənbə tapmaq demək olar ki, mümkün deyil. Ermənistan üçün Rusiyadan qaz asılılığını azaltmağın yeganə yolu İrandan qaz alışının artırılması ola bilər. Hazırda Ermənistan İrandan barter prinsipi əsasında qaz idxal edir. Lakin, idxal edilən qazın həcmi azdır. Əvəzində isə Ermənistan İrana hər kubmetr qaz üçün 3 kilovat elektrik enerjisi ixrac edir. Əgər Ermənistan İrandan qaz ixracını artırarsa bu Rusiya ilə İran münasibətlərinə mənfi təsir edə bilər. Ona görə İran buna razı olmaz.
Digər tərəfdən isə bu məsələ Ermənistana böyük həcmdə yardım ayıran ABŞ-ın maraqlarına xidmət etməyəcəkdir. İrana qarşı sanksiya tətbiq edən ABŞ üçün Ermənistanın belə addım atması arzuolunan deyildir. Bunun nəticəsidir ki, ötən illər ərzində İranla qaz alışının artırılması ilə bağlı heç bir danışıq aparılmamışdır. Alternativ enerji mənbələrinin inkişafı istiqamətində isə Ermənistanda müxtəlif layihələr həyata keçirilsə də bu sahənin sürətlə inkişaf etdirilməsi üçün maliyyə və infrastruktur imkanları çox zəifdir. Bütün bunlar onu göstərir ki, hazırda Ermənistan üçün qaz alışında alternativ yoxdur və yaxın gələcəkdə Rusiya qazına alternativ mənbənin formalaşacağını gözləmək olmaz.
Qazın qiymətinin azaldılması istiqamətində Ermənistan hökumətinin cəhdlərinə Rusiyanın göstərdiyi münasibət onu deməyə əsas verir ki, Rusiyanın Ermənistana satdığı qazın qiymətini azaltmaq niyyəti yoxdur və hətta 2020-ci ildən sonra qazın qiyməti artırıla bilər. Belə niyyətin olmadığını istər “Qazprom”un Ermənistana cavabı, istər Paşinyan və Putin arasında baş tutmuş telefon danışığı ilə bağlı Rusiyanın rəsmi məlumatı, istərsə də AİB-də qazın nəqliyyat xərclərinin azaldılmasına Putinin münasibəti sübut edir. “Qazprom”-Ermənistanın təklif etdiyi dəyişikliklər isə əsasən Ermənistanda sosial baxımdan həssas olan təbəqənin xərclərinin artmasına yönəldilmişdir. Qazın Ermənistan iqtisadiyyatında rolunun böyük olması belə dəyişikliyin ciddi sosial-iqtisadi narazılıqla qarşılanmasına səbəb olacaqdır. Paşinyanın hakimiyyətə gəlməsində məhz bu təbəqənin rolu böyük olmuşdur. Bir çox sosial və iqtisadi problemlərdən bezmiş bu təbəqə 2018-ci ildə baş tutmuş nümayişlərə qoşularaq Paşinyanın hakimiyyətə gəlməsində həlledici rola malik oldu. İndi isə həmin təbəqə üçün qazın qiymətinin artması sosial gərginliyin əsaslı formada artmasına yol aça bilər.
Meydandan hakimiyyətə gələn biri kimi Paşinyan xalqa arxalanmaqla özünün siyasi məqsədlərinə nail olmağa çalışır. Ona görə də qazın qiymətinin artması ölkə daxilində Paşinyana olan inamın azalmasına və onun bacarıqsız lider obrazının formalaşmasına gətirib çıxaracaqdır. Iqtisadi baxımdan isə qazın qiymətinin artımı Ermənistan hökumətini əhalinin artan xərclərini öz resursları hesabına kompensasiya etmək məcburiyyətində qoyacaqdır. Bu isə əlavə maliyyə vəsaitlərinin iqtisadiyyata yönəldilməsini tələb edəcəkdir. Ermənistanın maliyyə resursları az olduğundan iqtisadiyyatın maliyyələşdirilməsini artırmaq üçün xarici borclanmaya getməli olacaqdır.
Onsuz da pandemiya dövründə yardım proqramlarının həyata keçirilməsi və yaranacaq büdcə kəsrinin maliyyələşdirilməsi üçün Ermənistan borc götürməyə məcburdur. Qaz qiymətinin yaradacağı iqtisadi problemləri aradan qaldırmaq üçün Ermənistan götürəcəyi borcun həcmini artırmalı olacaqdır. Bu isə xarici dövlət borcunun əsaslı formada artmasına yol açacaqdır.
Orxan Bağırov, BMTM-in aparıcı məsləhətçisi
Yazıda əks olunmuş fikirlər müəlliflərə məxsusdur və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mövqeyini əks etdirməyə bilər
-
Hadisə20:30
Lalə Azərtaşın komandasına balta ilə hücum etdilər - VİDEO
-
Nida Xəbər 20:10
Təyyarə qəzasına görə növbəti iclas keçirildi - Foto
-
İdman19:30
Futbolçuların həbs olunması ilə bağlı xəbərlərə DİN-dən REAKSİYA - YENİLƏNDİ
-
Sosial17:17
Təyyarə qəzasının səbəbi açıqlandı - RƏSMİ
-
Sağlamlıq16:43
Xərçəngin bu növünə qarşı yeni dərman tapıldı
-
Rəsmi xronika16:18
İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi
-
Qoroskop15:52
Məşhur astroloq bürclərə xəbərdarlıq etdi: 3 gününüz var
-
MDB15:45
Təyyarənin Qroznıya enməsinə niyə icazə verilməyib? - Rusiyadan rəsmi cavab