Qiymət artımı kənd təsərrüfatı məhsullarının dəyərinə təsir edəcək? - Deputat AÇIQLADI
Bizi izləyin

İqtisadi gündəm

Qiymət artımı kənd təsərrüfatı məhsullarının dəyərinə təsir edəcək? - Deputat AÇIQLADI

“Dizel yanacağının qiyməti xüsusən də iki sektorda xərclərə birbaşa təsir göstərir. Bunlardan birincisi kənd təsərrüfatıdır. Nəzərə alaq ki, kənd təsərrüfatında istifadə edilən texnikanın əhəmiyyətli hissəsi dizel yanacağından yararlanır. Digəri isə ictimai nəqliyyat da daxil olmaqla ümumi nəqliyyatdır. Bu baxımdan dizel yanacağının qiymətindəki artımdan sonra hər iki sektor üzrə dəstək paketinin genişləndirilməsi gözlənilir”.

Bu sözləri Publika.az-a danışan millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, il yeni başlayır və bunun üçün də kənd təsərrüfatında subsidiyaların məbləğinin yenidən hesablanması və artırılması mümkündür: “Bu baxımdan təklif edirik ki, aqrar sektorda 2021-ci il üçün subsidiyaların məbləği hesablanan zaman dizel yanacağındakı qiymət artımı nəzərə alınsın və həmin artımdan yaranan fərq nəzərə alınmaqla subsidiya məbləği hesablansın. Bu zaman artıq dizelin qiymətinin artmasının kənd təsərrüfatı məhsullarının dəyərinin artmasına təsirlərini minimumlaşdırmaq mümkün olacaq. Subsidiya məbləğinin artırılması nəticə etibarilə imkan verəcək ki, aqrar sektorda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətindəki potensial artımın qarşısı alınsın və qiymətlərdəki stabilliyi qoruyub saxlamaq mümkün olsun”.

V.Bayramov qeyd edib ki, hökumət ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan sahibkarlar üçün dəstək mexanizmi hazırlayır: “Təbii ki, bu dəstək mexanizmində də dizel yanacağının qiymətinin artmasından yaranan fərqin nəzərə alınması və buna uyğun olaraq ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi dəstəyin nümayiş etdiriləcəyi gözlənilir. Bu da çox mühümdür. Bu, həmçinin ictimai nəqliyyatda fəaliyyət göstərən sahibkarların xərclərinin optimallaşdırılması baxımından əhəmiyyətlidir. Artıq rəsmi olaraq məlumatlar yayıldı ki, ictimai nəqliyyatda qiymət artımı gözlənilmir və bununla bağlı rəsmi müraciət yoxdur”.

Deputatın sözlərinə görə, bu cür qiymət artımlarının psixoloji tərəfləri olur və buna görə də yaxşı olardı ki, istehlak bazarında monitorinqlər gücləndirilsin: “Xüsusilə də süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi çox vacibdir. Çünki dizel və benzinin qiymətinin artmasının təsir etmədiyi sektorlarda süni şəkildə qiymət artımının baş verməməsi üçün monitorinqlərin gücləndirilməsinə ehtiyac var. Təbii ki, bu monitorinqlər vasitəsilə hansı məhsulların xərclərinə qiymət artımının təsir etdiyini və hansılarına təsir etmədiyini müəyyənləşdirmək mümkündür. Bu da təbii olaraq bazarda süni qiymət artımının qarşısını ala bilər”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm