Rusiya Avropanı qazsız qoyacaq? - Ekspert AÇIQLADI
Bizi izləyin

İqtisadi gündəm

Rusiya Avropanı qazsız qoyacaq? - Ekspert AÇIQLADI

Son günlər neftin qiyməti sürətlə qalxmaqdadır. Əksər ekspertlər hesab edir ki, bu artım Rusiya-Ukrayna və Polşa-Belarus arasındakı proseslərlə bağlıdır.

Bəs Azərbaycan neftinin qiymət artımı nədən asılıdır?

Enerji məsələləri üzrə ekspert İlham Şaban Publika.az-a müsahibəsində deyib ki, bu il neftdən gələn gəlirlərimiz ötən illə müqayisədə 2,2 milyard ABŞ dollarından da artıq ola bilər.

- İlin sonuna qədər neftin dünya bazar qiymətləri 80 dolları keçə bilərmi?

- Neftin dünya bazar qiymətinin 80 dollara yüksəlməsi bir neçə amildən asılı ola bilər. Hələ ki, həftənin əvvəlidir. Ötən həftənin cümə gününün hərracında, günün ikinci yarısında qiymətlər 75 dolları keçə bildi. Neftin qiymətlərinin indiki artımı onun əsas “driver”i, onu altdan üzüyuxarı aparan qüvvə mavi yanacağın qiymətinin artmasıdır.

- Mavi yanacağın qiymətinin birdən-birə artmasının səbəbi nədir?

- İndi qiymətlərin üzüyuxarı böyük addımlarla irəliləməsinin 2 səbəbi var. Birinci səbəbi Avropada anons edilən soyuq qışla əlaqədardır. Mərkəzi, Şimali Avropada, o cümlədən Rusiyanın Avropa hissəsində soyuq hava kütlələri özünü göstərməkdədir. Yəni oralarda havalar kifayət qədər soyuq keçir. Rusiyada, Finlandiya, İsveç və Norveçdə hazırda temperatur mənfi 15-20 dərəcədir. Bu da istər-istəməz mavi yanacağa tələbatı artırır. İkincisi, Almaniyanın yeni hökuməti Avropada özünü bəyanatları ilə göstərməyə başlayıb. Almaniyanın yeni xarici işlər naziri bəyan etdi ki, “Şimal axını-2” layihəsi indiki şəraitdə istismara verilə bilməz. Ona görə ki, Avropa qanunvericiliyi və qaydaları ilə bunun baş verməsi mümkün deyil. Yəni Almaniyanın ərazisində lisenziyalaşdırma məsələsi (kəmər Baltik dənizinin altı ilə gələrək Almaniya ərazisinə daxil olur) var. Oradan qazın keçməsi üçün hansısa şirkət texniki işlər aparmalıdır. Onun bütün Avropa standartlarına uyğun istismarı ilə bağlı araşdırma aparmalı və ona qol çəkməlidir. Bu da Avropa Komissiyasının müvafiq qurumuna təqdim olunmalıdır. Məhz bundan sonra layihənin təhlükəsiz şəkildə qəbul edilməsi istehlakçılar tərəfindən həyata keçirilməlidir. Bu da bazar iştirakçıları arasında məyusluqla qarşılandı. Soyuq hava, qarşıdan da qış gəlir. Rusiyadan Avropa bazarına əlavə həcmlərin gəlməsinin müəyyən problemlərlə üzləşməsi mümkündür. Ona görə də bu, hərraclarda qaza tələbatı artırır. Hazırda gələn ilin fevral ayının qazı satılır. Niderland birjasında bu gün imzalanan müqavilə sabah həyata keçirilir. Müqavilələr 1, 3 günlük, 1 həftəlik, 1 və 3 aylıq imzalanır. Həmin müddətdə razılaşdırılmış həcmləri götürmək mümkündür. Yəni hazırda bu sadaladıqlarımdan dolayı qiymətlərdə bir təlatüm yaranıb.

- Bəs bu artım tendensiyası nə vaxta kimi davam edəcək?

- Nə qədər ki, birjalara müsbət informasiya daxil olmayıb, hesab edirəm ki, biz sabah 1500-ə qədər artımı da görə bilərik. O zaman qazın qiymətinin artımı neftin qiymətini də öz arxasınca dartıb apara bilər.

- Ukrayna-Rusiya, Belarus-Polşa arasındakı münasibətlər neftin qiymətinə hansı formada təsir göstərir?

- Bu proseslərdə Polşa və Belarus arasında baş verənlər, eləcə də Ukrayna və Rusiya arasındakı münasibətlər, o cümlədən Qərblə Rusiya arasındakı siyasi ab-havanın gərginliyi enerji daşıyıcılarında, onun qiymətində öz əksini tapır. Bütün bunlar da bahalaşma mənzərəsini yaradır.

- Azərbaycan neftini qiymət artımında hansı mənzərə gözləyir?

- Azərbaycan neftinin qiyməti birjalarda müəyyənləşmir. Bizim nefti adətən alıcılar qiymətləndirirlər. Azərbaycan “qara qızılı”nın qiyməti daha çox “Brent” markalı neftə bağlıdır. Onun qiymətinin artması avtomatik olaraq bizim neftin qiymətinə təsir göstərir. Sadəcə olaraq “Ceyhan”da və “Supsa” limanında ona olan tələbatla bağlı müəyyən korrektələrlə alıcı-satıcı arasındakı sövdələşmələrlə qiymət müəyyənləşir.

- Qiymət artımının bizə xeyri nədir?

- Biz ilk olaraq Azərbaycan Dövlət Neft Fondunun dekabrın 1-nə olan “Azəri-Çıraq-Günəşli”dən götürdüyü mənfəətə baxaq. Bu rəqəmlər 5,2 milyard dolları keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə gəlirlərimiz 46% artıb. Buna baxmayaraq, “Azəri-Çıraq-Günəşli”də hasilatda bütün ilboyu azalma davam edib. Yəni neftin qiymətinin dünya bazarında yüksək olması Azərbaycan üçün kifayət qədər önəmli faktordur. 2020-ci ildə orta qiymət 41,3 dollar oldu. Söhbət Azərbaycan neftinin ümumi ixrac qiymətindən gedir. Nəticədə Azərbaycan “Azəri-Çıraq-Günəşli”dən cəmi 3,5 milyard dollar mənfəət əldə etdi. Ancaq indi 11 ay ərzində 5,2 milyard dollardan artıq mənfəət əldə etmişik. Deməli, ilin sonuna qədər bu rəqəmlər 5,5 milyard dolları keçə bilər. Yəni biz ötən illə müqayisədə 2,2 milyard dollar və ya daha çox qazanc əldə edəcəyik. Baxmayaraq ki, hasilatımız azalıb. Ona görə də bazardakı qiymət bizim üçün çox önəmlidir. Beləliklə, büdcə ödəmələri - ödənilən mənfəət vergilərinin məbləği də artır. Bir məsələni də deyim, 2020-ci ildə hasilatın pay bölgüsü çərçivəsində büdcəyə 600 milyon manatdan bir qədər artıq ödənişlər olmuşdu. Cari ildə isə büdcəyə 1 milyard manatdan artıq ödənişlər proqnozlaşdırılır. Digər tərəfdən, gəlirin daha çox gəlməsi hökumətə imkan verir ki, iqtisadi baxımdan çox çətin bir zamanda manevr imkanlarını artırsın. Yəni 3 milyarddan artıq büdcə kəsiri var. Beləliklə, əlavə tədbirlərə əl atmadan neftin yüksək qiymətləri hesabına ötməyə nail olunur.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm