İqtisadi gündəm
Mərkəzi Bank pul siyasətini dəyişir - dəyişikliyi doğuran zərurət
Elman Sadıqov: “İnflyasiya təzyiqi artarsa, Mərkəzi Bank bu tədbirlər vasitəsilə banklardan pulu çəkə biləcək”
Bir gün öncə Azərbaycan Mərkəzi Bankı açıqladı ki, sentyabrın 1-dən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılır. Məlumatda deyilir ki, daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətləri işə salınıb, açıq bazar əməliyyatlarının (Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidi isə genişləndirilib.
Burada söhbət ondan gedir ki, Mərkəzi Bank 1 günlük depozit və əks-repo əməliyyatlarının aparılmasına başlayır. 1 günlük depozit əməliyyatları üzrə faiz dərəcəsi faiz dəhlizinin aşağı həddinə (4%), 1 günlük əks-repo əməliyyatları üzrə faiz dərəcəsi isə faiz dəhlizinin yuxarı həddinə (9.25%) bərabərdir. 1 günlük əks-repo son dəfə 2007-ci ildə tətbiq edilib. Əməliyyat illik 16% olmaqla 11 milyon manat həcmində olub. 14 və 28 günlük verilən depozit əməliyyatları isə 2021-ci ildən dayandırılıb.
Bundan başqa, sterilizasiya məqsədilə 7 günlük repo və əks-repo hərracları da keçiriləcək. Repo əməliyyatları üzrə faizlər faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (4%-7.75%), 7 günlük əks-repo əməliyyatları üzrə faizlər isə uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi (7.75%-9.25%) arasındakı intervalda müəyyənləşəcək.
Mərkəzi Bankın bu addımının kökündə nə dayanır? Ölkədə pul siyasətinin dəyişdirilməsi bizə nə kimi dividentlər verəcək?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Elman Sadıqov “Yeni Müsavat”a bildirdi ki, faktiki olaraq Azərbaycanda aktiv pul bazarı indiyə kimi olmayıb: “Pul bazarı banklara öz likvidliklərini günbəgün, operativ şəkildə idarə etmək imkanı verən bir vasitədir. Bu olmadığı üçün də banklar çox ehtiyatlı siyasət yürüdürdülər. Bəzi hallarda likvidliklərdə müəyyən çətinliklər yaranırdı. Hazırda bütün dünyada inflyasiya dövrüdür. Mərkəzi Bank özünün pul kredit siyasətində manevr imkanlarını daha da artıran bir siyasət formalaşdırır.
“Pul-kredit siyasətinin əsas məqsədi sterilizasiya olarsa...”
Birincisi, bir günlük depozit əməliyyatları edir. Bir günlük əks-repo əməliyyatları edir. Bu nə deməkdir? Banklar əllərində olan vəsaitləri bir-iki gün müddətinə Mərkəzi Banka depozit verə bilərlər. Banklarda çoxlu likvid vəsaitlər var. Əslində bu likvid vəsaitlər bu gün iqtisadiyyata yönəlmir, bankların özünə də zərərə yol açır. Çünki həmin likvid vəsaitlərin qarşılığında banklar depozit faizləri verirlər. Bu səbəbdən də banklar əllərində olan vəsaitlərdən pul qazanmadıqları üçün ya riskli əməliyyatlara yol verirlər, ya da heç bir əməliyyat etmədikləri üçün banklarda müəyyən gərginlik yaranır. Bu həm də əlavə pul vəsaitlərinin istifadəsiz qalması deməkdir.
Ona görə Mərkəzi Bank bir günlük əks-repo əməliyyatları ilə həmin vəsaitləri banklardan cəlb edir, ya depozit, ya da əks-repo əməliyyatları şəklində. Bu, nəticə etibarilə həm də bir sterilizasiya tədbiridir ki, banklarda olan artıq likvidliyi Mərkəzi Bank normal şəkildə tənzimləyə bilsin. Digər tərəfdən, hazırda Mərkəzi Bankın özünün 1, 3, 6 və 9 aylıq notları var. Bu notları banklar alır və saxlayırlar. Həmin notlar vasitəsilə bildirilir ki, repo-hərracları keçiriləcək. Təəssüf ki, bizdə qiymətli kağızlar bazarı inkişaf etmədiyi üçün həmin notları günbəgün repo-əməliyyatları ilə nağdılaşdıra bilmirlər.
Repo-əməliyyatları nədir? Əlinizdə qiymətli kağız var, həmin qiymətli kağızı girov qoyub vəsait cəlb edirsiniz. Yaxud əksinə. Mərkəzi Banka vəsait qoymaq olar, bank notları verə bilər, bu şəkildə banklar öz likvidliyini tənzimləyə bilər. Qısaca desək, Mərkəzi Bankın mövcud pul siyasəti əslində nəyə yönəlib? Birincisi, banklardakı likvidliyin tənzimlənməsinə, ikincisi sterilizasiya əməliyyatlarının artırılmasına, yəni ölkədə inflyasiya təzyiqi artarsa, Mərkəzi Bank sentyabrın 1-dən etibarən qüvvəyə minəcək bu tədbirlər vasitəsilə banklardan pulu çəkə biləcək.
Üçüncü, bankların özlərində artıq pul vəsaitləri müəyyən gəlir qazansın. Yəni kassada qalan pul banka vəsait qazandırmır, gəlir gətirmir. Amma onu bir günlük depozit qoymaqla bank həm həmin vəsaitdən faydalana bilir, həm də öz likvidliyini rahat şəkildə tənzimləyə bilir".
İqtisadçının sözlərinə görə, faiz dərəcələrinin aşağı və yuxarı hədləri də müəyyən olunub: “Sentyabrın 1-dən etibarən faiz dəhlizinin aşağı həddi 4 faizdir. Bu da önəmli bir dəyişiklikdir. Yəni banklardan cəlb olunacaq vəsaitlər 4 faizlə, yəni aşağı hədd tətbiq olunacaq. Banklara verilən vəsaitlərə isə faiz dəhlizinin yuxarı həddi tətbiq olunacaq. Yəni əsas pul siyasəti dəyişməsi dedikdə bunları nəzərdə tuturuq. Burada da əsas məqsəd Mərkəzi Bankın ölkənin pul siyasətindəki rolunu daha da artırmaq, pul bazarı olmaması boşluğunu doldurmaq, daha aktiv və daha çevik (flexible) pul siyasəti yürütmək, dövriyyəni daha da yüksəltmək, daha əsnək sterilizasiya tədbirlərinin keçirilməsi üçün imkanları artırmaqdır.
Eyni zamanda bankların likvidliyinin daha səmərəli şəkildə idarə olunmasıdır. Faktiki olaraq yeni siyasətin əsas məğzi bundan ibarətdir ki, pul siyasəti daha çevik olsun, dövriyyə artsın, banklarla Mərkəzi Bank arasında daha aktiv əlaqələr olsun. Bir də inflyasiya ilə bağlı məsələlərdə Mərkəzi Bankın rolunun artmasıdır".
Ekspert diqqət edilməli vacib məqama toxunub: “İnflyasiya təzyiqini boğmaq üçün əgər sərt pul-kredit siyasətinə getsək və pul-kredit siyasətinin əsas məqsədi sterilizasiya olarsa, bu yanlış ola bilər. Niyə? Çünki hazırda ölkəmizdə baş verən inflyasiya təkcə tələb əsasında olan inflyasiya deyil. Yəni bu qiymətlərin artması - ”əhalinin əlində çoxlu pul var, tələb artıb, təklif aşağı olduğu üçün qiymətlər artır" demək deyil. Bu, daha çox idxal inflyasiyası və üstəgəl bir neçə subyektiv amil əsasında formalaşan inflyasiyadır.
Subyektiv amil dedikdə bəzi iş adamlarının vəziyyətdən istifadə edərək xüsusilə xidmət sektorunda qiymətləri daha da artırması nəzərdə tutulur. Əgər idxal inflyasiyasıdırsa, təklif inflyasiyasıdır. Yəni istehsal olunan məhsullarda özünü göstərir, xaricdə istehsal olunan materialların qiymətində artım varsa, ölkədə mütləq öz əksini tapır. Belə bir inflyasiyanı monetar siyasətlə tənzimləməyə çalışmaq əks nəticələr verə bilər. Həm iqtisadiyyatı boğa bilər, həm də ölkədə pul kütləsini süni şəkildə azaldılması nəticə etibarilə digər problemlərin yaranmasına səbəb ola bilər. Əslində 1 sentyabrdan etibarən yaranmış yeni siyasət təqdirəlayiqdir. Burada əsnəklik artacaq. Mərkəzi Bankın digər banklarla əlaqəsi daha da güclənəcək. Amma bu siyasəti məhz sterilizasiya tədbirlərinə yönəltmək, tam olaraq daraldıcı siyasətə çevirmək iqtisadiyyatda əks-effekt verə bilər. Bu risk var. Çünki mövcud inflyasiya ənənəvi inflyasiyalardan fərqlidir. Bu daha çox təklif inflyasiyasıdır ki, özünü idxalda daha çox büruzə verir. İnflyasiyanı daraldacaq monetar siyasətlə boğmağa çalışmaq iqtisadiyyatın daralması və müəyyən gərginliyin yaranmasına səbəb ola bilər. Burada fərqli tədbirlər görülməlidir".
Qeyd edək ki, Mərkəzi Bank qısamüddətli pul bazarının müxtəlif seqmentlərində faizlərin kəskin dəyişkənliyinə yol vermədən banklararası faizləri mərhələlərlə faiz dəhlizinə yaxınlaşdırmaq hədəfini qarşıya qoyub. Makroiqtisadi durum və banaklararası bazardakı vəziyyətdən, eləcə də yeni alətlərin tətbiqinin maliyyə bazarının müxtəlif seqmentlərinə təsirlərindən asılı olaraq Mərkəzi Bankın faiz dəhlizinin eni daraldılacaqdır. Yeni alət arsenalının tətbiqi sterilizasiya əməliyyatlarının aktivləşməsilə müşayiət olunacaqdır ki, bu da pul bazarında faizlərin Mərkəzi Bankın uçot dərəcəsinə yaxınlaşmasına və beləliklə faiz dəhlizinin pul bazarının müxtəlif seqmentlərində faizlərə transmissiya effektinin yüksəlməsinə gətirib çıxaracaqdır. Eyni zamanda sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi inflyasiya təzyiqlərinin artması şəraitində kredit qoyuluşlarının balanslı artımının təmin edilməsi və ortamüddətli perspektivdə ölkədə makroiqtisadi sabitliyin qorunması, o cümlədən valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından vacibdir.
Yeni əməliyyat çərçivəsinin effektiv tətbiqinə şərait yaratmaq üçün banklararası pul bazarının aktivləşdirilməsi istiqamətində də işlər görülüb. Banklararası pul bazarının aktivləşməsi məqsədilə alternativ əməliyyat platforması təklif olunub. Belə ki, manatla banklararası təminatsız kredit əməliyyatlarının “Blumberq” ticarət sistemi vasitəsilə bağlanmasına dair yeni kollektiv saziş qüvvəyə minib.
(Yeni Müsavat)
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ