Nur-Sultanda "Azərbaycan Ticarət Evi" açıldı
Bizi izləyin

İqtisadi gündəm

Nur-Sultanda "Azərbaycan Ticarət Evi" açıldı

Qazaxıstanın paytaxtı Nur-Sultanda “Azərbaycan Ticarət Evi”nin açılış mərasimi keçirilib. Bununla əlaqədar təşkil olunmuş tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri iştirak ediblər.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığının icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış “Azərbaycan Ticarət Evi” “Made in Azerbaijan” brendinin Qazaxıstan bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, Nur-Sultanda satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, 28 May - Respublika Günü ərəfəsində keçirilən bu əlamətdar hadisə iki ölkə arasında iqtisadi, ticari münasibətlərin bundan sonra da mökəmlənməsində böyük rol oynayacaq. Bu Qazaxıstanda açılan ilk ticarət evidir. Qazaxıstan ərazisində bundan sonra da ticarət evlərinin açılması davam edəcək.

Onun sözlərinə görə, Ticarət evinin açılmasında həm qazaxıstanlı istehlakçılar, həm də Azərbaycan istehsalçıları maraqlıdır. Azərbaycan hökuməti tərəfinidən bu əlaqələrin qurulmasına və Qazaxıstanda yaradılan müəssisə və təşkilatların fəaliyyətinə lazımi yardım göstərilir və gələcəkdə də kömək göstəriləcək.

Səfirin sözlərinə görə, Azərbaycan investorları Qazaxıstanda bir sıra mühüm layihələrin icrasında iştirakçı qismində çıxış edirlər. Bunların sırasına fabriklərin inşası, xidmət şirkətlərinin yaradılması, neft və qaz-kondensat yataqlarının işlənməsi daxildir.

Hazırda Aktauda transformator zavodu tikilir. Bu yaxınlarda isə Azərbaycan sahibkarları tərəfindən Qazaxıstanda boya istehsalına start verilib.

Qazaxıstan Energetika nazirinin müavini Aset Maqauov “Azərbaycan Ticarət Evi”nin fəaliyyətə başlamasının ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm addım olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Azərbaycan Ticarət Evi”nin açılması iki ölkə arasında işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə də öz töhfəsini verəcəkdir.

Mərasimə onlayn qatılan “Caspian Energy Club” şirkətinin sədri və baş icraçı direktoru Telman Əliyev bildirib ki, “Azərbaycan Ticarət Evi”nin açılması iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcək.

Daha sonra ticarət evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə Azərbaycan şirkətlərinin istehsal etdiyi çay, mürəbbə, meyvə şirələri, mineral sular, konserv məhsulları, qənnadı məmulatları, kosmetik məhsullar və sair nümayiş olunur.

Bundan başqa ticarət evində Azərbaycanın zəngin mətbəxini təqdim edən “Dolma”restoranı da fəaliyyət göstərir.

Qazaxıstanda açılan “Azərbaycan Ticarət Evi” ölkəmizin xaricdə yaradılmış sayca 8-ci ticarət evidir.

Qeyd edək ki, gələcəkdə sözügedən ticarət evinin Qazaxıstanın müxtəlif bölgələrində, Aktau və Almatıda filial şəbəkəsinin genişləndirilməsi sahəsində danışıqlar aparılır və tezliklə açılması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm